Azadlıq
simfoniyası
«Əgər siz qanadsız doğulmusuzsa,
heç olmasa onların böyüməyinə mane olmayın»
Koko Şanel
Sovet dönəmində təhsil
almış musiqişünaslar, sənətşünaslar kusr işləri və referatlarında bolşevik
inqilabının savadlısı, başbiləni sayılan Lunaçarskinin «Musiqi və inqilab»
məqaləsindən sitatlar gətirməklə yazısının intellektual səviyyəsinin
yüksək olduğunu vurğulamağa çalışırdılar. Adıçəkilən məqalədə deyilir
ki, «Kim ki, musiqinin daxili həyatıyla yaşaya, bütün Kainatın və insan
cəmiyyətinin musiqi tərəfəini görə bilmirsə o, inqilabı heç vaxt anlaya
bilməz». Yəni ki, mahiyyət etibariylə musiqi və inqilab eynidir. Musiqidə
bütün səslər, yaxud verilmiş konkret akkord (bir neçə səsin ahənginə
akkord deyilir) həll olub harmoniyaya can atdığına görə sanki hansısa
nirvana vəziyyətinə keçərək bütün patensialları sıfıra yendirir. Kainat
da həmən qanunlarla işləyir, bütün mexaniki, termik və canlı potensiallar
tarazlığa can atır və həll olunmasını tələb edir.
«Əgər siz musiqiyə qulaq asırsızsa artıq azadlıq yolundasınız» - bu
fikri isə Azər Qaraçənli azadlıq seriyasından olan yazılarının birində
demişdi. Əgər mən bu fikirləri auditoriya qarşısında desəydim mütləq
cavabında «Bəs dünyanın bütün qaniçənləri, diktatorları klassik musiqini
niyə dinləyirdi?» sualını mütləq gözləyərdim. Bunu indi xüsusi vurğulamırlar,
amma Stalin böyük meloman idi. Klassik musiqini – Baxı, Haydnı, Mosartı,
Şuberti, Bethoveti çox sevirdi. Musiqi üzərində modernist eksperimentləri
görən gözü yoxuydu. Stalinin bioqrafiyasında bir maraqlı kadr var: Stalin
bir dəfə dini baxışlarına görə konservatoriyanın professorluğundan qovulmuş
Mariya Yudina adlı psinoçunun radioda konsertini dinləyirmiş. Pianoçu
onun sevimli əsərini - Mosatrın 23-cü konsertini ifa edirdi. Əsər bitən
kimi Stalin radioya zəng edib həmən konsertin qarmmifon valını səhər
onun kabinetinə gətirməyi əmr edir. Heç kim cürət edib ona deyə bilmir
ki, veriliş canlı idi və onun qrammafon yazısı yoxdu. Radio işçiləri
qorxularından gecəylə bu konserti yazıb səhəri Stalinə çatdırmaq üçün
təlaşa düşürlər. Orkestr səhərəcən məşq edir. Səsyazma zamanı gərginlikdən
2 dirijorun ürəyi gedir, yazını 3-cü dirijorla bitirməli olurlar. Amma
val inqilab rəhbərinə vaztında çatdırılır. Minnətdarlıq əlaməti kimi
«dahi rəhbər» pianoçuya o vaxt üçün çox böyük məbləğ, 20 min rubl mükafat
göndərir. Mariya Yudina cavabında qayğıya görə minnətdarlıq edir və
Stalinə yazır ki, günahsız insanların məhvində əli olduğundan onun günahlarının
bağışlanmasına görə Allaha həmişə dua edəcəkdir. (Bu pianoçunu Sibirə
göndərən, güllələyən də olmadı). Stalin öləndə həmən val onun axırıncı
dinlədiyi val kimi patifonun üstündə idi. Pianoçu Sofronitski də Stalinin
sevimli ifaçılarından biri idi. «Sovet əxlaqı uğrunda bariz döyüşçü»
pianoçuya kakoinə aludəçiliyini də bağışlayırdı. Fondda həmən ifaçının
kakoinin təsiri altında yazdırdığı konsertlər hələ də durur.
Dünyanı yəhudilərdən təmişləməyi hər çıxışında çığıran Hitler isə bunkerində
tək qalanda yəhudi ifaçılarının çalğısına məmnuniyyətlə qulaq asırdı.
Onun kolleksiyasında rus bəstəkarları Musorqski, Çaykovski, Raxmaninovun
əsərləri ən çox dinlənilənlərdən idi. Bunu valların çox işlənməkdən
əmələ gələn cızıqlarından bilmək olurdu. Əgər Hitlerdən bunu soruşsaydılar
arxasıycan apardığı minlərlə əsgərlərə o hər gün yəhudi skripkaçı Quberman
və pianoçu Şnabelin ifasını gizlincə dinlədiyini necə izah edərdi? Məncə
o, deyərdi ki, bu musiqilər son dərəcə inqilabidir və insanı qanad açmağa
vadar edir. Faşist ideyalarını isə Hitler Vaqner musiqisindən mənimsəyib.
Lenini də klassik musiqinin vurğunu kimi tanıyırıq. Leninin anası uşaqların
musiqi təhsili ilə xüsusi məşğul olurdu. Atası isə evdə o dövrdə qadağan
olunmuş mahnıları oxumağı seviirdi. Dünyanı alt-üst eləyəcək Volodyaya
atasınan ifasında eşitdiyi musiqilərlə həmin bu qadağalara məhəbbətə
yoluxur. Leninin ən çox sevdiyi bəstəkar Bethoven idi. Betxoven isə
fransız inqilabının ideyalarına yoluxaraq bütün dünyanı «azadlığa yoluxdurmuşdu».
Pudralı parikli kişilər və naz-qəmzəli zəngin aristokrat qadınlarının
içinə dəbə etiraz əlaməti kimi pariksiz, dağınıq, buruq saçlarına əl
darağı çəkib çıxmasına baxmayaraq hər dəfə alqış qazanan alman bəstəkar-Bethoven
bütün dünyanı fransız inqilabının dalıyca apara bildi. 1919-cu ildə
Lenin və hökumət üzvləri Böyük Teatrda Bethovenin «Eqmont» uvertürasını
dinləyərkən aktyor «… həyatınızı dünyada ən qiymətli olan Azadlığa görə
verməyi əsirgəməyin» sözlərini səsləndirəndə hətta Leninin gözləri dolmuşdu.
İndi bilmək istərdim ki, Avropaya inteqrasiyadan danışan, dünyəvi ideyaları
dilinə gətirən, demokratiya qurmaq istəyən, azad cəmiyyətin inqilabi
ideyaları üçün çalışan Azərbaycan xalqı, bəs siz nəyi dinləyirsiz? Uşaqlarınıza
hansı musiqilərə qulaq asmağı məsləhət bilirsiz? Onlar «Bax, atam, anam
bu musiqini zümzümə edərdi» deyib uşaqlarına nə danışacaqlar?..