Və bu sayt bizim
canımızın bir parçası
Və bu sayt bizim
ruhlara səpmək istədiyimiz bir ovuc su
Və bu sayt dincəlişin
Baham adaları ...
Dəyərli,
şərəfli, ləyaqətli və bunları qorumaq üçün müvafiq təminatlı
oxucularımız!
Biz ki varıq, yazmağa çox meyl eləyən xalqıq. Hara gəldi
yazırıq: dağa, daşa, divara. Qobustan qayalarının üstündəki
yazılara beş-on min il tarix verirlər. Bixəbərlər bilmir
ki, o yazılar sonunculardı. Onların altında əvvəl neçə
“sloy” yazı olub. Qazıyıb, bir də yazıblar, qazıyıb, bir
də yazıblar... Qayalar ona görə bu günə düşüb, elənçik
bapbalacadılar. Onların bir vaxtı vardı.... (hələ şükür
eləsinlər ki, salamatdılar). Əlqərəz, biz yazar xalqıq
və əlimizə girəvə düşən kimi nəsə yazırıq: dərd, ələm,
sevgi, söyüş... Şair gözəl deyib:
Dərdimi yazmaqdan aləmdə kağız qalmadı,
Axırı bir guşeyi-divara yazdım dərdimi...
Oxumamaq o qədər də böyük qəbahət deyil.
Lətıfə: Bir çukça yazıçılıq edirmiş.
Soruşurlar ki, Şekspiri oxumusan? Deyir: “Çukça oxucu
deyil, yazıçıdı...
Amma gəlin arada bir oxuyan da olaq. Oxumaq demiş,
Rablenin “Qarqantua və Pantaqruel” əsəri yadınızdadı?
Görün Rable nə yazır:
«Platon öz müəllimi Sokratı silenə bənzədirdi. Bilirsiniz
silen nədir? Balaca əşyalardı. Onların üstündə qəribə
rəsmlər olardı: Məsələn, buynuzlu quş, Asiya yarasası,
yüyənlənmiş ördək, buynuzlu dovşan, qanadlı keçi, arabaya
qoşulmuş maral və başqa gülüş doğuran cızmaqaralar. Bu
şəkillər adamlarda gülüş doğurardı - xeyirxah Baxusun
müəllimi Silen də belə olub. Bu söz oradandır… Onların
içində isə nadir dava-dərman: Məkkə balzamı, ənbər, amom,
müşk, tsibet, qiymətli daşların tozu və sair və ilaxır
olardı...». Yazıçı oxucuları bu yumoristik fonun arxasında
əsl həqiqəti tapıb çıxarmağa dəvət edir, təbii ki, yenə
özünəməxsus yumorla: «Siz kəllə sümüyü tapmış it görmüsünüzümü?
(Platon «Dövlət» adlı kitabında yazır ki, it dünyada ən
filosof heyvandır)» Əgər görmüsünüzsə, sezmiş olarsınız,
it necə ehtiramla onu qoruyur, necə möhkəm tutur, necə
ehtiyatla ağzına alır, necə ləzzətlə gəmirir, necə çalışqanlıqla
sorur. O, nədən bu cür çalışır? Əlbəttə, oradakı bir damcı
beyni nuş eləmək üçün. Onun bu səyləri boşuna deyil. Qalen
özünün «Bədən üzvlərinin təyinatı haqqında» adlı əsərində
yazır ki, beyin təbiətin bizə verdiyi ən kamil qidadır.
Əziz oxucu, istərdim ki, siz də yuxarıda haqqında danışılan
it kimi müdrik olasınız. Bu dadlı kitabın sümüyünü sındırın,
gəmirib oradakı beyin substansiyasını sorun, … bu kitabda
yalnız seçilmişlər üçün olan, dinimizə, siyasətə və evdarlığa
aid çox qiymətli sirlərdən agah olarsınız, xüsusi ruh
müşahidə edərsiniz».
Nə isə, Rable hər şeyi deyib. Bu sayt da, təvazödən uzaq
da olsa, belənçik. Haydı, iş başına. Oxuyun, azca da olsa,
dodağınız qaçsa, bu layihənin ideya müəllifi, yığıcısı,
tərcüməçisi, dizayneri, redaktoru və korrektoru olan kəsləri
də unutmayın: Gülnarə,
Fizzə və O` (O`Kamil)
"Protivopokazaniye”:
Qəlbi qaraların bu saytı oxuması qəti qadağandı.
Bu sayta şəkk eləmək olmaz. Şəkk eləyənlərin ağzı əyilir.
Yüngülvari şəkkin doğura biləcəyi ağır fəsadların bir
qismi: Saçların vaxtından əvvəl töklüməsi nəticəsində
keçəllik, göz xəstəlıikləri: konyuktivit və qlaukoma (sayta
kəc baxanlar mütləq bu xəstəliyə tutulur), brüsselyoz,
ostreoxondroz, nevroz, ateroskleroz, aterosuz skleroz...