Ad günü
Mayın 10-da doğulanlara ithaf edilir


Sabah mayın 10-dur. Sabah şəhərimizdə, ölkəmizdə bayram ediləcək. Bir neçə ayın zəhmətinin nəticələri göz qabağında olacaq. Quraşdırılan bayram meydançaları çəkicin səsindən qurtulub başqa səs-küyə dücar olacaq. Bunu hamı bilir, sabah qeyri-adi gündü.
Mən də uşaqlıqdan bəri bilirdim ki, mayın 10-u adi gün ola bilməz. Axı, bu gündə mən doğulmuşam. Dünyada heç bir qüvvə məni inandıra bilməzdi ki, mayın 10-da günəş adi qaydada çıxır, planetlər həmişəki avazıyla fırlanır. Zaman da sübut elədi ki, mən haqlıymışam. Bu günün xeyri bağışlanan hədiyyələr, deyilən təbriklə və tostlarla məhdudlaşmır. Onsuz da istədiyimi bağışlamırlar. Hər kəs cibinə uyğun hədiyyə verir. Belə gündə doğulduğuma görə mənə həsəd aparanlar bilirsiz nə qədərdir? Axır 3-4 ildə hər il 10 may ərəfəsində şaiyə gəzir ki, mayın 10-da doğulanlara hərəyə 100 manat həcmində hədiyyə veriləcək. Millət də mən qarışıq bu «vəd»lərə özü də hər il inanır. Ona görə də mənə həsəd aparırdılar ki, qızın bəxtinə bir bax, gör necə gündə anadan olub! Qeyri-adi günün xeyrindən sui-istifadə eləyib hamınızı sabah ad gününə dəvət eləyirəm. Ünvanı yazmağa ehtiyac yoxdur, bayram hər yerdə olacaq. Televiziyada şəklimi verməyəcəklər. Deyirəm, «Bizim Yol»da şəklim gedir, elə bəsimdi.
İdarələr, məktəb və baxçalar təbrik yığıncağını artıq düzənləyib bitirib. Ad günü ərəfəsində baxça müəllimi mənə bir xahişlə müraciət elədi. Musiqi müəllimi kimi məndən tədbir üçün ulu ötdərə aid mahnı soraqlaşdı. Bu an mən anladım ki, ulu öndərə aid layiqli uşaq mahnısı yoxdu. Beynimin dolanbaclarında növbəti dəfə eşələnəndə hər tinbaşı Leninə həsr edilmiş mahnılar ortaya çıxdı. Bəs mahnı olmasa ulu ötdərin tarixi rolunu uşaqlara aydın dildə necə anlatmaq olar?
Yaddaşımda təftiş apararkən yada düşən mahnı və şerlərdən bir xeyli təsirləndim. Yaxşı oxuyan kimi hər tədbirdə mənə şer dedizdirərdilər. Mahnı oxumaqsa hamımızın ali məqsədiydi deyən mənim şəxsi «fonoteka»mda Lenin babaya yazılmış azı iki düjün mahnı, toplasan bir qarış qalınlığınla olacaq kitab qədər şer və ibrətamiz məsəllər var. İndi məni bir sual narahat eləyir: Bəs Heydər babaya ünvanlanan mahnıları kim yazacaq?.. Məncə bizim nəsil buna artıq yaramır. Biz baxçada şeyrlərimizi, ürəyimizin ən incə hisslərini ünvanladığımız babanın heykəlləri qarşısında «Həmişə hazırıq» deyib vəfa andı içmişik. Qana bulaşmış bayrağın rəmzi kimi qırmızı qalstuku boynumuzda gəzdirmişik. Onun qızılı sarı saçlı körpəlik rəsmini, daha sonra ağıllı baxışlı yetkin gənclik rəsmini ürəyimizin başına taxmışıq. Biz onun ideyalarının iflasını görmüşük. Biz onun heykəllərinin aqibətini bilmişik. Dalıyca danışılan söhbətləri eşidib arxivlər açılanda həqiqətləri öyrənmişik…
Bizdən sonrakı nəsil isə mahnılar qoşmağa, ithaflar eləməyə tamam yaramayacaq. Yaxşı mahnıların yaranmasıyçün onları, yəni yeni nəsli yeni həqiqətlərə inandırmaq lazımdı. Bizim nəsil inanmaqdan başqa «Oxumaq, oxumaq və yenə də oxumaq» andını verərək bilik toplayırdı ki, babalara topdağıtmaq abidələr ucalda bilsin. İndi ucaldılacaq abidələrə etibar «novostroyka» evlərə olan etibar qədərdir. Bizim vaxtımızda Şaxta baba bir «Qulliver» şokoladı gətirib əlimizə verən kimi Şaxta babanın varlığına da, hədiyyənin Lenin babadan gəldiyinə də inanırdıq. İndikiləri inandırmağa hünər gərəkdir. Bu boyda xərc çəkib ad günü keçirsən də cavan nəsil meydanlara tökülüşüb səs-küy salaraq hırıldaşanda ulu öndərin ruhunun bizimlə olmasına da inanmır. Dediyimə inanmırsızsa, sabah küçələrə tökülüşən insanların üzünün ifadəsinə başqa cür, bir az mənim gözümlə baxın. Özünü əməlli ilarə eləyə bilməyənlərdən babalara abidə ucaldanlar çıxmaz!
Yenə də uşaqlıq dövrümün mahnılarına heyfim gəlir. İncə, tükürpədici, gözyaşardıcı və səmimi mahnılar idı. Çünki onu yazanlar inanıb yazıblar. O mahnıların sözlərini dəyişdirmək də olardı. Məncə sözlərin müəlifləri bir o qədər də inciməz. Axı onların şeyrləri bir daha unudulmayacaq. Hər bayramda, tədbirdə və xüsusilə də mayın 10-da səslənəcək. Yeni mahnılar yaranmırsa bu o demək deyil ki, ad günündə mahnı olmayacaq. Nəyimiz olmasa da mahnımız boldur. Oxuyacağıq, oynayacağıq, «Qarabağ bizimdi» deyib çığıracağıq. Məncə mayın 10-nu siz də unuda bilməyəcəksiz.


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?