|
Bir
etüd və üç nöqtə…
Ola bilər ki, Dünyanın sənin səhvlərinə ehtiyacı var.
Vantalanın düşüncələrindən
Filoloqlar üçün həyat cümlədir. Sözlərdən, mənalardan, bağlayıcılardan
ibarət, xəbərli mübtədalı bir cümlə. Adətən biz həyat cümləmizi qəfil
yazırıq. Heç olmasa durğu işarələri barədə düşünməyə macal da tapmırıq.
Görəsən nə vaxt cümləmizin mənası barədə düşünəcəyik? Axı, həyat söz yığını
deyil. Cümlə üzvlərinin altından xətt çəkmək nəyə lazımdı ki? Onda kimsə
əsas, başlıca, kimsə ikinci dərəcəli üzv olur. Hə, bir də yorulanda bir
vergül də atırıq sətrimizə. Bir balaca nəfəs dərmək və yorğunluğu çıxarmaqçün.
Dayanıb ətrafa baxmaqçün yox ki. Hamı istəyir ki, bu cümlənin nöqtəsi
olmasın. Uzansın, lap mənasızlaşsa da bitməsin. Lap bəd ayaqda heç olmasa
cümlənin sonunda üç nöqtə dayansın.
Riyaziyyatçılarçün həyat müstəvidir. Bu müstəvidə insan taleləri yanbayan
düzülüb və dümbədüzdür. Heç yerə əyilmir, dönmür və düyün də düşmür. Bu
yollar bəzən paralel axır və heç vaxt da bir-birinə qovuşa bilmir. Çünki
düz xəttlər heç vaxt kəsişmir, bunu ki, bilirik. Bəzilərinin ömür yolu
isə elə həmişə kəsişir. Başqasının həyatı elə sənin düz xəttinin üstündən
keçir. Toqquşmağın qabağını almaqçün şlaqbaum qoyan da yoxdu. Kimləsə
burun-buruna toqquşursan, sonra nə qədər çalışsan da qopa bilmirsən ki,
bilmirsən. Həmişəlik birgə yaşamaq əzabıyla, yaxud sevinciylə bərabər
gəzirsən. Təbii ki, yalnız öz düz xəttlərin boyunca. Kəsişənlər, ya kəsişməyənlər
hamısı du xəttin sonsuzluğuna inanır. Heç kim xəttin şüa, ya da parça
olmasını istəmir. Elə bil bilmirlər ki, bir gün doğulan bir gün öləcək.
Məktəbdə o qədər A nöqtəsindən çıxıb B nöqtəsində bitən məsələlər həll
eləmişik ki… Biz bilməsək də bütün nöqtələrin fəzada yeri dəqiq məlumdur.
Təyyarəçilərçün həyat uçuşdur. Arzulaya biləcəyimiz qədər uçuşları olanlar
bizim hər gün işə getdiyimiz sakitliklə hər gün uçurlar. Uçur, fəzada
nöqtələrin, düz xəttlərin yerini bilmirmiş kimi sərhədləri dağıdırlar.
Sonra istədikləri vaxt yerə qayıdırlar. Bizə isə hər gün yuxularda uçmaq
qalır. Sabahısı gün yenidən havaya qalxmağa qüvvə lazımdı, qüvvə.
Saata baxmadan yaşayanlar da var, yəqin. Belələri həyatın nəbzini qulaqlarında
hiss eləmir və nə qədər qəribə olsa da bizimlə yanaşı yaşayır. Elə bil
Zaman yoxmuş kimi. Bəzən bir saniyənin hökmüylə gözümüzü ovan Zaman elə
bil ki, onların zamansızlığını görmür. Haqsızlıqlardan daha birisi…
Rəssam üçün həyat bir lövhədir. Onun çərçivəsi, hüdudu var. Əvvəl boş
olan çərçivə yavaş-yavaş rənglərlə dolur. Bir qat o birini üstələyir.
Bu lövhəni yazmaqçün bütün rəngləri bir-birinə qatmalısan, yoxsa maraqsız
alınar. Tünd rənglərin olmasa işıqlı rənglərinin parlaqlığını göstərə
bilməzsən. Lövhəni bitirəndən sonra satmalısan ki, o birisini yaza biləsən.
Qaydası budur.
Musiqiçi üçün həyat bir etüddür. Onu tempdə və səhvsiz çalmaq lazımdı.
Etüdün mənası barmaqların qaçaraqlığını məşq eləməkdədir. Zaman ürək döyüntüsü
şəklində metronom kimi qulaqlarında səslənir: tup-tup, bir az pauza, sonra
yenə tup-tup. Hünərin var ritmdən qıraxa çıx. Sənə bir də səhnəni nə vaxt
verəcəklər, nə bilirsən?
Çoxlarıyçün həyat yoldur. Bəzən düz, bəzən əyri, çalaları, yoxuşları olan
bir yol. Bəzən bu yol çox çətin, dağ yolları kimi qorxulu olur. Dırmaşdıqca
qorxudan rəngin ağarır, ardını çıxmaq istəmirsən. Amma olmaz, geriyə qayıtmağa
yer yoxdu. Bu yollarda heç vaxt qırmızı işıq yanmır, təkcə yaşıl işıqdı.
Bu yolu keçməmək də olmaz. İstərsən sürünə-sürünə, istər də başı uca,
keçməlisən, vəsssalam.
Deyirlər ki, gələcək arzuları yığıb qalamaqçün çox rahat bir yerdi. Gələcəyin
cümləsində nöqtənin yerini bilən olmur. Həyat müstəvisi düz xəttləriylə
maraqlan, ya da yuxulardan qıraqda uç, fərq eləməz. Çərçivəni qıra bilirsən,
qır. Bir vergül qoy, pauza elə. Etüd çalmaq əvəzinə otur bir zümzümə mızıldan.
Qoy metranomun sussun. Onsuz da bu yolun sonunda ayrılıqlar olmur. Orda
hamı görüşəcək…
|
|