Tənha doğulmuşlar


Bu gün səhər gözümü açan kimi bu günlərdə rus mətbuatında oxuduğum ekstrasens Volf Messinqin dediyi bir cümlə televiziya kanallarında sms titrları kimi «pırr-rr» eləyib beynimdən sivişib keçdi: «Tənha olmurlar, tənha doğulurlar». Gör bir, səhər-səhər necə axmaq fikirlər keçərmiş adamın beynindən. Yəqin çoxdandı televiziyaya baxmıram, ondandı. Televizorun pultu tənhalıqla mübarizədə tam qələbə çalandan sonra mən onun sehrli qüvvəsinə çox inanıram.
Pultun kəşfindən sonra insanın həyatı çox sadələşib. Səhər yerindən qalxmamış, yataqda bir balaca gərnəşib dartınandan sonra ayağa durmadan dünyadan xəbər tuta bilərsən. Bircə düyməni ehmallıca bas, ya Allah, yola düşdük. Adəti üzrə Rusiya kanallarına birinciliyi verirəm. O saat da anlayıram ki, çox nahaq. Ekranda totuq, ağ xalatlı xalaşka mənə deyir ki, bu dəqiqə mənimlə birlikdə yataqda təxminən 2 milyon məxluq da elə təxminən mənim kimi gərnəşib-dartışıb uzanıb. Mənim əzizləyib hər gecə qucaqlayıb yatdığım balışda gözəgörünməz gənələr yaşayır. Onlar elə mənim kimi komfort sevir və ona görə də tüklü, yumaq parçalardan bərk-bərk yapışırlar. Bundan sonra tüklü pledimə xain kimi tərs-tərs baxıram. Yəqin ki, 2-3 milyon da orda məskunlaşıb və mənə ordan sayı bilinməz qədər xırda gözləri ilə baxırlar. Xala da tərs kimi dil-boğaza qoymur: «Bu gənələr bizim ölmüş toxumalarımızla qidalanır və onlardan can qurtarmaq demək olar ki, mümkün deyil. Toz gənələri allergiya törədir və boğulmalara gətirib çıxara bilər». Bu parazitlər bütün bu vaxtı mənim yatağımda olub, mənsə xəbər tutmamışam. Hələ mənimlə də qidalanırlar? Eh, onsuz da istədiyim an onları xışmalayıb paltaryuyan maşında kütləvi qırğına verə bilərəm. Bir növ genasid törədərəm, əgər istəsəm.
Deməli yataqda da biz tənha deyilik! Ürəyim bir az olsa da toxdadı. Amma bunu mən bilməsəydim daha yaxşı olardı, deyilmi. Əgər problemdən xilas yolunu deməyəcəklərsə bunu bilməyimdən nə olacaq? Mənim nəyimə lazımdı ki, büdcədə kəsir olduğundan xəbər tutum. Ya da ki, mənim gənələrimin (bir az doğmalaşmışıq deyən, belə deməyi özümə icazə verirəm) nəyinə lazımdı ki, metro bir gecədə bahalaşdı və tələbələr buna etiraz eləyib küçələrə tökülüşdü. Öz aramızdı, işığın bahalaşacağı xəbərini gənələrim bilməsə yaxşıdı, sevinərlər. Onda maşını nisbətən gec-gec işə salacam axı, lap kef edəcəklər. Elə bilirsiz ki, mən də televiziyaların ayağının altını qazıram? Yox, bir-iki ideyam var, onları yerləşdirmək istərdim. Deyirlər ki, şou verilişlərini azaldacaqlar. Efiri doldurmağa material lazım ola bilər.
Məsələn, xəbərləri aparmaq mənə qismət olsa siz ekrandan təxminən belə bir xəbər buketi eşidərsiz:
- Quba məzarlığında genosid qurbanlarının sümükləri ilə birgə yazılı kitabələr də aşkar edilmişdir. Yazının şifrini açıb «Pivə yoxdur» cümləsini oxuyandan sonra qazıntılar dayandırılmışdır.
- Bürokratiya ilə mübarizə rubrikasından: Məmur A. bürokratiyaya o qədər yoluxub ki, qadına evli olmadığı barədə arayış verməmək üçün onunla tələsik evlənib.
- İncəsənət xəbərləri: Bakıda keçirilən beynəlxalq kino festivalında nümayiş edilən milli filmləri seyr edəndən sonra məşhur rejisyor Alfred Hiçkok «Dəhşətdir ki» deyərək heyrətini gizləyə bilməyib.
- İncəsənət muzeyinin işçiləri yeni divar yazıları kəşf ediblər. Bu, sonuncu təmirdən sonra aşkarlanmış artıq altıncı tapıntıdır.
- İqtisadi xəbərlər: Bulvarda tilovla oturub taledən bir balıq gözləyən balıqçılardan birinin toruna qızıl balıq düşmüşdü. Balıq təkid eləsə də balıqçı onu buraxaraq heç bir arzu diləməmişdi. Bu məsələ ilə vergi nazirliyi artıq maraqlanıb.
- Avtoşlar arasında şübhəsiz lider sayılan perspektivli cavan şəhər üzrə yeni rekord qoyub. Qarşısına çıxan ilk yol polisi vəsiqəsində ikinci dəliyi açmaqla onu ilk təbrik edənlərdən biri olub.
- Mühəndis N. öz tikintisi ilə həndəsədə yeni kəşf etmişdir. Onun tikdiyi 16 mərtəbəli bina düz xəttlərin kəsişməməsi qanununa zidd olaraq artıq 9-cu mərtəbədə kəsişmişdir. Yuxarı mərtəbələrin sahibləri artıq kommuna şəklində yaşamağın şərtlərini gözdən keçirirlər.
- Kriminal bölməsində isə sizə dağlıq rayonlarından birində baş vermiş bir hadisəni şərh etmək istərdik. Orda adət üzrə oğurlanmış gəlin adaxlısına 5 ildən sonra 3 uşaqla birgə geri qaytarılmışdır.
- İdman xəbərləri: Adının gizli qalmasını arzulayan futbolçu yarışdan uzaqlaşdırılıb. O, oyun zamanı rəqiblərinin qapı qarşısında qurduğu «divar»da pis söz yazıb.
… Bax, belə bir xəbər buketindən sonra özünü tənha sayan, ya da gənələrilə birlikdə dinc yanaşı yaşayan bir kəs istər ki, eşitdiklərini müzakirə eləməkçün yanında danışmağı da bacaran bir canlı olsun. Bir də ki, nə fərqi var, qanını kim içir. Əsas məsələ, pultu əlindən vermə!

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?