Kişi
üslubunda köşə
Yaxud kişilər belə yazardı
Qadınlar həyatının ən qiymətli hissəsini kişiyə bəxşiş edirlər.
Sonra hər şeyi pula çevirib, xırdalayıb geri alırlar.
Oskar Uald
Tanışlarımdan biri çatda qızıyla şəklini qoyub. Elə bil ki, hamıya «evliyəm
ha, toxunma» demək istəyir. Guya evli kişini subaydan ayırmağın yollarını
bilmirik. Anadangəlmə intuisiyanı bir qırağa qoyaq, bunu sübuta yetirən
dilsiz ağızsız «çığıran» əlamətlər də var ki, yarlık kimi üstündən asılır
və «zanitdi» deyib gözəl qadınları hürküdür.
Əvvəla, evli kişilərin üzüyü olur. Bəzilərinin barmağında, bəzən maşının
bardaçokunda, bəlkə çantasının dibində, bəlkə də evdə qızıl mücrüsündə
mütləq üzüyü olur. Bəzilərinin üzük ürəyindən asılır elə bil. Üzük ki,
oldu, deməli burda qadın da var. Üzük olan yerdə qadın olmaya bilməz.
Bu aksiomadır. Yoxsa kişini üzük taxsmağa kim məcbur edə bilərdi ki?
Əgər kişi nəsə gizləyirsə deməli gizlətməyə adamı var. Nəsə deyəndə
adətən pul nəzərdə tutulur. Axı insan tək olanda nəyisə gizlətməyə ehtiyacı
olmur? Pulun başından aşırsa da hamısı səninkidir. Əgər gizlədirsənsə
mümkün qədər çox pulu aradan çıxarmalısan. Trafeyini etibarlı yerdə
gizlədib varidatının tam sahibi olmalısan və ən vacibi sonra gizlədiyin
pulu çox operativ şəkildə xərcləməlisən ki, duyuq düşən olmasın. (Kişilər,
sadaladığım əlamətlərin sırasını qarışdarmayın ha. Bəzən olur ki, axırıncı
punktdan başlayırsız.) Adama elə gəlir ki, bankomatları da evli kişilər
düşünüb tapıb. Yoxsa, qadınların pul gizləməyə yeri yox idi?
Evliliyi büruzə verən ən xəyanətkar əlamətlər qarın və buxağın sərhədləri
aşıb keçmiş ölçüləridir. Azadlığını əldən vermiş kişinin birgə qazancı
var, o da vaxtı-vaxtında və çoxlu yemək yemək. Mətbəxdə «ölənəcən» yedizdirilmiş
kişinin əvvəlcə qarnı, sonra baxağı sərhədlərini aşır. Bir neçə ildən
sonra kişinin üzündə razılıq adlandırıla biləcək bir ifadə əmələ gilir
ki, onu heç cür təklikdə, dostlarınla, restoranlarda, qonaqlıqlarda
yeyib doymaqla qazanmaq mümkün deyil. Qarın və buxaq bir yana, amma
evli kişinin gözündəki ifadə - onu «tox pişik» də adlandırmaq olardı-
bütün kartları bir saniya içində açır. Tox pişik kimi ona da heç kim
lazım deyil. Gözündəki işartı çoxdan sönüb. Hətta gözləri axtarırsa
da, orda parıltı əvəzinə qaz plitəsinin alovu görünür.
Bütün evli kişilər üçün, yaxşı ya pis olmasından asılı olmayaraq 8 mart
ən mənasız bayram sayılır. Daha doğrusu ona «qara gün» də deyərdi, arvadını
incitməkdən qorxmasaydı. Hədiyyə axtararkən mağazaları əldən salıb özünü
ora-bura vuran kişilər hələ ki, «Axı kimdir günahkar?!» sualına cavabı
tapmayıblar. Bəziləri dəqiq bilir ki, əziyyətləri Klara S. və Roza L.
adlı iki xanımın ucbatındandı. Neynəsinlər, kişi sevgisinə tamarzı qalmışdılar
da! Odur ki, kişilər, qadınları bərk-bərk sevin, yoxsa onlar başqa bir
işgəncə düşünüb taparlar.
Subay, ya da evli kişinin evinin kandarından içəri keçən kimi burda
qadının olub olmamasını anlamaq olur. Evin xanımı səliqəli də ola bilər,
pinti də. Amma qadınlar ərazilərini qoxularla işarə edirlər, lap təbiətdə
erkək heyvanlar kimi. Hamamda diş pastası, yataq otağında kremlərin
qoxusu, pomada, kosmetika və ətir iyi hər yerdə. Kifayət etməsə, yəni
ərazi böyük olsa orda-burda qoyulmuş üzüklər, bilərziklər,böyunbağılar,
olmasa lap başmaqlar «Mən burdayam!» deyib çığıracaq. Qadın evdədirsə
mütləq yemək iyi çıxaracaq. Ya dezozorantın, lap bəd ayaqda güvəyə qarşı
vasitənin, xlorun, tarakan dərmanının iyini evə buraxacaq. Ola bilər
bu o qədərdə humanist hərəkət deyil. Bütün bunlar qadının həyat və fəaliyyətindən
alınan əlavə məhsullardır. Deyirlər, qadınlar olmayanda bütün bunlar
da yoxuydu. Mən xatırlamıram.
Evdə qadının olmasını sübuta yetirən ən böyük əlamət uşaqlardı. Əlbəttə,
qadın olmasa uşaq hardan əmələ gələsidi ki? Bunu hətta elm də sübuta
yetirib ki, uşaqlar kolbada yetişdirilmir! Dibçəkdə də böyümür.
Bankomatları kişilər fikirləşibsə də şkafda adam gizləməyi qadınlar
kəşf edib. Məşhur lətifədəki kimi kimsə orda oturub tramvay gözləyirsə
bunu yalnız qadın uydura bilərdi. Sonra bu situasiyadan çıxmağın yollarını
da eləcə…
Bir də ki, əgər sizin ev telefonunuz daim məşğuldursa deməli tək deyilsiz.
Nə qədər ki, evlilik statusunuz yox idi bir-birinizlə danışırdız. Qohumlar
bir kəlmə söz deməkçün saatlarla sizə zəng edirdi. Evlənəndən sonra
isə o, sizin telefonda başqaları ilə danışır. Hər bir halda tanışdarınız
sizinlə söhbətə həsrət qalır. Bundan sonra qadınlara yumşaq desək istismarçı,
bir az istiotlu danışsaq canavar necə deməyək?