Səninçün

Biz qadınlar əslində hamımız elə mələklərik…
Amma bizim qanadlarımızı kəsəndə süpürgəyə
minib uçmaqdan başqa çarəmiz qalmır!

Yazının epiqrafı bir az hədə-qorxuya oxşayır, elə bil. Mən başda olmaqnan inanıram ki, bir qadın belə istəməz ki, kişilər ondan qorxsun. Ümumiyyətlə hədə qorxu gəlmək heç qadın üzulu deyil. Saman altdan su yeritmək, qeybət, ara qarışdırmaq və ara düzəltmək arasında olan bütün hərəkət spektrində bizim monopoliyamız var. Bu danılmaz həqiqətdir. Amma bostanımız daşlanmaqdan artıq oralarda heç nə bitmir. Cinsimizin o tayıyla ortaq məxracə gəlmək məsələsində təşəbbüsü əlimizə ala bilməsək də paltarımızın balağını ki, əlimizə ala bilirik. Balağımızı topalayıb üstəlik əlimizi belimizə qoyub deyirik (inanıram ki, belə məsul anda qadınlar məni ortalıqda tək-tənha çığıran görmək istəməzlər deyə mənə qoşularlar). Bəs bu necə olur axı, mənə deyin görüm, a kişilər…
Burda emosiyalara tam hakim olmaq və söhbətin hərarətini bir az səngidib ortalığa bir balaca sərinlik (soyuqluq demədim a…) qatmaqçün haşiyəyə çıxardım. Sərinlik gətirməkçün hər dəfə küçələrə su səpməzlər ki... Bu yaxında oxuyuram ki, Çində beyninin yarısı olmayan qadın tapıblar. Sən demə qafasının içindən xəbəri olmadan ömrünü yarı eləyən qadının bir balaca (gündəlik başağrısı altında təqdim olunan müxtəlif bəhanələrdən fərqli) başağrısı olubmuş. 39 yaşında qadının (Bu yerdə «qadının yaşı elə qırxacandır» deyən bütün kişilərin ağzından vurardım, amma bu ayrıca bir mövzudur. Necə deyərlər malı mala qatmazlar) beynini müayinədən keçirəndən sonra aşkarlayıblar ki, beyninin sol yarımkürəsində boz maddəsi heç yox imiş. Yazının bu yerində qadına «parabeyin» deməyə adətkar olmuşların cavabını verməyə tələsirəm. Çünki ağzımızı yummağa bəndik, sonra qulaqlarımızı qapamalı olacağıq. Pozisiyaları əldən vermək bizim adətimiz deyil…
Hə, bilərsiz yəqin, beynin sol yarımkürəsi isə nitq, yaddaş kimi vacib funksiyalara cavabdehdir. Sol beynində bahalı liftinq kremlərindən sonra əmələ gələn arzulanan hamarlıqla yaşayan, yəni bir dənə də qırışı olmayan qadın adi, hamının normal saya biləcək həyatla yaşayıbmış. Yəni indi kişilərin forsla elədiyləri adi işləri, məsələn telefon nömrələrini yadda saxlamaq, məktəbi yaxşı qiymətlərlə qurtarmaq kimi elementar işləri asanlıqla görürmüş. Görürsüz, kişilərin hakim olduğu cəmiyyətdə (hər yerdə kişi prinsipləri, mübarizə üsulları, kişi siyasəti və kişi düşüncə tərzi işlədiyini bir daha deməyə ehtiyac yoxdu, yəqin) yarım beyinlə asanca dolanmaq olurmuş. Kişi parametrləriylə belə qadınlar çox normal sayılır. Biz para beynimizlə kişi cəmiyyətində asanlıqla baş çıxarırıqsa, öz üsil-idarəmizi həyata keçirsək nələr olar? Yazının bu yerində matriarxatdan qorxanların dizləri yəqin bir az əsdi...
Məntiqi nəticə: kişi fikri qadın fikrindən o qədər fərqlənir ki, onları heç qarışdırmaq mümkün deyil. Bu mövzuda bir lətifəni danışardım: «Necə olursa qadın fikri təsadüfən kişi beyninə düşür. Təbiətinə xas inadkarlıqla kişi fikrini, yəni tayını axtarmağa başlayır (Bu yerində erotik fikirləri tələsik qovlayın, çünki kişi fikriylə qadın fikri dünyasında cütləşməz). Gəzir, gəzir, axtarır, amma nədənsə qabağına bir fikir çıxmır. Boşluqdur… Bəlkə səhv düşmüşəm fikirləşmək istəsə də yorulanacan «Au…., hardasız? …, bəlkə azmısız?!» çığıraraq fikirdaşını axtarmaqda davam eləyir. «Bəlkə döyüşdə həlak olublar» kimi qorxulu fikirlər də keçdi beynindən. Axırda bap-balaca, zəif bir fikirciyəzə rast gəldi. «Bəs qalanı hanı? Axtarmaqdan əldən düşdüm ki…» deyə sevinən qadın az qaldı ki, onu bağrına bassın. - Bizimkilər? Eh, bizimkilər hamısı aşağıdadı, yenə də məni özləriylə aparmadılar!»
Ürəyi yumşaqlığım imkan versəydi köşənin əvvəlindəki hədə –qorxu tonunu axıracan saxlardım. Amma bu yerində ürəyim dözmədi. Bizim quracağımız cəmiyyətdə TƏKRARSIZIMı, BİR DƏNƏMi boynu bükük, nəmli baxışlarıyla məndən bir baxış, dəstək gözləyərkən gözü yolda qoymaq istəmədim. Eybi yox, biz dözümlüyük. Qadası, hakimiyyət istəyirsən? Olsun. Birinci olmaqdı məqsədin? Nə olar, dayaq olmaq mənə çətin deyil. Bilirəm, irəli çıxan kimi məni unudacaqsan… Eyb eləməz. Onsuz da bilirsən ki, bütün yazdıqlarımı sənə ünvanlayıram. Görürsən bir, indi hamı bildi ki, yalnız SƏNİNÇÜN yazıram…


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?