Sadizm
«Gecə kəpənəkləri» əxlaqdan danışanda…
Bu ilin yayında bəşəriyyətin maarifçi hissəsi Donastyen Alfons Fransua
de Sadın 270 illiyini qeyd etdi. Sadizm, yəni başqasının əzabından ləzzət
alma termini yazıçı de Sadın adı ilə bağlıdır. De Sad ömrünün çox hissəsini
dəlixanalarda keçirib. Əlbəttə, onun qaldığı Şronton xəstəxanası bizim
Məştağa psixi xəstəxana ilə müqayisədə 5 ulduzlu otel kimi görünə bilər.
Amma yenə də, kişinin istədiyi kimi yaşayıb kef eləməyinə məhdudiyyət
qoyublarmış. Onun yazdıqlarını oxuyanlar təsdiqləyər ki, yazıçı kimi
o qədər də maraqlı deyildi. Uzun-uzadı yazır, dili mexaniki, monoton
idi. Amma o, hər yazısıyla sübut etməyə çalışırdı ki, patoloji şəxsiyyət
də ədəbiyyat üçün maraqlı ola bilər. Çünki dəlilər nadir hallarda yaza
bilir, yazıçılıqsa özü də bir patologiyadır. İki psixi sapmanın bir
şəxsiyyətdə olması özü nadir hadisədir. Əsil yazıçı nə erotoman, nə
oyun azarkeşi, nə də alkoqolik ola bilər, çünki onun yazmaq ehtirası
artıq var.
Sadizm özü hələ sadizm kimi adlanmamışdan əvvəl də vardı. Antik ədəbiyyatda
o qədər erotik eybəcərliklər təsvir edilib ki, markizin fantaziyalarını
kölgədə qoya bilər. Elə Odisseyin kənizlərinin edamı səhnəsini götürək.
Ona görə də qəddarlıq səhnələrini yazan müəllifin hərəkətinin, yəni
ki, əxlaq pərdəsi altında, guya ki, ifşa edirmiş kimi təsvirlərə yer
ayırması əslində şəxsi ehtiraslarını söndürməsi kimi görünür. Adını
çəkdiyimiz de Sad dövrün reallıqlarını ifşa edən yazar kimi keşişlərin,
xalqı incidən tiranların ünvanına yazdığı satirik şeyrlərində guya ki,
onları ifşa edir. Əslində isə eybəcərlikləri, istər tiranların hərəkətlərindən,
istərsə də ölüm, qan və erotik səhnələri təsvir edəndə onun qələmi o
qədər «itiləşir» ki, müəllifi dövrün ən istedadlı yazıçılarıyla bir
sırya qoyulur.
Müəllifin təsvir etdiyi murdar səhnələrdən ləzzət alması halları ədəbiyyatda
çoxdur. Lev Tolstoy Kuprinin «Çala» əsərində bu anı tutmuşdu: «Mən bilirəm
ki, o, guya ifşa edir. Amma bunları yazarkən özü də ləzzət alırdı. Bədii
zövqü olan adamdan bunu gizləmək olmur». İfşa edərkən ləzzət almaya
nümunələr sovet dövrünün mətbuatı və ədəbiyyatında saysız-hesabsızdır.
Mətbuatda xaricə səfər etmiş sovet vətəndaşlarının striptiz klublarda
«məcburən» keçirdiyi «dəhşətli» anlar dəqiqliyi və ifrat gözəlliyi ilə
təsvir edilirdi. Striptizin nə olduğunu bilməyənlər bu yazını oxuyub
striptizə nifrət etməliymiş, guya. Yəqin ki, Müşfiqi, Hüseyn Cavidi
Yazıçılar Birliyinin iclasında pisləyənlər ictimai yox, şəxsi maraqlarını
ödəyirdilər. Bu bir növ əlləri bağlı insanın qarnına təpik ilişdirmək
kimi bir şeydi. Yaradıcı prosesdə olur ki, yazıçı ifşa etməli olduğu
personajlara özü də bilmədən vəkillik edir və haqq qazandırır. Amma
bilərəkdən ikiüzlülük etmiş adamlara bəraət düşmür. Özünün məmnuniyyətlə
məşğul olacaq, ya da artıq məşğul olduğu işi ifşa etmək sözün əsil mənasında
sadizmdir.
Son illər «Simpson» multfilminin reytinqi durmadan artır. Axmaq bir
atanın özündən də axmaq arvadı və uşaqlarının gic hərəkətləri həm böyüklərə,
həm də balacalara ləzzət verir. Çünki mültfilm qəhrəmanları onların
edə bilməyəcəyi hərəkətləri edir. Bu ən yüksək səviyyədə də belədir.
Fikir verin, hətta Milli Məclisin deputatları da o hərəkətləri pisləyirlər
ki, özləri həmən işi məmnuniyyətlə görərdi. Ya da ki, hamının görmək
istədiyi işə qadaba qoyulur. «Ağsaqqallar» və «ağbirçəklər» bu hərəkətin
millət üçün nə qədər ziyanlı olduğunu triğunadan bəyan edirlər.
Korrupsionerin korrupsiya ilə mübarizədən danışması əsil sadizmdir.
Axtarsan həmin adam rüşvətə o qədər aludə olub ki, özünü maaşla yaşayacaq
bir gün də təsəvvür edə bilmir. Amma ağız dolusu danışır və onu dinləyənlərin
qorxu qarışıq nifrətini, canavarın qan iyini çəkdiyi kimi ləzzətlə içinə
çəkir və yəqin ki, yazıçı de Sadın bu səhnələri qələmə alarkən duyduqlarını
bir daha yaşayır. Əxlaq və təmizlik barədə ictimai müzakirələrin repliklarını
bu yaxınlaracan eskort-xidmət göstərən mütəxəssislərin dilindən səslənməsi
də sadizmdir. O, qurbanlarının gözünün içinə baxaraq hətta şanlı keçmişindən
sitatlar gətirməyə də utanmır. Çünki bilir ki, cavbında həmişə sükut
olur. «Qurbanlar» etiraz etməz, onlar yalnız zarıya bilər. Yeməkdən
qarnı az qala partlayan loyalçının yarıac insanlara Vətənə məhəbbətdən
danışması da sadizmdir. Həmin o qanunpərəst nitqini bitirib nahara qədər
qəlyanaltı etməyə gedəndə stresini də atacaq və isti kofedən qurtum
vuraraq insanlara yol göstərməyindən razı qalacaq.Təmizlik barədə fikirlər
pəyə adlanmağa layiq evlərdən gələndə də bu sadizmdir, mənəviyyata çağırışlar
əxlaqsızlıq yuvalarından gələndə də. Bu sadizm növləri adı bəddam çıxmış
yazıçının təsvir etdiyi orgiyalardan da dəhşətlidir. Soruşa bilərsiz
niyə? Çünki de Sadın mürdar qəhrəmanları öz qurbanlarını sevir. Anlaşılmayan,
qəribə, normal adamın qəbul edə bilməyəcəyi olsa da yenə də sevgiylə
sevir. Aclara dərs deyən toxun, insanları döyüşə göndərən «vətənpərvərin»,
əxlaqdan dərs verən «gecə kəpənəklərinin» istədiyi və aldığı ləzzət
daha dəhşətlidir.