Nü...
Qalx ayağa, ey İnsan!
Bəsdir diz üstə durdun!
Yenə də gözünü qapının deyişindən çəkə bilmirsən?!..
Yazının başlığında erotik məqam axtaranların ümidlərini bəribaşdan qırmalı
olacam. Cavabında «İnternetdə bütün çılpaq şəkillər «Nü» rubrikası altında
verilir. Bunu yeniyetmələr də bilir ki...» eşitməkdən də qorxmuram.
Çünki bu nü həmin nüdən deyil.
Əslində nü insanların çılpaqlığı abra salıb bir növ geyindirmək cəhdidir.
Yenə də belə məsələlərdə həmişəki kimi fransızların başı daha yaxşı
işləyir. Görün necə gözəl səslənir: «Nü...». Xahiş eləyirəm, bu sözü
«Nu poqodi» multfilmindəki «Nu, nu, nu» ilə səhv salmayasız. Nü sözündə
təcavüz yoxdu.
Çılpaqlığa belə nəfis ad verəndə elə bil geyinmiş olur. Məsələn, çılpaq
qadınların rəsmindən, yaxud fotolarından ibarət sərgiyçün necə deyəsən
ki, filankəs lüt arvadların şəklini çəkdiyi bəs deyil, hələ bir göstərir
də. Bir də var ki, deyirsən: «Filan rəssam nü üslubunda işlərini sərgiləyəcək».
Bax bu, başqa məsələ. Gözəl, hətta abırlı səslənir. Bunu lap qəzetdə
də yazmaq olar, heç kimin də səni erotik zir-zibili qəzet səhifələrinə
çıxarmaqda suçlamaz.
Əslində çılpaqlıq həmişə erotik olmur ki. Məsələn körpələrin çılpaq
şəkillərinə heç nü də demək olmur. Onlan nüdən də qəşəngdi. Axtarsan
dünyanın ən abırlı insanlarının albomunda heç olmasa bir dənə çılpaq
şəkli var. Həmin şəkillərə baxanların dodaqları o saat qulağının dibinə
qaçır, şirin, dadlı xatirələr adamı başına alıb aparır. Bəzi çox kompleksli
insanlar belə şəkilləri gizlətməyə də çalışır. Xüsusilə də ictimai statusu
qalxdıqca nü fotoları karyerasına əngəl törədə bilər. Çox hayıf ki,
bizdə paparatsi əl-qol atmayıb. Bunu mən qəzetçi kimi yox, oxucu kimi
deyirəm. Məsələn, özünü boğub oturan deputatların nü fotolarına baxıb
«Uti, uti» deyib toppuş buxağını qaşıyaraq o qədər xoş hisslər keçirərlim
ki. Çünki bilirəm ki, sonradan bu buxaq özünü dartmaqdan, popuşu isə
kresloda oturmaqdan nə günə düşəcək...
Bax bu abzasda qadın çılpaqlığından yazsam, yenə də məni kişipərəslikdə
ittiham edəcəklər: «Heç qadın da çılpaqlıqdan yazar? Qadın həmrəyliyi
necə olsun?» və s. Cavabında nü üslübunu porno saytlarda axtaran oxucularıma
Modilyaninin nü üslubanda olan rəsmlərini yada salacam. Görməyənlərlə
təssüratımı bölüşə də bilərəm. Elə bilərsiz Modilyanini lövhələrini
canlı görmüşəm. Məndə o bəxt hardaydı. Reproduksiyalarına baxmışam.
Təsəvvür edin: İri zal, divarlarda bir-iki metrlik kətan lövhələr. Hamısında
fon qıpqırmızıdır. (Qırmızı flnarlar yanan kvartalların mənfi reputasiyasını
nəzərə alıb bu rəngi mütləq reabilitasiya eləməyə ehtiyac var.) Bütün
lövhələrdə qırmızı fonda çılpaq qadın rəsmləri. Bütün lövhələr gözəllikdən
çığırır, bağırır, müəllifin naturaya olan sevgisindən danışır, amma
bir qram da porno təssüratı yoxdu. Bunu hamı sevir və heç olmasa ömründə
bir dəfə yaşamaq istəyir. Bax buna NÜ deyərlər... Nü öz tamaşaçısını
qadın və kişiyə ayırmır.
Başqa bir çılpaqlıq növü var ki, onu nə qadınlar, nə də kişilər sevir.
Həqiqət çılpaq olanda adamın gözünü deşir. Həqiqəti mütləq geyindirmək
lazımdı. Rəngləmək, bəzəmək, abıra salmaq, ticarətçilərin sözüylə desək
«tovarnıy vid», yəni gözəgəlimli görkəm vermək lazımdı. Xüsusi qablaşdırılması
olmasa çılpaq həqiqət piştaxtalarda tökülüb qalar, alan olmaz. Çünki
həqiqət özü çılpaq olanda həyatımızın dekorasiyasını söküb dağıdır,
əziyyətlə quraşdırdığımız səadət ilğımını bir saniyəyə heçə döndərir.
Həqiqəti tapdalayanlar onu onsuz da nə çılpaq, nə də bəzənmiş formada
eşitmək istəməz. Ruhən şikəstlər, zəiflər həqiqətin çılpaqlığına dözə
bilməz, məhv olar. Bax bu, artıq NÜ deyil. Bu çılpaq doğulmuş həqiqətdir.
Öz eybini əncir yarpağıyla örtməyi öyrənmiş insanlar həqiqəti hələ ki,
qəbul eləyə bilməyiblər. Həqiqəti çılpaq görmək istəməyənlər hələ də
onu geyindirə biləcək kütürye tapmayıblar.
Yəqin mənimlə razılaşarsız, nü nədisə gözəl bir şeydi. Nə vaxt soyunacağını,
nə vaxt bürünüb geyənəcəyini də hər kəs özü bilir. Amma çox geyinənin
yüngülləşmək istəyi birdən beynindən keçsə soyunması uzun çəkər, məncə.
Siz qəbul eləməsəz də olar, bu mənim şüarımdı: «Həmişə NÜ-yə hazır ol!».
Bu pionersayağı şüarın cavabını bilirsiz də?!.