Bütün
yaxşılıqlara ölüm!
Şəhəri qarış-qarış satmış «Baksovet»ə serenada
Qonşuluğumuzda bir qadın yaşayırdı. Evlərdən uzaq, azyaşlı nəvəsini
gözü qarşısında maşın vurandan sonra mərsiyə deməyə başlamışdı, bir
növ dili açılmışdı. Tanış-bilişdə, qonum-qonşuda yas düşən kimi dəvətsiz
gəlir, mərsiyə deməklə ürəyini boşaldardı. Mən də ölüm-zülümlə tikdiyim
eyvanın sökülməsi (özü də öz hesabıma sökülməsi) ittihamı ilə məhkəmələrdə
uduzduqca bir növ dilim açılır. Amma mənim serenada deməyim gəlir. Gedib
duracam «Baksovetin» qarşısında (Sonradan bu binanın adını nə qoyurlarsa
qoysunlar. Köhnə bakılılar kimi mənimçün bura elə «Baksovetdi», vəssalam),
başımda sambrero, ya kəlağayı (yəqin ki, bunun heç bir rolu yoxdu) ağzımı
açıb gözümü yumacam. Amma dayan, ora niyə gedim ki, məncə məni burdan
da eşidərlər.
Normal insanlar bir hadisə baş verəndə ilk əvvəl özündən soruşar ki,
görəsən mənim səhvim nədə olub? Gəlib gedəni artıqlamasıyla yola salmışam,
dövlətin kadr siyasətinin əksinə çıxmamışam. (Alıb vermə sisteminin
müəllifi mən deyiləm ki, hamının yerinə cavab verəm) Bu minvalla iki
ildən artıqdı ki, bir dəstə məmuru dolandırıram. Əvəzində onlar mənə
möhür və imza olan çoxluca kağız göstərib qorxudur, hər dəfə məcəllədən
müxtəlif rəqəmli maddələr deyib çaş-baş qoyur və qapımıza ziyarətdən
cibidolu çıxıb gedirlər. İndi 2 etap uduzandan sonra günahlarımı etiraf
eləyib «Baksovet»dən halallıq almalıyam, çünki bəzi prinsipləri kobud
şəkildə pozmuşam:
Eyvanımı tikərkən evin qarşısındakı tənha çinarı kəsməmişəm. O, indi
beşmərtəbəli bina hündürlüyündədi, artıq yarpaqlayıb və göz oxşayır.
Nə bileydim ki, onu kəsməliyəm, lazımi instansiyalardan gəlib məni cərimələməliydilər.
(Əlbəttə ki, əvvəl qanun barədə bir xeyli danışandan sonra). Gör nə
qədər adamı çörəksiz qoymuşam, Allah!
Sabunçu rayonu ərazisindəki çoxminlik qanunsuz eyvanlar içində təkcə
mənim eyvanıma düşən şərəfin miqyasını anlamamışam. Təkcə bizim binada
sayca 11-ci olan eyvanımın tarixi dəyərini başa düşüb fəxr hissi keçirməmişəm.
Üstəlik hər dəfə məhkəmədə onları da misal çəkib nümunə gətirmişəm.
Mən nə cəsarətlə eyvanın iki başını kərpiclə tikmişəm, İlahi! Axı indi
oğrular bizə hardan gələcək, bütün yollar bağlıdı. Hal əhli olan divar
qonşumuz «lomka»sı gələndə məcbur olub qapını döyəcək və borc istəyəcək?
(Qabaqlar arabir bizə gəzə-gəzə gələrdi) İldə iki dəfə havalanan o biri
qonşumuz ürəyi sıxılanda harda gəzişəcəkmiş, öz evində, ya öz damında?
Mən bundan sonra «uçastkovı»nın gözünə necə baxacam? Hadisənin qarşısını
almaqla bir ailəni (ən azı) maaşla yaşamağa möhtac eləmişəm.
Damı şiferlə örtəndə əllərim qırılaydı. Axı binanın damının dörddə birini
yağışdan qorumuşam. Bəs dam örtüyü sıradan çıxmalı, sonra evlərə dammalı,
sonra binanın fasadını pis günə qoymalıydı. Sonra bina sakinləri şikayət
yazmalıydı. Bu ərizəyə baxılmalıydı, sonra vəsait ayrılıb ciblərə getməliydi.
Dama bu məbləğin onda biri sərf olunmalıydı. Bəyəm mən bunu bilmirdim?
Yekəbaşlıq eləmişəm.
Atdığım addımın faciəsini mən Hacıbala Abutalıbovun məktubunu oxuyandan
sonra anladım. Üzü Bakıxanov dağına baxan eyvanın şəhərin görkəmini
pozduğu barədə oxuyanda utanıb yerə girdim. Həqiqət beynimdə ildırım
kimi çaxdı: «Özbaşnalığa son qoymalı, özbaşnalığa son qoymalı…» Sonrasını
xatırlamıram.
Hələ eşitmişəm ki, ünvanımız kitaba düşüb, deyirlər heç nə eləmək olmaz.
Bundan bir qədər fəxr duyuram.
İndi gecələri rahat yatmaq çətinləşib. İşdən çıxarılmış MİS müdürü və
baş mühəndisin taleyi rahat buraxmır. 20 il rüşvətə adətkar olmuşların
çörəyinə bais oldum. İndi onlar nə edəcək?
Mən nə cəsarətlə məhkəmədən artıq tikilmiş eyvanın cəriməsini verməyi
xahiş eləmişəm! Qapımıza açılmış cığırları ot bassın? Zəvvarların, məhkəmə
pristavların ayağını kəsmək istəmişəm. Onlar bəyəm adam deyil, qarnı
yoxdu?
Nolardı sökülərdi, 1-2 adamın başına daş düşərdi, 3-4 maşın cızılardı,
bir qədər də antenna, telefon xəttləri qırılardı, uzaqbaşı bir az da
toz olardı. Palaza bürün, elnən sürün. Toz içində yaşamırıqmı? Onda
polis gəlib ləzzətlə bizdən yazılan şikayət ərizələrini yığardı. 2 ildi
ürəklərində qalıb, yazdıra bilmirlər.
Sonuncu etirafı dilə gətirmək lap çətindi. Eyvanı bəhanə gətirib artıq
ikinci yazıdır ki, yazıram. Üstəlik buna görə qonorar da gözləyirəm.
Başqalarının bədbəxtliyindən pul qazanmaq istəyirəm. Amma yumşaldıcı
məqam kimi, xahiş edirəm nəzərə alasız ki, qapımıza gələnlərin heç birinə
press kartımı göstərməmişəm. Addımbaşı jurnalist olduğunu demək özü
də bir zorakılıqdı.
P. S. Çox təssüf ki, köşənin başlığı mənim tapıntım deyil. Maqsud İbrahimbəyovun
kitabının adı yazının qayəsinə çox uyğun gəlirdi ki, mənimsədim.