Bir
çimdik qırmızı
Bədii sənətdə bicliklə baş çıxaranlar da az deyil
Hər sənətin öz biclikləri var. Xüsusilə də rəssamların. Çünki bizdən
fərqli olaraq onların zəhmətinin dəyəri var. Bu gün yazdığın yazı informasiya,
sabah arxiv, birisigün tarixə çevrilən vaxt rəssamın bu gün kətan üzərinə
təsadüfən sıçratdığı rəngin dəyəri zaman kedikcə yalnız artır və demək
olar ki, heç vaxt dəyərdən düşmür.
Keçmiş zamanlarda rəssamlıqda naturalizmə böyük dəyər verirdilər. Belə
bir əfsanə də var ki, guya Makedoniyalı İskəndərin saray rəssamı Apelles
başqa bir rəssamla yarışırmış. Yarışma zamanı Apellesin rəqibi çəkdiyi
tablonun üzərindən parçanı açan kimi guya ətrafa quşlar uçuşmağa başlayır.
Yəni rəsm o qədər real çəkilibmiş ki, sonra bu uçan quşlar kətan üzərindəki
üzüm salxımına otururlar ki, onu dənləsinlər. Bu səhnələri heyranlıqla
izləyən tamaşaçılar sonra Apellesin işinə baxmaq üçün tablonun üzərindəki
kətan parçanı götürmək istəyirlər, amma alınmır. Çünki rəsmi örtən kətan
parça o qədər real təsvir edilmişdi ki, onun rənglərlə yaradıldığı kimsənin
ağlına da gəlməzdi.
Rubensin «Olimp dağında alahların ziyafəti» rəsminin dəqiq tarixi uzun
müddət bilinmirdi. Onun yazılma tarixini astronomlar dəqiqləşdirdi.
Rəsmə baxan astronomlar gördülər ki, personajlar planetlərin quruluşuna
uyğun yerləşdirilib. Bu isə 1602-ci ildə planetlərin vəziyyətinə uyğun
gəlirdi.
Təsəvvür edək ki, rəsssamıq və rəsmin sərgiyə güşüb-düşməyəcəyi komissiyanın
rəyindən asılıdır. Bəs necə edəsən ki, əsəri rahatlıqla qəbul etsinlər?
Rəssamlardan biri belə çıxış yolu tapmışdı ki, tablonun bir küncündə
yersiz sarı it çəkir. Komissiya bu çatışmazlığı həmən dəqiqə görür və
gözə girən səhvi düzəltməyi təklif edir. Rəssam komissiyanın qərarını
haqlı sayıb düzəldəndən sonra komissiya vəzifəsini yetirmiş kimi özündən
razılıqla tablonu qəbul edir.
Hollandialı rəssam Meyeqeren faşist icğalı zamanı «köhnə məktəb» rəsssamlarının
işlərini onlara satdığına görə mühakimə edilərək ölüm cəzasına layiq
bilinmişdi. Amma az sonra qərar dəyişdirilərək bir illə əvəz olundu.
Türmədə ölüm cəzasının icrasını gözləyərkən o, «İsus məbəddə» adlı tablonu
çəkir və hamıya sübut edir ki, əslində qiymətli milli sərvətlərini deyil,
öz əsərlərini qədim tablolar adıyla faşistlərə satırmış.
Polyonov adlı rəssam İncil süjetləri əsasında bir rəsm çəkərək onun
adını «İsus və günahar qadın» qoymuşdu. Amma İsa peyğəmbər burada o
dövrün kanonlarına görə başında işıqlı nimfa ilə deyil, adi adamlar
kimi təsvir edilmişdi. Bu rəsmi qadağan edirlər. Yalnız adı dəyişdirilib
«Yolunu azmış arvad» qoyandan sonra bu tablonu adam arasına çıxarmaq
mümkün oldu.
Adamları kətan lövhənin qədimliyində inandırmağın da maraqlı yolu var.
Bir rəsm çəkin və istədiyiniz dövrə uyğun stilizə edin, əlbəttə, əgər
bacarırsızsa. Sonra onu qiymətə mindirməkçün üstündən daha bir qat da
rəsm çəkin və bərpaçının yanına gətirin ki, təmizləyib abra salsın.
Təmizlik işini apararkən bərpaçı «təsadüfən» altdan daha bir qatın olduğunu
aşkarlayacaq və əlinizdə məsələn, Monenin bəşəriyyətə məlum olmayan
bir o qədər də qiymətli olan tablosu gözləriniz qarşısında doğulacaq.
Sonra bu əsəri Monenin heç yatıb yuxuda görə bilməyəcəyi qiymətə satmaq
olar.
Saxta əsəri satmaq üçün mütləq mütəxəssis rəyi lazımdı. Tarixdə o qədər
olub ki, bir tablonun əsil olduğunu təsdiq etdirmək üçün onun üzərinə
başqa birisini bərkidib ekspertin yanına aparıblar. Bir çərçivədə olan
iki tablodan üstdəkinə baxan ekspert onu qiymətləndirib möhürü arxadakı,
görünməyən kətana vuracaq. Təsdiqlənmə alınandan sonra üstdəki kətanı
çərçivədən çıxarmaq çətin deyil. Buna bənzər üsulla müəllifdən avtoqraf
qoparıb rəsmi qiymətə mindirmək olar. Bir xanım «İ. Repin» imzalı rəsmi
10 rubl qiymətində almışdı. Az sonra onu Repinə göstərərək avtoqraf
istəmişdi. Rəssam gülümsəyib kətanın küncündə «Bu Repin deyil» yazmışdı.
Həmin tablonu qadın bu imzaya görə 10 dəfə bahasına sata bilir.
Məlumdu ki, rəssamları bəzən nəinki müasirləri, hətta kolleqaları da
qəbul etmirdi. Rəssamlıq məktəblərində Vasnetsovun yaradıcılğı barədə
ağız dolusu danışılır. Amma heç kim demir ki, müasirləri onun əsərlərinə
baxanda öz-gözünü turşudur və çox yaramaz işlər sayırdılar. «İqor Svyatoslavoviçin
qıpçaqlarla döyüşündən sonra» əsərini onlar «leş yığını», «Uçan xalça»
əsərini isə «qulaqlı xalça» adlandırırdılar.
Rəssamlar da bəzən bir-birinə tərəfkeşlik eləyib «dostcasına» köməklik
edirmişlər. İndi kim bilir ki, Ayvazovskinin «Puşkin dəniz kənarında»
rəsmində Puşkinin fiqurunu Repin çəkmişdi. Ya da ki, Levitanın «Sokolniki.
Payız günü» əsərində qara paltarlı qadını Nikolay Çexov çəkib. Şişkinin
«Şam meşəsində səhər» tablosundakı məşhur ayıları isə Savitski çəkmişdi.
Neynəməli, bu ayılar Şişkində heç alınmırdı. Axı hardan biləydi ki,
bu tablo şokolad konfetlərinin üstünü bəzəyib onu məşhur edəcək?
P.S. Ona görə də hələ bilmək olmaz, bəlkə az sonra kimsə mənasız saydığım
köşələrimin bir qırığını tapıb «O nələr bilirmiş» də deyəcək.