Cəmi
bir kadr…
Hər günüm «Mənasız işlərlə məşğulam» fikri ilə keçir. Bu fikir başımda
dolaşır və əvvəllər olduğu kimi heç bir maneəyə rast gəlmir. Daxilimdə
heç bir qüvvə buna etiraz etmir. Sanki mənasız və lazımsız işlər həyatımın
normasıdır. Bir tanışım demişkən buna görə hələ bir pul da verirlərsə
niyə də olmasın?
Ona da bilirəm ki, Yaponiada lazımsız kəşflər cəmiyyəti var. Hər şey
adından məlum olur. Bu cəmiyyətin üzvləri heç kimə lazım olmayan əşyalar
kəşf edir, ideyalar irəli sürürlər. Hələ bir utanıb qızarmadan cəmiyyət
yaradıblar. Cəmiyyət üzvlərinin işlərini patentləşdirmək və satmaq hüqüqü
yoxdur. Amma bu onları deyəsən ruhdan salmır. Hər necə olsa da heç olmasa
bir nüsxə hazırlayıb nümayiş etmək lazmdı axı. Bu sahənin nailiyyətləri
yanmayan siqaret, çay dəmləmək üçün yaş olmayan paket səviyyəsindədir.
Mənsə bura bütün jurnalitləri üzvlüyə yazdırar və onların ixtiraları
sırasına ictimai hadisələri əks etdirən, ya da faktlar dolu araşdırma
yazılar yazmağı da əlavə edərdim.
Elə bilməyin ki, bütün ağıllı niyyətlər ağıllı nəticələrlə qərarlaşır.
Məsələn, yalnız gün vaxtı işləyən fənərin ixtirasının məqsədi nə imiş?
Əlbəttə, fənər akkumilyator və ya batareyadan enerji almadan işləyir.
Amma gün batan kimi onun da işığı sönür. Maraqlı amma mənasız ixtiralar
içində piyadalar üçün portativ «zebra» da yer alıb. O, adama istədiyi
yerdən küçəni keçməyə imkan verir. Polimer təbəqədən hazırlanmış bir
metr eni olan bu balaca, ağ zolaqlı «zebra»nı xalça kimi büküb vurursan
qoltuğuna və kimsəni vecinə almırsan. Əşyanın təlimat kağızında nə zaman
işləməyin yolları yazılmayıb. Amma hər ehtimala qarşı onu maşınların
sıx olduğu yerlərdə istifadə etməmək kimi müdrik məsləhət təlimatda
qeyd edilib.
İsti yeməkləri soyudan portativ ventilyator necə, ağıllı, yoxsa mənasız
ixtiradır? Onu yapon yemək çubuqlarına, eləcə də çəngəl-qaşığa da bənkitmək
olar. Ya da yeməyi olduğundan 2 dəfə artıq göstərən boşqab cəmiyyətə
lazımlıdır, ya yox. Onun quruluşu elədir ki, yarısı güzgüdən ibarətdir.
Ona görə də yeməyi əks edərək olduğundan artıq göstərir. Necə deyərlər
qarnı yox, gözü doyurmaq üçün icad edilib. Bu ixtiranın sahibi mən olsaydım
ona gözəl bir daşdan keçən təlimat kağızı yazar və onun lazımlı kəşf
olduğuna hamını inandırardım.
Kəşflərin içində metroda yatmaq üçün papaq adı altında maraqlı bir ixtira
da vardı. Papağın üstündə «Məni filan stansiyada oyadın» sözləri yazılıb.
Onu gözünün üstünə çəkib skamyaya yayxanmamışdan əvvəl onun pəncərəsinə
lazımi stansiyanın adını keçirmək lazımdı, vəssalam. İxtiraçı deyir
ki, bu əşa nəinki yatmaq istəyənlə, üstəlik oturmaq istəyənlərə də lazımdı.
Məsələn, girmisən metroya, oturmağa yer yoxdu. Belə papağın altında
yatan oğullardan birinin stansiyası çatan kimi onu oyadır və yola salırsan.
Sonra vicdan əcabı çəkmədən yerini tutursan.
Kürəyində koordinat cədvəli cızılmış köynək də maraqlı kəşfdir. Tutaq
ki, kürəyin qaşınır, heç cür izah edə bilmirsən ki, qaşınan yer haradı.
Bir az da keçsə yoldaşın ikinci, üçüncü cəhddən qaşınan yeri tapa bilməsə
bir atalar məsəli yada düşəcək. Hamı da bilir ki, kürəyin qaşınan yerini
birinci dəfədən tama bilməyən həmin adamı sevmir. Olacaq ailə-məişət
səviyyəsində biabırçılıq. Amma əynində koordinat sistemli köynək olarsa
yoldaşına «Əzizim, B9 xanasnda kürəyim qaşınır, bir əlini ora sürtsənə!..»
deyən kimi həmi qaşınan yer tərəddüdsüz zərərsizləşdirilir və kimsə
yoldaşının ürəyindəkilərdən duyuq düşmür. Ola bilər ki, təzə-təzə həmin
xanaların yerləşmə növbəliyini örənmək lazım gcələcək. Ya da kağıza
yazıb şparqalka kimi istifadə etmək də olar.
Güzgülü güzgü nəyə lazımdı ki? Bu güzgü sizi başqalarının gördüyü kimi
göstərəcək. Ya da portativ pillə? Onu qoltuğunda gəzdirib pillənin hündür
olduğundan keçilməz olduğu yerlərdə istifadə etmək olur. Qızdırıcılı
qələm necə, yazıların keyfiyyətini artıracaq görən? Belə qələmi şaxtalı
gündə bayırda işlətmək olacaq. Qələm həm mürəkkəbi, həm də yazan mübarək
əlləri öz hərarətiylə qızdıracaq. Tərsinə işləyən tozsovuran isə dava
şəraitində yaşayan qonşuların münasibətinə yeni çalarlar gətirəcək.
Onun içində əvvəlcədən hazırlanmış toz yığını da var. Məsələn, həmin
zəhləngetmiş qonşu tozsovuranı 5 dəqiqəlik istəyir. Aparıb qoşur, tozlar
isə yığılmaq əvəzinə havaya duman kimi qalxır. Həmin bu ideyanın müəllifini
dəfələrlə ictimai əsayişi pozduğuna görə həbs ediblərmiş. O, inanır
ki, təxəyyülünün məhsulu lokal rayonlarda daha yararlı olar.
Lazımsız işlərlə, ixtiralarla məşğul olan ixtiraçılar düşünür ki, vaxt
gələcək, onların da zəhmətinə ehtiyac olacaq. Yəqin bu fikirləri dilinə
gətirəndə onlar nə vaxtsa zəhmətinin həqiqi haqqını görəcəyi bir günü
də düşünürlər. Bax, həmən zaman onları da dahilər sırasına salacaqlar.
Bu fikirlər bəzən mənim beynimdə dolaşan hələ köşələrə çevrilməmiş cümlələrlə
üst-üstə düşür. Elə oradaca «Jurnalistika nədir?» sualı altında bir
cavab yatır: «Mən atlarla dolu vaqon görürəm, onlar yanır. Mən onlara
kömək edə bilərəm. Amma mən bütün bu səhnənin nə qədər gözəl olduğunu
da görürəm. Ona görə mən onun fotosunu çəkəcəm». Bu, mənəviyyatsızlıqdı,
etikadan uzaqlı, amma reallığın özüdür.