İmpression
baxış
Yaxud qalib gəlmək istedadı
Mənə elə gəlir, dünya istəiyr ki, biz ona tez-tez baxaq. Bəlkə biz deyib
ümumiləşdirmə aparmağım da düz deyil. İncəsənət çoxdandı ki, xalqın
deyil. Yəqin o, mənim baxmamı istəyir. Baxacam, sonra da yazacam, qoy
dünya da bilsin. Bu gün ona impressionistcəsinə baxmam lazım. Yəqin
bilərsiz, impressionistlər ilk dəfə molberti açıq havaya çıxardılar.
«İmpression» sözü fransızca təəssürat deməkdi. Yəni ki, rəssam bu dəqiqə,
bu işıqda, bu mənzərədə nə gördüsə onu çəkir. Beləliklə, rəsm üzərində
əzablı, uzun-uzadı iş prosesi minimuma endi. Çünki sabah həmən yerdə,
həmən tabloda və məsələn, peyzajda tamam başqa işıq və rənglər olacaqdı.
Deməli nə çəkdinsə bu gün çəkdin. Həqiqət də budu…
Qaçhaqov həyatımızda bəlkə də bunun özü çox gözəldi. Bu günlə yaşa,
indiki anı duy və yaxşı olar ki, ardını düşünmə. Alınmır! Bu gün səhər
uşaq baxçasına yeni tariflərə uyğun artırılmış aylıq haqqı apardım.
Arsızcasına məndən tualet kağızı da istədilər. 250 faiz bahalaşma adamı
nəinki danışmağa, hətta yazmağa da sövq edər. Deyərsiz ki, böyük şey
olmuşdu, dekabrda da artırmışdılar. Camaat etiraz elədi, yenidən endirdilər.
Guya ki, camaata qulaq verən varmış kimi. Xeyr ha, onlar bu neçə ay
ərzində başlarını sındırıb adamları zorlamağın yeni üsullarını da tapmışdılar.
Keçən dəfə baxça bahalaşan kimi qruppanın yarısı uşağını çıxardı. Baxça
boşalmışdı. Kiminsə evdə bekar nənəsi, ya da qonşuluqda uşağa 100 manata
baxa biləcək birisi vardı, yəqin. Bu dəfə isə heç kim uşağını baxçadan
götürmədi. Çünki ağıllı əmilər və xalalar tədbir töküb qərar qəbul eləyiblər
ki, baxçaya getməyən uşağın məktəbə getməsində əngəl olacaq. Hünərin
var, məsələn, 4 yaşında uşağını baxçadan indi çıxart. Görüm gələn il,
məktəbə bir il qalmış ona fərli bir baxçada yer tapa biləcəksən, ya
yox? Ona görə də dözəcəksən və nə qiymət qoysalar verəcəksən də. Deyəsən,
bu «tablonun» sarısı çox düşdü, iyrənc göründü. Sarıya qorxu yoxdu,
ona bir az göy qatan kimi yaşıllaşacaq. Bəlkə də yollarda əkilən yetim
görkəmli bahalı və əcnəbi ağaclar kimi nə vaxtsa göyərəcək. Adı çəkilən
məsələ indi tündməcaz görünür, sabah başqa işıqda, başqa kətanda tamam
fərqli rəngə boyana bilər, inanın mənə.
Əslində hər şey o qədər də pis deyil. Hər halda mənim üçün. Prezidentin
qərarı ilə jurnalistikaya və yazmaq cəsarətində olanlara ayrılmış məbləğdən
mənə düşən payı əskinazın qatını açmadan aparıb verdim baxçaya. Necə
deyərlər, Allah yetirdi. Gələn ayı da yetirər. İndi mən bu məsələyə
nə rəng qatım? Biz bunlarla bacarammarıq! Zülmün ərşə çatmağını gözləsəm
ayaq üstə görərərəm. Durub qırmızı-qırmızı kiminsə üzünə durum ki, düzgün
eləmirsiz?! Boğulub zoğalı rəngə düşsəm də hay verən olmaz. Ara qatışar,
sonra gərək ağ kəlağayı tapam ki, ayaq alta atam.
Onlara Samuray məktəblərinin qayda qanunlarını tətbiq eləmək də olar.
Onu da bilərsiz, oralarda döyüşsüz qalib gəlirlər. Əlbəttə, bu çox çətindi,
amma mümkündü. Bu mövzuda gözəl bir pritça da var: Deyirlər usdad Bokuden
bir dəfə Biva gölündə qayıqda üzürmüş. Cavan samuray sataşaraq, cırnadaraq
onu döyüşə çağırmağa cəhd edirmiş. «Sizin məktəb hansıdı?» deyə samuray
soruşur. «Qılıncsız qalib gəlmək məktəbi» - deyə Bokuden cavab verir.
Onlar ətrafdakı insanlara zərər vurmamaq üçün gölün ortasındakı balaca
adada vuruşmağı qərara alırlar. Qayıq sahilə yan alan kimi cavan samuray
tez-tələsik adaya atıldı. Onda Bokuden avarı əlinə alıb sahildən təkan
alıb uzaqlaşmağa başladı. Cavan samuray isə adada çığıra-çığıra qaldı.
Bu cığırışların cavabında Bakuden «Bax, qılıncsız, döyüşsüz qalib gəlmək
məktəbi budur» dedi.
Bu dzen-buddist pritçasından ilhamlanıb mən də deyərdim ki, qələbə üçün
heç də həmişə kiminsə, ya da özünün qanını tökmək lazım deyil. Həqiqətin
gözünün içinə baxa bilmirsənsə eynək al və gözlərinə tax. Bilirsizmi,
ilk dəfə qara eynəkləri kim taxıb? Bu, ilk dəfə Çində olub. Qanunlarla
sirkdəki kimi janqlyorluq eləyən hakimlər gözlərinin ifadəsini gizləməkçün
qara şüşəli eynəklər taxıblar. Mənnən olsaydı qara eynəklərdənsə çəhrayı
eynək taxardım. Bir də ki, qara eynək həyatın impressionist rənglərini
göstərməz. Ha denən ki, gözlərimi qoruyuram, həkim məsləhət eləyib,
fərq eləməz, həyatın rənglərini bir-birindən ayıramazsan. İmpressionist
tabloda hər şey gözəldi, rəngarəngdi, amma qatqarışıqdı. Tabloya yaxından
baxmaq istəsən rəngli nöqtələrdən başqa gözünə heç nə dəyməyəcək. Bu
tabloda rəsmi, xəttləri ayırmaqçün gərək bir neçə addım arxaya keçəsən.
Rəsmdən aralandıqca hər şey sanki yerinə düşür, peyzajın da, portretin
də cizgiləri aydın görünməyə başlayır.