Plaqiat,
oğurluq, yoxsa abırsızlıq?
Yaxud zəncilərin qaranlıq tunneldə çarpışması
1882-ci ildə (Maleviçi dünyaya tanıdan məşhur «Qara kvadrat»ın yaranmasından
hələ 33 il əvvəl) Parisdə «Exposition des Arts Incohérents» adlı sərgidə
şair Pol Bilo «Zəncilərin tunneldə döyüşü» adlı əsərini sərgilədi. Bu
Maleviçin kvadratından fərqli, yəni ki, düzbucaqlı idi. Pıqqıldayıb,
rişxənd eləmək əvəzinə bir az da səbr edin. Günah ola bilər ki, vaxtilə
qapqara kvadrata «şedevr» adını qoymuş 20-ci əsrin adamlarında idi.
Qınamalı da deyil, təlatümlər əsrinin şedevri də ona uyğun olmalıdı.
Amma 19 əsrin sonunda qara düzbucaqlıya şedevr deyən olmadı. Deyək ki,
qara düzbucaqlının tərtibatı qara kvadratınkından daha nəfis idi. Kənarlarında
incə naxışları vardı. Məncə adı da uğurla düşünülüb tapılmışdı. Heç
olmasa adamın beynində hansısa obrazların yaranmasına təkan verirdi.
Maleviçin «Qara kvadrat»ı heç nə vəd etməsə də müəllifini dünyaya tanıtdı.
Adıçəkilən sərgidə gəzişən fransız jurnalist, yazıçı, ekssentrik yumorist
Alfons Allenin bu ideya o qədər xoşuna gəlir ki, bu fikrin davamı kimi
1893-cü ildə qara düzbucaqlısını «Gecənin zülmətində qapqaranlıq mağarada
çarpışan zəncilər» adlandırdı. Sonra bu ideyanın davamı kimi ağappaq,
yazılmamış vərəqi sərgiləyərək «əsərin» adını «Qar düşmüş çöllərdə xlorozdan
(yəni qan azlığından) əziyyət çəkən qızların xaç suyuna çəkilməsi» qoydu.
Allenin bu hoqqası «koloristik partlayış» kimi dəyərləndirilir. Nədənsə
heç kim narahat deyildi ki, «Qırmızı dənizin sahillərində apoplektik
kardinalların pomidor yığması» tablosunda bir dənə də cızıq yox idi.
1894-cü ildə sərgilənmiş bu tablo qıpqırmısı rəngdə rənglənmiş düzbucaqlı
idi. Hadisələrin illərini ona görə dəqiqliklə yazıram ki, sənət tarixindən
baş çıxanlar həmin illərdə çəkilmiş, sərgilənən işləri xatırlaya bilsin.
Bu məlumatları olmayanlar 19 əsr rəssamlığı ilə maraqlanıb qırmızı düzbucaqlını
məsələn impressionist rəssamların işləriylə müqayisə edə bilsin.
Üstündən 3 il keçmiş Allan «1 aprel albomu» kitabını nəşr etdirir və
ora daha 4 əsər daxil edilir. Burdakı göy, yaşıl, sarı və boz düzbucaqlılar
əvvəlki tablolar kimi istedadla çəkilməsədə dahiyanə adlandırılmışdı.
Kazimir Maleviçin suprematik etiraflarndan çox-çox əvvəl Alfons Allen
bu abstrak rəsmlərin «naməlum müəllifi» olarıq məşhurlaşdı. Onun adını
çəkməsələr də ideyasını bəyənir və şübhəsiz tapıntı sayırdılar. Amma
nə olsun? Suprematizmin atası da, yaradıcısı da Maleviç sayılır. Çünki
az qala bir əsr əvvəl uydurmalarını sərgiləyən Alfons Allan üzünə çoxmənalı
ifadə verib filosofcasına tamaşaçılar arasında gəzişmirdi və öznü bu
sahənin «kolumbu» da saymırdı. Bir tək bu təvazökar səbəbdən tarix onun
adnı demək olar ki, unutdu. Heç kim xatırlamadı ki, əsrinin hoqqabazı
hələ 70 il əvvəl Con Keycin «4, 33» adlı 4 dəqiqə 33 saniyədən ibarət
sükutunu, daha doğrusu minimalistik pyesini artıq «səsləndirmişdi».
Maleviç «Qara kvadrat»ını 1915-ci ildə yazıb. Tərəfləri 79,5 santimetrlik
qara kvadrat ağ fonda nazik fırçayla çəkilmişdi. Rəssamın dediyinə görə
müllif əsərin üzərində bir neçə ay işləmişdi. Bu Qara kvadratın daha
2 «qardaşı» da var: Qırmızı və Ağ kvadrat. Qara kvadratın sərgiləndiyi
zal çox iri idi və əsəri yaxşıca reklam edə bilirdi. Deyilənlərə görə
rəssam hazırladığı əsəri vaxtında çatdıra bilmədiyi üçün onu qapqara
rənglə yaxmalayıb sərgiyə gətirmişdi. Sonradan kvadrat məşhurlaşandan
sonra o, qara kvadratları ağ kətanlarda çəkməyə başladı. Bu məlumatın
doğru olub-olmadığını yoxlamaqçün üstdəki qara rəngi qaşıyıb altındakı
rəsmi aşkarlamaq lazımdı. Amma sənətşünaslar «dahi əsərə» zərər verməkdən
çəkinirlər.
Tarix sürüşgəndi, tarix unutqandı. İstedadlılar bağlı qapı arxasında
çalışarkən istedadsızlar ortalıqda hərlənib adamın gözünü yorurlar.
Allah insanın istedad payından bir az kəsəndə ona başqa bir keyfiyyət:
təkəbbür, mənəm-mənəmlik, seçilmək istəyi verir. Bəzən bu, insanı oğurluğa,
plagiata sövq edir. İstedadlı oğrular yaxşını pisdən ayırmağı çox yaxşı
bacarır. Gəlin etiraf edək, biz küçədə tapdığımız az-çox qiymətli əşyanın
sahibini axtarmırıq. «Qarşıma çıxdı» deyib cibimizə qoyuruq. Biz avtobusda
itələşirik ki, yerin ən yaxşısında oturaq. Ehtiyacı olanı gözümüz görmür.
Biz bağçalarda uşağın meyvə payını əlindən alıb evimizdəki uşağa yedizdirə
bilirik, utanıb qızarmadan. Biz küçələri süpürənin də balaca maaşını
mənimsəyə bilirik, bös-böyük millətin gələcəyini də, azadlığını da.
Bu sadəcə bir mənəviyyat məsələsidi, problemidi, açılmaz düyünüdür.
Ona görə də indi mən durub plagiatdan yazsam məni fitə basıb gülərlər.
Desəm ki, məşhur saytlar yazılarımı qoyub müəllifini göstərmir, deyərlər
ki, bir sayğaca bax. Həqiqətən də həmin saytda yazıların sayğacı 3,
bəzən də 4 rəqəmli ədəd göstərir. Yəqin ki, tarix də həmin o adsız yazımı
xatırlayacaq.