|
Abşeron
eskizləri
Yaxud
dəniz və külək yaşıl rəngi niyə sevmir?
Elektrik qatarı
platformada dayanıb. Ağır zəmbilləri ora-bura sürütləyən adamlar qarışqa
kimi qaynaşır. Dəmir barmaqlıq yanında dayanmış biletyoxlayanın cəngindən
qurtulmuşlar qatarın hara gedəcəyi ilə maraqlanır. Bunu isə heç kim bilmir.
Çox ehtimal ki, Sumqayıt qatarıdı. Kimisi soruşmadan minməyə, kimisi işini
ehtiyatlı qurmağa çalışır. Kimisi isə paralel yolda, qonşu qatardakı əlbəyaxa
döyüşünə tamaşa eləyir. Orda balaca bir oğlan qadına təpik atır. Qadın
da boyunun hündürlüyündən istifadə eləyib uşağın başına yağlı qapazlar
endirir. Qatarın gəlməyini gözləyən bir ailə perrondakı çayxanada bir
çaydan çay alıb qaydasız döyüş səhnəsini müşahidə etməkçün yerini rahatlayır.
Belə səhnə harda gbrünüb ki? Adətən uşaqlar döyülür. Bu dəfəki «boyevik»in
qəhrəmanı uşaq idi. Tələsən sərnişinlər döyüşdən ləzzət almaq imkanından
məhrum olduqlarına görə, başları arxada qala-qala irəliləyirdilər. Bu
qatar yola düşdü. Amma elan olunmadı.
Sarımtıl
fonda həyat əlamətləri
Neçə əsrdir ki, günəş fasiləsiz həmişəki yerindən çıxıb boz-sarı Abşeronu
da çəhrayı rəngə boyayır. Hər il, hər gün çıxır, sarı qumu bir az da yandırıb
saraldır. Küləksə dənizin sahilə bağışladığı çınqılı dəyirman kimi üyüdüb
narınlaşdırır. Kulək gah xəzri, gah gilavar, gah da gicəvar kimi əsir
ki, qum o yana-bu yana çevrilib yaxşıca ovulsun. Xəzri əsir ki, qumdan
dəniz qoxusu çəkilməsin. Giləvar, yəni şəhərdən əsən külək əsir ki, buralardan
şəhərin ruhu əskik olmasın. Gicəvar əsir ki, qeyri-müəyyənliyilə camaatı
bezdirib «lap bizi gic elədi ki…» sözlərini bir də eşidib cığallığından
ləzzət alsın. Hər gün günəş dənizdən çıxır, külək də hər gün dəniz üzərində
at çapır. Amma demək olmaz ki, dəniz həmən dənizdi. Dəniz narahatdı, yerini
dəyişən, gah sahilini daşdırıb əvəzində ona qucaq-qucaq çınqıl bağışlayan,
gah da Xəzərlə cəsarətdə bəhsə girib uzaqlara üzənlərdən birini canına
çəkəndi. Abşeron camaatı günlərlə küləyin kəsmədiyini görüb «Yəqin dənizdə
adam batıb. O adam sahilə çıxmayınca dəniz sakit olmaz. Axı Xəzər murdar
götürmür» deyir. Elə bil küləyin dənizlə sazişi var. Elə ki, batan adam
çıxarıldı, cəmi Abşerona «Sən demə Bilgəhdə batan varmış. Yaman dəli dənizi
var Bilgəhin» xəbəri yayılır. Bəyəm başqa yerdə dəli deyilmi Xəzər?
Abşeron
xoru
Buralara sorağı neçə il əvvələ gedib çıxan bir hadisə barəsində hələ də
qorxuyla danışırlar. Deyirlər, dənizdə bir qyuk qurulub. Çimərlikdə suyun
altında gizlənən akvalanq birisinin ayağından çəkib aparır, onu həmin
bu lyukda gizlədir. Sonra isə meyiti axtaran qohumlara onu tapmağı təklif
eləyir. Böyük məbləği alandan sonra meyiti sahibinə qaytarır. Bu əhvalatı
hər il yenidən, hər dəfə yeni nüanslarla danışırlar. Uşaqları bu əhvalatla
qorxudurlar, şəhərdən gələn qonaqlarısa xəbərdar eləyirlər. Əhvalata inanmayanlarçün
o dəqiqə: «Mənim də ayağımdan tutmuşdular, gücnən qurtuldum», - deyib
şahadlik edən ən azı iki-üç nəfər tapılır. İnanmaq da olar, inanmamaq
da.
«Andronik,
poşyol na mesto!»
İsti çox kinlidi. İsti yaman qisas alandı. Neçə aylardı, soyuq küləklərin
buzlatdığı, buzlu dənizin soyutduğu Abşeronun əvəzini indi bizdən çıxmazmı?
Eh, şəhərlilər nə bilir isti nə üçündü? Əncir, üzüm yeyəndə heç «Nə yaxşı
ki, isti var», - demirlər. Dəniz sahilə çınqılı qovmasa, külək çınqılı
ovutmasa, günəş qumu qızdırmasa, heç əncir, üzüm olarmı? Təcrübəli adamlar
bilir ki, ən dadlı üzüm quma uzanmış üzümdü. Əbəs yerə demirlər ki, «Üzümə
qum dəyməsə yetişməz». Üzüm dəyəndəsə uşaqların bayramıdı. Öz bağında
üzüm tökülüb qalsa da, başqasının bağından oğurlanmış əncir-üzümü kiçik
ürəyinə sığmaz böyük sevinclə hasar dibində yeyir və dərhal yeni sərgüzəştin
ssenarisini hazırlayır. Bura bağ yiyəsinin qışqırığı, söyüşü, ən yaxşısı,
əlində taxta parçasıyla arxasınca qaçması da əlavə olunsa, necə də yaxşı
olar? İpini gəmirən Andronik adlı it isə hikkəsindən oyduğu çalaya girib
çıxdıqca, səsi xırıldayanacan, qonşuların narazı replikaları gələnəcən
hürdükcə nəsə tamlıq, razılıq hissi yaranır. İt də adını yaman yaxşı tanıyır.
«Andronik, poşyol na mesto» deyən kimi ürəyində «Nəyimə lazım, mən ki,
heç üzüm yemirəm», – deyib kölgəyə çəkilir. Nədənsə, bağına girəndən,
üzümündən yeyəndən sonra bağ yiyəsinin hörməti daha da artır. «Uşaq onsuz
da yeməkçün yığmışdı da, atmaqçün yox ki…» Uşaqları səhər tezdən, yaxud
15 dəqiqəlik evdən çıxan kimi bağı soyan gəlmələrlə müqayisə eləyib bağ
sahibinin tezcə ürəyi soyuyur. Hələ axşam çağı iri bir qabı doldurub pay
da göndərir. Həmən qab mövçümün sonuna kimi bu bağdan o birinə pay göndərilərək
tennis topuna çevrilir. Düzdür də, qabı boş qaytarmazlar.
Cındırından
cin hürkən komada
Abşeron bağları çox fərqlidi. Gözəllikdə, əzəmətdə bir-biriylə bəhsə girib
qatarlanan saraylar kospleksi də, sahələri bir-birindən qum təpəciyilə
ayrılan, hasarsız, köhnə taxtaları paslı mıxla bir-birinə pərçimlənən
daxmalı bağlar da var. Birincilər, zənginliyin, toxluğun simvoludursa,
ikincilər sadəliyin, səmimiliyin və kasıblığın nişanəsidi. Vaxtilə bağlarda
daşdan tikmək qadağan idi. Hər bir daş, dəmir boru üçün kağız tələb eləyirdilər.
Bu taxta evlər də o vaxtdan qalıb. Sonradan kiminin imkanı oldu o tikdi.
Yerdə qalanlarsa, kasıbçılığıyla barışıb əvvəlki kimi hər mövsüm bağına
köçməkdə davam eləyir. Amma ildən-ilə bağa köçənlərin sayı artır. Qabaqlar
baxımsız bağlar çox olardı. Yəqin kurorta getməyə imkanı olmayanlar Abşerona
üz tutub. İndi hər darvaza arxasından səs-küy gəlir. Camaat istirahətdədi…
Pərvanələr
daha oda yanmır
Nədən danışır onlar? Siyasətdən də, serialdan da danışanlar var. Domino,
nərdin səsi lap dənizə qədər gedir. Axşamüstü qonşular toplaşıb loto da
vurur. Başqa illərlə bu ili müqayisə eləyib təəccüblənirlər də. Qabaqlar
qaş qaralan kimi ağcaqanad, qurd-quş, pərvanə əlindən göz açmaq olmurdu.
Əl-ayaq daim hərəkətdə olmalıydı ki, həşəratın zəlili olmayasan. Hələ
bir haf gəlib özünü çırağa çırpanda «Qonağımız olacaq», - deyib sevinirlər
də. İndi ağcaqanadlar azalıb, pərvanə və haflar tamam yoxa çıxıb. Deyirlər,
o qədər isti olub ki, ağcaqanadların kökü kəsilib. Bəs pərvanələr? Daha
şam oxuna yanmayacaqlar?
Dənizlə
küləyin sazişi
Son zamanlar Abşeron xasiyyətini bir az da sərtləşdirib. Bu sərtlik həmişəki
kimi kasıbların cibinə zərbə vurub. Deyirlər, Abşeronda qrunt suların
səviyyəsi bir-neçə metr endiyindən quyuların əksəriyyəti quruyub. Pulu
olan maşınla su alıb gen-bol işlədir. Pulu olmayanın ağacları quruyur.
Hamısı küləyin paxıllığındandı. İstəmir ki, buralarda yaşıllıq olsun.
Yəqin sarı-boz rəngin hər yerdə hakim kəsilməsini arzulayır. Dəniz də
küləklə saziş bağlayıb. O, həmişəki kimi sahilə çınqıl qovalayır ki, külək
onu ovutsun. Onlar hər ikisi yaşıl rəngi sevmirmiş.
Abşeronun
rəng serialı
Hər axşam həmişəki kimi gün dənizdə batır. Batmazdan əvvəl gözüylə sevməyi
bacaranlar üçün rəng serialı göstərir. Amma bu serialda heç vaxt təkrarlar
olmur. Hər dəqiqə yeni rəng qamması, yeni hiss harmoniyasıdı. Bu serialın
heyranları Braziliya və Argentina seriallarının primitivliyinə bütün qışı
güləcək, sevimli serialına baxmaqçün hər il yenidən dəniz sahilinə gəlib
günəşin batmağını seyr edəcək.
Ay
da inciyərmiş
Hər gecə həmişəki kimi ay doğur. Təzə ay doğanda baxıb salavat çevirirlər.
Bötöv ayı al-qırmızı dairəsində görəndəsə, ürəklərində onu gecənin günəşi
adlandırırlar. Bəlkə də ay bundan çox inciyir. Axı o, günəş kimi hər gün
eyni görkəmdə çıxmır! O, dəyişən, yeniləşən, yenidən doğulandı. Bəlkə
də bu inciklikdən günəşin qabağını kəsməyə cəhd eləyib. Heç Abşeron camaatı
qoyar ki, Ay Günəşi tutsun? Kimin mis tavası, qazanı vardısa, həyətə çıxarıb
var gücüylə çaldı. Ay da qorxub Günəşi buraxdı. Amma çox incimədi. Çünki
hələ ki, hər gün həmişəki kimi çıxmağında davam eləyir. O çıxmasa, bəs
kimə baxıb şer yazarlar?
Yolumuz
şəhərədi
Hər gün səhərə yaxın şeh düşür. Sarı-boz qumu sulayıb türdləşdirmək, gün
ərzində yığdığı istini alıb soyutmaq istəyir. Amma bu ona Günəş çıxana
qədər nəsib olur. Günəş dan yerini bir balaca işardan kimi zəhmətkeş camaat
durub gecə düşmüş şehi tapdalaya-tapdalaya elektrik qatarına doğru gedir.
Şehdən islanmış dəmir məhəccərə söykənib qatar gözləyir. Üfüqdə qaralan,
deyəsən, qatardı. Qatar bu dəfə Sumqayıtdan gəlir. Şəhərə xlor, ağ neft
gətirənləri daşıyır. Dənizin sahilə qovaladığı, küləyin ovutduğu sarı
qum kimi adamlar da şəhərə və geriyə daşınmaqdan kimisi sınır, kimisi
xırdalanır, kimisi də bozarmış rəngiylə camaatın fonunda itir, yox olur…
«Ulduz» jurnalı
12 * 2002-ci il
|
|