|
|
Etimologiya
lüğəti
(Tərtib edəni
O`Kamil)
Ofis – yəni offf! Yenə iş başladı.
Qırışmal
– yəni yaxşı qablaşdırılmamış, kisələrdə qırış-qırış olmuş
mal (pal-paltar)
Varvar
– karvanbasanlarımız əcnəbi karvanlarna hücum edəndə əvvəlcə
yüklərini yoxlayardılar ki, görək yaxşı bir şey varmı?
Olanda dostlarını çağırardılar: «Var, var, gəlin».
Svetofor
– yəni siftə ver. Qədimdə araba kəşf olunandan sonra şəhərlərdə
dörd yol ayrıcında adam qoyurdular ki, arabalar bir-biri
ilə toqquşmasın. Yolu keçəndə yabançı arabaçının yol tənzimləyəndən
(keçmiş DYP) qulağının ilk eşitdiyi söz bu olurdu: «Siftə
ver!»
Axmaq
- Babalarımız təkallahlı olduqlarından falçı, görücü,
maq, kahin-filandan zəndi-zəhlələri gedib. Ona görə boş-boş
danışana deyərdilər: ax, maq! Yəni maq (falçı) kimi sarsaq
sözlər danışırsan.
Axsaq
- Yəni ax, ay sağlıq, sənin qədrini niyə bilmirik?
Aypara
- Bu sözün yaranmasının tarixçəsi belədi. Qədim merlərimizdən
biri bir gün axşam çağı balkonda uzanıb xəyalata cumubmuş
ki, aya, görəsən, daha şəhərin harasını satsam, nə qədər
pul qazana bilərəm? Bu vaxt Ay buludların arxasından çıxıb
işvəli-işvəli gülümsəməyə başlayıb. Və merimiz hövlnak:
«Ay para!» deyə qışqırıb. Yəni tapdım, əgər imkan olsa,
Aydakı torpaqları lap cəhənnəmə Sulutəpə qiymətinə satsam,
ay para var ha!
Axşam-
Yəni qaranlıq qarışdı, ax, yenə yaddan çıxdı, şam almadıq!
General
– yəni genə yer al. Keçmişdə (onda hələ ATƏT anasının
qoynuna düşməmişdi, təbii ki, o üzdən onun Minsk Qrupu
da yox idi) sərkərdələrimiz gedirdi, çoxlu torpaq alırdı,
qayıdırdı vətənə, qılıncındakı düşmən qanı qurumamış padşah
bir də dalından dəyib göndərirdi: “Əəə, yata-yata yanın
ağrımadımı? Get, “GENƏ YER AL”.
Personaj-
bədii əsərdə əsas olanlar xarakter və tipdir, ikinci dərəcəlilərə
personaj deyilir. Necə ki, cəmiyyətdə beş-üç nəfər mağıl
dolanır, qalan personalar isə ac-yalavac. Personaj – yəni
ac presonalar, əksəriyyət.
Ləbbadə
– yəni badə – rumka kimi dodaq
İt-al-yan
– bu, bir alver növüdür ki, buna baş vuran yanır, yəni
zərərə düşür. Bir sözlə, faydasız alver (it alsan, yana-yana
qalacaqsan).
Bulvar
– yəni pulun varsa, çıx gəz, yoxsa, qaxıl evdə
otur, yüngülsaqqal olma. İkinci bir yozum odu ki, ora
dilənmək üçün yaxşı yerdi, oraya çıxan adamlarda kalan
pul var.
Aliment
– ali təhsilli polis işçisi, keçmişdə onlar daha
çox bu növ ödəmələrə məruz qalırmış
Avara
– yəni ov ara, axtar.
Avatara
– bu söz daha çox hind dinlərində işlənilir. Əvvəlki sözlə
qohumdur. Yəni əgər hökumət xalqı yaşatmaırsa, çıx ov
və ot ara. Ov olar, ət yeyərsən, olmaz ot yeyərsən. Ölməkdən
nə çıxar?
UcaR
– Keçmişdə adamlara heykəl qoymağa ruhanilər icazə vermədiyinə
görə, padşahlara heykəl əvəzinə onların adının baş hərfinin
abidəsini qoyurdular. Təbii ki, hər rayonda. Əskidə adı
R hərfi ilə başlayan bir müdrik padşahımız var imiş. Herodot
yazır ki, R hərfinə ən uca abidə qoyulan rayon sonralar
UcaR adlanıb.
Şamxor
–Bu rayonun əhalisi bir vaxtlar şam ağaclarına xor baxırmış.
Parlament
– Daxili İşlər Nazirliyində perspektivi olmayan paslanan
adamların parlamaq yeri.
Ödəmək
– bu bir əmək növüdür ki, bunu edəndə adamın ödü ağzına
gəlir.
Saziş
– yəni əla iş, uğurlu müqavilə. «Kitabi-Dədə
Qorqud»da bu anlamda «kəsim» sözü işlənir. Təpəgöz Oğuz
elinə sitəm eləyirmiş. Gündə nə qədər adam yeyirmiş. Dədə
Qorqud onun yanına gedib təklif edir ki, gəl səninlə kəsim
kəsək (saziş bağlayaq). Bu cür yeməyində davam eləsən,
Oğuz elində adam qalmaz, sən də acından ölərsən. Sonra
razılaşırlar ki, gündə iki adam, neçə yüzsə qoyun verəcəklər.
Əvəzində Təpəgöz heç kəsə hücum eləməyəcək.
SOSializm
– «SOS» yəni təhlükə, təhlükəli formasiya.
Paytaxt
– yəni taxt-tac sahibləriniə pay (rüşvət) verilən şəhər.
Korrektor
– rüşvətin baş alıb getdiyi universitetlərin rektorları,
kor olmasa, qarşısını alar.
Qanqster
– yəni Qanq istəyir. Qədimdə bir sıra xalqlarda insan
qurbanlığı geniş yayılmışdı. O cümlədən Hindistanda. Bir
fəlakət üz verəndə deyərdilər ki, müqəddəs Qanq çayı qurbanlıq
istəyir. Təbii ki, əvvəllər ölkənin mühüm adamlarının
övladları qurban verilirdi. Sonralar cəsur ruhanilər dedilər
ki, sevimli övladları sevimsiz başqaları ilə əvəz etmək
də olar. Daha sonra itizəkalı adamlar peyda oldu. Onlar
padşaha hesab verməyən varlıların uşağını oğurlayıb deyirdilər
ki, Qanq iki ayağını bir başmağa dirəyib sənin balanı
istəyir. Verməsən, fəlakət olacaq və camaat səbəbini səndə
görəcək. Məsələn, quraqlıq olsa, camaat evini daşqalaq
edəcək və s. Varlılara təklif olurdu: «Pul ver, övladını
qaytaraq, Qanqı (padşahı) razı salaq». Bu söz beləcə yaranıb.
Mənə elə gəlir ki, «qanqster» sözünü milliləşdirib əvəzində
Kürster, Arazster, Vələvələçayster və s. də demək olar.
Aqamemnon
– Hər bir padşah öz təbəələrini dözümlü hala gətirmək
üçün çox əziyyətlər çəkib. Bambılı xalqlar qədimdən bəri
çoxlu üsyanlar edib, padşahları rahat yaşamağa qoymayıb.
Amma elə padşahlar olurdu ki, o, zülm edəndə xalq lazımi
qədər dözüm göstərə bilirdi. Belə taleyi olan padşahlara
qədim Yunanıstanda Ağaməmnun deyirdilər.
İnhisar
- yəni bura hasarlanıb, kənar şəxslər girə bilməz. Əgər
tropik gözəli bananın bir kiloqramının qiyməti qonşu Gürcüstanda
və Rusiyada bir dollar civarında, Azərbaycanda isə iki
dollar yarıma yaxındısa, demək, bu sektor hasara (inhisar)
alınıb. Əlini üz, əgər banan gətirmək istəyirsənsə, sərhəddən
buraxmayacaqlar, deyəcəklər get silah gətir, olar, amma
banan olmaz. Olsa, adamın gözünə mil çəkərlər.
Milçək
– milçək, yəni çibin çox ürəkbulandıran və xuliqan heyvandı.
Adamın yaxasını tanıdımı, əl çəkən deyil. Necə qurtulmalı?
Öldürmək olmaz, o da bir candı, jana qıymaq yaxşı deyil.
Ona görə bir çıxış yolu var: tut və gözlərinə mil çək,
nə səni görsün, nə də qanını sormaq üçün tamahlansın.
Karyera
– «kar» iş deməkdi, «yer» də məlum. Yəni iş yeri.
Yekəxana – böyük evi, imarəti olan adam. Adamın imarəti
nə qədər yekə olsa, yerişi, duruşu, fısıltısı da o qədər
əhatəli olar.
Koramal
– amalı şikəst olan adam
Girəvə
– yəni dəvət eləyirlərsə, heykəl kimi kandarda nə durmusan,
gir evə, belə fürsət bir də ələ düşməz.
Lakin
– la ərəbcə «–sız» deməkdir. “Laməkan” məkansız, “lakin”
də kin-kifirsiz deməkdir. Yəni əgər görsən ki, zalıma
gücün çatmır, başını aşağı sal, ailəni dolandır, amma
nəbadə kin saxlayasan.
A-dam
– yəni damı (evi) olmayan. Ruslar da evi olmayana damsız
deyirlər (bez krışi nad qolovoy). Adamın, yəni əsl insanın
evi olmaz. Olsa da, o vaxt olar ki, bütün diribaş həşəratların,
onların oğlunun, qızının, nəvə-nəticəsinin, oynaşının…
hərəsinin ölkədə və xarijdə altı-yeddi evi, bağı, hətta
itinin belə lüks damı olsun. Bundan sonra, ya qismət…
növbət ADAMA gələ, ya gəlməyə…
A-dil
– yəni dili olmayan. «Dil» ürək deməkdər. Dilavər,
yəni ürəkli. «Adil» ədalətli deməkdi, həm də ürəksiz.
Adil adamın işi getməz. Ələlxüsus dövlət başçısı olarsa.
Sanisteban deyir ki, daxili amillər hesabına dövlət çevrilişi
iki halda olur: ya güc strukturları başçının kontrolundan
çıxır, ya da onlara əmr verməyə başçının dili çatmır -
ürəksiz olur.
A-bad
– yəni badsız –küləksiz. Səliqə və təmizlik o şəhərdə
olmur ki, orada yaxşı mer olsun, o şəhərdə olur ki, bad
- külək olmasın. Bakı isə «Badkubə» - küləklər şəhəridir.
Ona görə şəhərimizin dünyanın ən çikrli paytaxt şəhəri
olmağında cənab Abutalıbovun bir qırtım da günahı yoxdur.
A-ram
– yəni RAM-ı olmayan. RAM çox olanda kompüter sürətli
olur, az olanda aram (yavaş) olur.
A-sim
– simi olmayan. İnjə nüktələrdən danışanda adama deyirlər:
“Sarı simə vurma” yəni məni kövrəltmə. Adətən, hər kəsin
daxilində tutumuna görə müxtəli sayda simlər olur. Asimlərin
daxilində sim olmur (klaviş olur, olmur - deyə bilmərəm)
A-zad
– pardon, yəni zadı olmayan. Nədi zəhrimarın adı? Hə,
kompleksi.
A-nar
– yəni narı olmayan. Məncə, göyçaylılara «Anar» adı qoymaqlıq
bir az qəbahətə bənzəyir. Bakıda yaşayırsa, bu, başqa
məsələ.
A-zər
– zəri – qızılı olmayan
A-zər-bay-can
– zəri olmayanların bay olduğu (məhv olduğu, zillətə düşdüyü)
ölkə.
A-şiq
– «şiq» moltanıca ağıl deməkdir. Yəni ağılsız.
Eşqə düşən adamda ağıl nə gəzir. Eşq başa girdimi, ağıl
məzuniyyətə çıxır.
A-rzu
– yəni ruzusu daşdan çıxan. Zatən ruzusuzluq onlarda bir
aqressiya yaradır. Belələri «QAZel» sürücüləri və «xozyayka»lar
üçün təhlükləidir.
A-kif
– kiflənməmiş
|
|
|