Zümzümə
Deyirəm, gəl
səninlə bir zümzümə eləyək. Bardaş quraq, ürəyimizdən keçən ən həzin
nəğmədən bir ağız oxuyaq. Xahiş edirəm, qulağının künc bucağınacan zibilləmiş
musiqiləri supurub tulla. Onlar zümzüməyə yaramır. Zümzümə ürəyin ən
incə tellərinin titrəməsi, ən səmimi etirafıdır. Belə şeyləri televizorda
eşidə bilməzsən, əzizim oxucu.
Ehey!.. Birbaşa muğama əl atma. Elə bilirsən muğamı beləcə qamarlamaq,
basmarlayıb, çeynəyib tüpürmək olar?! Muğam meditasiya musiqisidir.
Yaranışından bəri yüzillərdir ki, ayrı dünyaları gəzənlərçün, fərqli
həqiqətləri axtaranlarçün ucsuz-bucaqsız bir məkandır. Oralara soxulma,
itərsən. Axı sənin dəlisov həyatında, qaçaqaç, qovhaqov dünyanda muğama
yer tapılarmı? Onunçün gərək əvvəl həmən həyat tərzini sənə qaytarsınlar,
biçarəm. Keçmişin kişiləri muğamı dinləməkçün yeyib-içib, toqqasının
altını bərkidib, üzünə sığal çəkib, içini-çölünü təmizləyib məclisə
gələrdilər. Muğam dəstgahı da kı, maaşşallah, saat yarım, iki saat çəkərdi.
Muğam həyat tərzidi, dünyaya baxışdı, muğam yoldu. Bax, adında da var
yolun izləri, dayanacaqlar. Məsələn Segah (se – 3, gah - dayanacaq deməkdir)
hansısa yolda üçüncü dəfə ayaq saxlamağa işarədi. Dügah (dü -2), Çahargah
(çahar - 4) da eləcə. Öz yerimizi axtarırsansa, bil, üçüncü dayanacaqda
yerləşən muğam əsil Azərbaycan muğamıdı. Başqa millətlərdə Segah yoxdu.
Deyəsən dayanacaq deyən kimi marşrut dayanacaqları keçdi beynindən.
Görürsən dəlisov həyatımızdan indi dayanacaqları da yığışdırırlar. Kim
harda istəsə minir, harda istəsə düşür. Qolunu-zadını da çırmalama,
onsuz da Zamannan bacarmazsan.
Qadası, muğam sənin malın deyil, bunu nə vaxt anlayacaqsan. Bax, bütün
muğamlarımızı toplayan «Qarabağ xanəndələri» adı altında çox nəfis tərtibatda
verilmiş disk toplusunun bəlkə də ancaq adını eşitmisən. O boyda xərc
çəkib, zəhmət sərf eləyib bu toplunu cəmi 500 nüsxədə buraxıblar. Ölkəyə
bir qonaq gələndə, ya da xarici firmaların nüfuzlu nümayəndələrinə hədiyyə
eləyirlər. Elə bilirdin ki, muğamı səninçün diskə yazdıracaqmışlar,
gözəl dizaynda buraxacaqmışlar?! Ay –hay! Sən Xumarın, Rəqsanənin, Xatirənin
kasetlərini dinləməlisən, özü də verilən marşrutda gedə-gedə. Marşrutunu
özün seçməyindən də gözünü çək. Özünü intellektual sayanlarçün meyxana
çəkişmələri, söyüşmələri hazırlanıb. Bildimi, qulağında sırğa elə, gözünü
muğamdan çəkməlisən!!! Onunla birgə qarın dolusu yeməkdən də, təmiz
geyinib adam arasına çaxmaqdan da, və xüsusilə də əlini qulağının dibinə
qoyub oturmaqdan gözünü çək. Sən yem dalıyca qaçmalı, hər ay dağılan
ayaqqabılarını təzələməkçün eşşək kimi işləməlisən. Axşam da evə gəlib
ağrıyan başına «ulduz çəkişməsi» təpitməsi qoymalısan.
Bayaq xumar dedim yadıma bir şey düşdü. Deyirlər, uzunqulaqlar - el
arsında eşşək sözü daha çox işlənir – çox müdrik heyvanlardı. Dağ şəraitinlə
ən qısa, ən rahat yolu tapmaqda başqa bir canlı ona tay ola bilməz.
Eşşək trayektoriyasıyla (üzr diləyirəm, bir az pis səslənir) çay özünə
yol salsa səhv eləməz. Amma bütün müsbət keyfiyyətlərin ortaya çıxmasıyçün
bircə şərt var: onu beli qırılanacan yükləmək lazımdı. Beli ağırlıqdan
qırılmasa istedadı da yoxa çıxır, dağ yolları da onunçün texniki krasvord
kimi mürrəkkəb bir problemə çevrilir. Hələ deyirlər ki, eşşəyin bu keyfiyyətini
iqtisadi məsələlərlə bağlı elmi müşavirələrdə tez-tez xatırlayırlar.
Ağzım söhbətə qızışıb, oxumaq yadımdan çıxıb. Amma muğam zümzüməyə elə
yaxşı yarayır ki... Bəlkə xalq havalarına baş vuraq, bunu ki, əlimizdən
ala bilməzlər. Gəl oxuyaq, hansını seçirsən? «Ay, Laçın»ı?... «Şuşanın
dağları»nı?... Sənin deyəsən yükün az düşüb! Gəl aktual mövzuda oxuyaq:
«Küçələrə su səpmişəm». Amma bu yerdə Sevda Ələkbərzadə kimi səsinin
yoğun yerinə salma…. Görürəm ruhdan düşdün. Deyəsən oxumaq həvəsin də
qaçdı. İnstitutda fəlsəfə müəllimimiz deyərdi ki, «niyə» sualını verən
kimi bu artıq fəlsəfədir. Biz ki, «niyə»sini soruşmuruq! Görürsən də,
bir balaca fəlsəfəyə baş qoşan kimi oxumaq əldən gedir. Amma biz mütləq
oxuycağıq, həmişəki kimi…