Palçığa bulaşmış libido
Qadınları hündürdabanlardan məhrum etsələr nə olar?

Ola bilər bu köşə bir az gecikib. Gərək onu il yarım əvvəl, Böyük Britaniya Həmkarlar İttifaqı konqresinin hündür daban ayaqqabılara qarşı qətnaməsi çıxarılanda yazaydım. Onda nədənsə bu xəbər məndə təbəssüm və təəssüf doğurdu. Gülməliydi ona görə ki, bütün Avropa problemlərini bir qırağa qoyub qadın ayaqqabılarının törədəcəyi fəsadlardan narahat idi. İnanmaq olmur, yəni onlar düşünür ki, qadın ofisə başmaqlarını şappıldada-şappıldada gəlsə daha yaxşıdı?
Qətnamədə deyilirdi ki, hamı qadın hüquqlarından narahatdı və necə deyərlər bununla məşğul olur. Yəni ki, kişilər rahat və təhlükəsiz ayaqqabı geyinir, bədbəxt qadınlarsa zülm çəkir. Onlar hündürdabanda gəzməklə öz sağlamlıqlarını risk altına atır. Dikdabanların qadın sağlamlığına ziyanlı olmasına baxmayaraq qadınlar onu ofislərdə geyinməli olur. Çünki ofis geyiminin ayrılmaz bir hissəsi sayılır. Misal üçün stüardessa, ofisiant, satıcı, katibələrin geyimini xatırladaq. Həmkarların narahatlığını həkimlər də təsdiqləyir: «Dabanlar, dizlər, çanaq sümüyü uzun müddət dikdaban geyən qadının bu səhvinin əziyyətini çəkir». Manual terapiya mütəxəssiləri də dinc durmur və deyir ki, dikdabanların törətdiyi artrit, artroz, xroniki ağrıların ucbatından ölkə ildə 2 milyon işçi günü itirir. Onlar təmbəllik etməyib bunları şotkaya da vurublar: ölkə iqtisadiyyatı qadın gözəlliyinə görə ilə 300 milyon funt itirir. Xoşbəxtlikdən həmkarlar ittifaqlarının qətnaməsi ölkə qanunvericiliyinə təsir edəcək qüvvədə deyil.
Deyək ki, qadın işlərinə baş soxan bu addımı qadınlar özləri heç bəyənmədilər. Adam heç ağlına da gətirə bilmir ki, bizdə də Qərbin təcrübəsinə arxalanıb qərar qəbul edə bilərlər ki, qadınlar işə dikdaban ayaqqabıda gəlməsin. Hər şey ola bilər.
Həkimlər dikdabanlara qarşı olub, özü də həmişə. Amma manual terapevtlərdən, yəni sümüklərin yerində olmasından narahat olan həkimlərdən fərqli olaraq uroloqlar bu məsələyə daha yumşaq baxır. Yeri gəlmiş, böyrəklər və cinsi orqanlar qadın üçün daban və dizdən daha vacib orqan sayılır. İtalyan uroloqları «Dikdabanlar qadını gözəlləşdirir» fikrini təsdiq edən tədqiqatların nəticələrini açıqlayıblar. Təcrübədə 50 yaşına qədər 66 qadın iştirak edib. Məlum olub ki, qadın boyunun 4 faizi qədərində hündürdaban geysə onun seksual istəkləri, daha doğrusu bu istəkləri doğuran təbii biocərəyanlar artır. Yəni ki, qadının daha xoşbəxt olmağa şansı artır, əgər tənha deyilsə. Cəsarətli həkimlər bunu intim gimnastikaya barabərləşdirir.
Bəs nə üçün həkimlər dikdabandan eybəcərləşmiş şəkilləri bizə göstərib qorxutmaq istəyirlər? Axı bu ayaqqabılar hamıya ləzzət verir. Məsələn, yeni dəbə minmiş step-aerobika məşğələlərini qadınlar hündürdaban çəkmələrdə yerinə yetirir. Bu vaxt qonşu zallarda məşğul olan kişilər qantellərini atıb bu mənzərələri öz gözləriylə görmək üçün qapı ağzında itələşirlər. Hamı bilir ki, dikdabanlar bədəni tonusda saxlamağa kömək edir. Qəribədi ki, dikdabanı ayaqları təbiətən uzun olan qadınlar sevir. Onlarda libido, yəni cinsi istək artıq olur və dikdaban sevən qadının daha həssas olduğu fərz edilir.
Ofislərdə dikdabanları ləğv eləsələr işçilərin daha bir silahı işdən düşəcək. Qadın gözəlliyinin əsas ölçü meyarı kişi diqqəti olduğundan bu məsələdə kişilərin fikri ön plana çəkilməlidi. Qulaqlarından bitməyə başlayan ayaqları heç kim bəyənmir. Nədənsə qadınlar özləri düşünür ki, dikdaban ayaqqabı onları daha nüfuzlu və hörmətli göstərir. Heç kim ayağındakı ayaqqabının işdə romanların sayını artırdığını düşünmək istəməz. Ola bilər ki, Britaniya ofislərini başına alan iş romanları onları belə sərt qərar verməyə vadar edib. İşdə məhəbbət barədə sorğular aşkar edir ki, soruşulanların dörddə biri intim partnyorunu işdə tapıb, 13 faizi hətta etiraf edib ki, ilk görüş elə ofisdə baş tutub. Onların 4 faizi boynuna alıb ki, heç qıraqda yer axtarmayıblar da. Ola bilər ki, ingilislər işdə stolüstü «oyun»ların qarşısını almaqçün bəzi ciddi qərar verməyə vadar olublar. Qadınları dikdabanlardan düşürsələr, yəqin ki, işdə intizam artar.
Bu köşənin mövzusu ayaqqabılarımı su şırnağının altına salıb palçığını yuyarkən yarandı. Avropalı kişi palçığa bulaşmış hündürdabanın nə olduğunu bilmir. Gəlsin bizim kişilərdən soruşsun. Bizim kişilər dikdaban ayaqqabının dövrəsinə yapışmış sarı palçığın kişi potensiyasına təsirindən uzun-uzadı məruzə deyə bilərlər. Bəlkə ona görə qızlarımız dikdabanı nisbətən az geyinir?

 

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?