Zorlanmış şəhər
Ağaclar əyiləndə gözəl görünür, bəs insaanlar necə?
Bu günlərdə insanın fəvvarəni tapdalamağını öz gözümlə gördüm. Bulvarda
yeni tikilmiş Biznes mərkəzinin qarşısındakı fəvvarəyə durub heyranlıqla
baxırdıq. Hava qaralan kimi fəvvarə rəngbərəng işıqlara qərq olur. Balaca,
yerdən bulaq kimi qaynaşan fəvvarə həmişə ətrafına insanları yığa bilir.
Onun boyu o qədər balacadı ki, yayda sərinləşmək üçün ayaqlarını da
yuya, çırmanıb qara mərmərin üstündə yalın ayaqlarını şappıldada bilərsən.
Kimisi şəkil çəkir, kimisi sadəcə durub baxırdı. Bu an uzaqdan birisi
qəti addımlarla yaxınlaşıb, bir neçə nəfəri əliylə itələyib irəli keçdi.
O, ayaqqabısıyla fəvvarənin bir gözünü qapayıb qalibanə şəkildə bizə
baxdı. Suyun şırnağını bir neç anlıq saxlayandan sonra gəldiyi kimi
qəti addımlarla çıxıb getdi. Həmin an mən anladım ki, bu fəvvarə bizim
üçün yox, onun üçün tikilib ki, arabir özünü qalib kimi duymaq şansı
olsun.
Bu, bir nadan adamın axmaq hərəkəti deyildi. İndiyədək şəhərin fəvvarələri
insanda nəsə böyük, əlçatmaz olduqları üçün heyrət hissi doğururdu.
Fikir vermisizsə şəhərdə yeni tip fəvvarələr quraşdırılıb. Onların çəpəri,
dərin hovuzu, keçilməz barısı yoxdur. Bulvardakı balaca fəvvarədə kimi
Fəvvarələr meydanındakı mini fontanlarda nəinki əlləri, hətta ayaqlarını
da islatmaq olar. Nədən bu boyda azadlıq verilib şəhər sakinlərinə?
Bütün sahələrdə azadlıq boğularkən bunu balaca bir nəfəslk saymaq olardımı?
Şəhərimizin görkəmi göz qabağında dəyişir. Nəyisə sökürlər, nəyisə tikirlər,
boşluqları bitkilərlə doldururlar. Bitkilərsə milli mentalitetdən uzaq,
yəni «saçını burdurmuş», yaxşıca qayçılanmış, uyğunlaşdırılmış və səsi
alınmış olduğundn bunun vahid siyasət altında baş verdiyini düşünməmək
olmur. Şəhərimizdə hündür ağacların bilərəkdən qırılması şəxsiyyətlərin
aradan götürülməsi prosesi ilə üst-üstə düşdü. Kimininsə başından basdılar,
kimini didərgin saldılar, kimsə inciyib öz qınına qapandı. Elə həmin
anda bayırda baltalanan palıdları, hündür çinarları, qol budaqlı tut
ağaclarının zarıltısını elə bil ki, eşitmədik. Çünki başımız özümüzə
qatılmışdı. Hündür ağacın şəhərə nə ziyanı ola bilərdi ki? Uzaqbaşı
kölgəsində 2-3 adam oturub sərinlənər və söhbət edərdi. Yarpaq tökümü
də ki, ildə bir dəfə olur, yığışdırdın, qurtardı. Bu şəhərdə nəinki
bəni-adəm, hətta hündür ağaclar da vəzifəli şəxsin kabinetinə düşən
işığın qabağını kəsə bilməz! Yumşaq kreslodan duran kimi bayıra çıxan
məmur özünü hündür,əlçatmaz çinarın altında deyil, balaca karlik ağacların
əhatəsində duymaq istəyir ki , şəstlə yanından keçib maşınına minsin.
Bu şəhərdə insanlar da, bitkilər də zorlanıb. Hündür ağacların öhtəsindən
gələndən sonra yerində boyu uzağı metrə yarıma çatan çoxlu həmişəyaşıl
ağaclar əkildi. Həmişəyaşıl ağaclar hər şeyə dözümlü insanların simvolu
kimi şəhər sakinlərinə səbrli olmağı öyrətməlidi. Qarda, çovğunda, günəşin
baş deşdiyi vaxtda da öz təmkinini saxlayan ağaclar insanlara susmağın,
müqavimət göstərməməyin, iynəli olmaqdansa yumşaq, yolaverən olmağın
canlı nümunəsi olmalıdı.
Qubernator bağının təmirindən sonra oranın yeni görkəminə alışmaq çətindi.
Orda yaradılmış yaşıl kompozisiyaya söz ola bilməz, yaradanın əllərinə
sağlıq. Əlağa Vahidin çay içdiyi, muğam ustalarının yığışmağı sevdiyi
binanın (indi ora bom-boş və lazım olduğundan da təmizdir) qabığındakı
kompozisiyada bir ağac var, adını heç botaniklər də bilmir. Bir igidin
budu yoğunluğunda budaqları normal ağaclardakı kimi günəşə tərəf dartınmaq
əvəzinə torpağa enib. İlk baxışda anlamaq olmur ki, bu bitkini təbiət
zorlayıb, yoxsa insan. Bu yoğunluqda budağı yerəcən əyməyə yəqin bir
neçə il lazım gəlib. Onu səbrlə, yavaş-yavaş əyərək az qala kökünü öpməyə
məcbur ediblər. Yəqin ki, illər uzunu zorlandığından bitki məhv olmayıb
və yeni görkəminə alışıb. İndi bu zorlanmış ağac zorlanmış insanların
həyatını bəzəməlidi.
Bu şəhərdə çoxillik bitkilərin də kökünü kəsiblər. Hər il bağçalarda
gözümüzü oxşayan çiçəklər solan kimi onu dibindən çıxarır və yerinə
təzəsini əkirlər. Ona toxum verməyə, cücərməyə imkan yaratmırlar. Həmin
o, fantastik gözəllikdə olan çiçəklər televizorda mədhiyyələr deyən
gənclər kimidir, əyilib qoxlasan görərsən ki, iyi yoxdu. Deyirlər bu
əcnəbi çiçəklərin heç toxumu da olmur ki, oğurlayıb bağçanda əkəsən.
Az qalıb, bir azdan Bakı şəhəri sakinləri qarışıq son dərəcə həlim,
gözəl və itaətkar olacaq. Bir balaca evləri sökülənlər səs-küy salır,
onların da işinə baxacaqlar. Guya ki, həmişəki kimi Xəzri əssə göydələndər
onun qarşısını ala biləcək. Əsəcək və neçə minlik təmirinə baxmayaraq
qapı-pəncərəni sındırıb tökəcək. İstəsə lap karlik ağacları, kolları
kökündən çıxarıb atar. Əlbəttə ki, əgər istəsə. İstəməsə əcnəbi ağacların
budaqlarını və yarpaqlarını sığallayacaq. Yazıqdırlar, onsuz da zorlanıblar…