Yuxu
dəyərində kopyalar
Heç kim kopyaya sahib olmaq istəmir, hamı orijinalı əldə etməyin daha
üstün olduğunu düşünür. Bu məişət əşyası da, sənət əsəri də, emosiya
və duyğular da ola bilər. Nədənsə hamı düşünür ki, orijinal kopyadan
dəfələrlə və müqayisə edilməz dərəcədə yaxşıdır. Kiminsə orijinalı yoxdursa
özünü aldadılmış hiss edir və adətən kopyadan istifadə etdiyini etiraf
etmir.
Sənədlərin istifadəsində mütləq orijinal tələb olunur, ya da onun natarial
qaydada təsdiq edilmiş kopyası. Amma bəzi məqamlarda təsdiq edilmiş
kopya da orijinalı əvəz eləmir. Bu, bir daha orijinalın vacibliyini
vurğulayır. Pul məsələsində də yalnız orijinal kağızın dəyəri olur.
Yerdə qalanı qəlp sayılıır, sənəd və pulların kopyasını çıxarmaq qanunvericiliklə
tənzimlənir. Yəni bu işi görmək cəzalı və təhlükəlidir.
Heç kimə sirr deyil ki, Azərbaycana gələn malların əksəriyyəti hansısa
məşhur markanın pis, ya da yaxşı kopyasıdır. Eyni ticarət markasının
malını xaricdən alıb gətirəndə burda satılanın dəfələrlə baha olmasına
baxmayaraq keyfiyyətdə çox aşağı olduğunu müqayisə yoluyla görə bilirik.
Elə bil ki, bu məmləkətdə orijinalın həqiqi dəyərini verə bilmədiyimizi
bütün dünya bilir. Ya da ki, bizim həqiqi, saf malı, orijinalı kopyadan
ayıra bilməyəcəyimizi zənn edirlər. Üçüncü, dilə gətirmək istəmədiyimi
variantda isə bizim orijinala layiq olmadığımızı düşünürlər. Xalq məsəlimizdəki
kimi: «Eşşək nə bilər zəfəran plov nədi?». Bu məsəlin başqa bir variantı
da var ki, onun mahiyyətini dəyişdirmir: «Eşşək nə bilər zər palan nədir?».
Görəsən qolunda dəyəri minlərlə ölçülən Rado, Vaşeron Konstantin, Briqet,
Orient, Seyko saatlarını gəzdirənlər həmin saatların uzağı 200 dollarlıq
kopyasını işlədənlərdən çoxmu fərqlənir? Axı çinlilər mikroskopik vint
və boltlardan tutmuş işlədilmiş qızılın probuna qədər hər şeyi idealcasına
kopyalayırlar. Deyilənə görə kopya da orijinal qədər dəqiq işləyir.
Əlbəttə, orijinalı ultrabənövşəyi işıq altında yoxlayıb həqiqiliyindən
ləzzət almaq olar. Sadəcə «Orijinal daşıyıram!» fikrindən ləzzət almağa
görə bu boyda pulu çölə atmaqmı olar? Sənət əsərlərinin kolleksiyaçılarına
da bu sualı vermək olar. Milyonlarla dəyərində əsərlərin orijinaldan
heç fərqlənməyən kopyasını alıb niyə razı qalmırlar axı? Yaxud əsərin
orijinalını öz gözləriylə görməkçün kilometrlərlə uzağa səfər edib tablonun
qarşısında durmaqdan hansı ləzzəti ala bilirik. Bəyəm bu ləzzəti həmin
əsərin reproduksiyasından ala bilmərikmi?
Əslində biz orijinal ehtirasımızla özümüzü aldatmaqdayıq. Çünki nəsə
yaradırmış kimi iddialı olan hər kəs əslində heç nə yaratmır. Allahın
yaratdıqlarının pis, ya da yaxşı kopyasını çəkir, düzəldir, quraşdırır,
yapır, yazır, qayalar həkk edir. Sonra həmin bu əsəri orijinal adlandırmağın
özü də absurd ideyadır. Necə deyərlər həqiqətin suyunun suyudur. Sənət
əsəri kiminsə həyatı imitasiyasıdır. Kimdəsə alınır, kimdəsə heç bu
da alınmır. Orijinalı kopyadan mütəxəssislər ayıra bilir. Bu da insanı
kiminsə fikrinə şərtsiz inanmağa şərait yaradır. Nə şübhə altına almağa,
nə də fikrini aləmə car çəkməyə imkan vermir. Təsəvvür edin, nüfuzlu
sərgidə qiyməti minlərlə ölçülən əsərin qarşısında dayanıb onun cızma-qara
olduğunu desəz nələr baş verər? Sizə ikrahla baxarlar, uzağı zəncirdən
qaçmış heyvan, ya da artıq ölüb getmiş neandertalın canlı nümunəsi olaraq
unikal hadisə kimi bərəli gözlərlə baxarlar.
Orijinal kopyadan ona qoyulmuş ideyanın, zəhmətin və enerjinin səviyyəsilə
seçilir. Bəli, orijinalı kopyadan ayırmağa müəyyən səviyyə və səriştə
lazımdı. Bunu asanlıqla qazanmırlar, illər uzunu zəhmətin nəticəsidir.
Amma bəzən mütəxəssislər də çaşır. Bəşər tarixində minlərlə hadisəni
buna misal gətirmək olar. Bəzən kilsədə yüzilliər boyu asılmış əslində
kopya olan ikona sehr yapmağa başlayır. Həmin əsərin orijinalı tapılanda
bunu hamıya açıqlamırlar. Deyirlər ki, əgər bir silahla insan öldürülübsə
onun dəyəri dəfələrlə artır. Yəni bu əşya artıq sadəcə dekorasiya deyil,
hadisələrin canlı iştirakçısına çevrilir. Kimsə Hitlerin «Mayn Kamf»ından
bayılırsa əslində çox uğurlu kopya qarşısında baş əyir. Çünki bu ideyaların
heç biri Hitlerin özününkü deyil. Yenə də kopyanın kopyası.
Biz orijinaldan deyil, kopyadan istiadə etməyə vərdiş etmişik. Biz sevməyi
kitablardan öyrənmişik və real sevgi yaşamaq əvəzinə onların həyatıyla
yaşamağı daha maraqlı bilmişik. Kitab özü də həyatın bir anının kopyasıdır.
Mənzərənin gözəlliyini gözümüzə təpmək əvəzinə onu çərçivəyə salıb evimizdən
asmağı daha komfortlu bilirik. Çiçəklər həyatımızda və həyətimizdə deyil
divar kağızlarında tumurcuqlayır. Biz həqiqətə yaxın də gəlməyən tariximizlə
fəxr edirik. Tarixin kağızlarda yaşaması bəzi xalqlara, məsələn yəhudilərə,
ermənilərə yalançı tarixlər yaratmağa imkan verir. Bəzən sənədlərin
saxta olması meydana çıxandan sonra da kopyalar orijinallarla yanaşı
öz həyatını yaşamaqda davam edir.
Şərq müdrikləri deyir ki, bu dünyanın nə orijinalına, nə də kopyasına
uymaq lazım deyil. Çünki dünyamızı dəyişən anda biz anlayacağıq ki,
bütün bunlar hamısı daha böyük həqiqətin maddi imitasiyası, ya da bir
yuxu imiş. O biri dünyalarda heç bir dəyəri olmayan bir kopya…