Nənələr və nəvələr
Yaxud nağıl deyən nənələrin sorağında


Ölənlərinizə rəhmət, mənim rəhmətlik nənəm qocalığında hikkəli, zəhmli xasiyyətini 180 dərəcə dəyişib kaprizli, həlim və incik bir qocaya dönmüşdü. Bununla belə yanında yaşayan dayımın 6 uşağının həyatını tam nəzarətdə saxlamağı bir yana, o biri uşaqlarına və nəvələrinə də əli çatırdı. Birinə bir qulluq, o birinə bir xahiş, o birisinə bir irad. Böyüklər qarışıq nəvələrin haqqı nə idi ki, ona dediyi sözün intonasiyasını bir balaca qaldıraydı. Nənəmin hakimiyyəti elə qurulmamışdı ki, hardasa bir çat verəydi.
Nənəmin evi də, mətbəxi də, avadanlığı da ayrı idi. Amma o, axşamçağı, böyüklər evə gəlib çörəyini yeyəndə nıqqıldaya-nıqqyldaya dayımgilə keçməyi sevərdi. Evdəki televizorun tozunu alıb, üstündəki süfrəni düzəldib amma yandırmazdı. Keçib dayımgildə əlbəttə ki, süfrənin başında oturar və xüsusi intonasiya ilə deyərdi: «Nə görmüsüz e, bu urusun verilişlərində. Hayıf deyil bizimkilər». Adam dilinə tərcümədə bu «Mən televizora baxmağa gəlmişəm, kanalı dəyişin, Azərbaycan dilində verilişlərə baxmalıyam» demək idi. Bu şəffaf eyhamdan sonra kimin haqqı nə idi ki, «Ay nənə, axı bu film maraqlıdı, qoy baxaq da» deyəydi. Xatırlayırsızsa o vaxtlar film müəyyən saatlarda, uzağı gündə bir dəfə verilərdi. Baxmadınsa özündən küs. Bu sehirli söz havada əriməmiş televizorun kanalı dəyişilərdi və nənəmin üzündə razılıq ifadəsi görünərdi: «Oxay, adamın ürəyinə yağ kimi yayılır. Gör nə gözəl oxuyur». Sonra başını mahnının ritminə uyğun yelləyərdi ki, nəvələrin istirahətinə haram qatdığı çox da gözə girməsin. Az keçməmiş gözü yol çəkər, televizorda baş verənlər artıq ona maraqlı gəlməz, araya söz qatıb tamam başqa istiqamətdə söhbətləşər və nəvələrin gizlincə kanalı dəyişdirdiyinə də hiss etməzdi. Hamı da bilirdi ki, nənə bura televizora baxmağa gəlməyib. Onun öz televizoru daha yaxşı göstərir və indi oturduğu divan da öz evindəkindən daha nimdaşdı.
Əslində mənim nənəm bura həyatının mənasını axtarmağa gəlmişdi. Bütün azərbaycanlı nənələr kimi o həyatını balalarına həsr eləmişdi. Öz kitabını yazmamışdı, tədqiqatını aparmamışdı, biznesini qurmamışdı, dünyanı gəzib əldən salmamışdı, dünya xanımları kimi xeyriyyəçiliklə məşğul olmamışdı, nə mitinq eləmişdi, nə də etiraz. O, dünyaya gətirdiyi uşaqların həyatında bütün arzularını reallaşdırmağa çalışmışdı. Bir növ poliqon kimi bütün silahlarını öz balalarının başında sınamışdı. Belə nənə növü Azərbaycanda çox geniş yayılıb. Hətta nəvələrini başına yığıb nağıl danışan nənələrin özü də nağıla çevrilib. Bizə elə gəlir ki, nənələr nağıl deməlidi, çünki bunu da nənələr özü deyib. Ona görə də həyatını balaların bəxş eləmiş nənələrin nə vaxtsa qurbanının əvəzini alacağı bir gün gəlir. Oğullar bu səhnələri görüb cınqırını çıxara bilməz. Çünki oturduğu evi özü tikməyib, içindəki avadanlığı da özü almayıb. Böyüklər nə vaxtsa yığışıb dədə-baba yurdundan ona ev payı ayırıb, evləndirib, içini avadanlıqla doldurub, ona hazırını veriblər. Əsrlər boyudur, biz belə yaşayırıq. Ona görə də böyüklərimizə cavab qaytarmağa haqqımız çatmır.
İndi buna böyüyə, qocaya hörmət demək olar, ya yox? Əgər biz öz qocalarımızı birtəhər yola verə biliriksə niyə qocalar evindəki yaşlılarımız ehtiyac içindədir? Etiraf etməliyik, biz başqasının qocasına özümüzünki kimi baxacaq bir cəmiyyəti hələ ki, qura bilməmişik. Biz öz qocalarımızı güclə yola veririk, çünki onlara borcluyuq. Biz qocaya hörmət etmirik, sadəcə borcumuzu qaytarırıq. Uşaqlarımıza borc veririk ki, zamanı çatanda geri ala bilək. Xoşbəxtlikdən ata-ana bir cüt olur və bacı-qardaşlarla çırmanıb, köməkləşib valideynlərin qocalığını, sonra o dünyalığını verə bilirik. Deməli belə çıxır ki, kimsə, evlərdən iraq, uşağını itirirsə bütün gələcəyini və rahat qocalığını da itirir. Tək övladının ölümünü görənlər də olur, balasını şəhid verənlər də, övlad həsrətilə yaşayanlar da. Bizim qurduğumuz cəmiyyətdə qocalar dövlətə yox, yalnız və yalnız uşaqlarının vicdanına güvənir.
Ola bilər, qismət olsa mən də nə vaxtsa oğlumun evinə gəlib nəvələrimi multfilmdən məhrum elədim. Çünki hələ ki, nə kitabımı yazmışam, elmi işimi müdafiə etməmişəm, yaratdıqlarımı sərgiləməmişəm, cəmiyyətə verə biləcəyimi hələ ki, verə bilməmişəm, bütün balalar üçün azad, yaltaqlıqdan uzaq cəmiyyət qura bilməmişəm, balalarıma həll edilməmiş problemlər qalağından savayı heç nə verə bilməmişəm. O gün ki, hər kəs cocuğa öz balası kimi, hər qocaya da öz valideyni kimi baxa biləcək, bax onda bizim böyük-kiçik sözünü dilimizə gətirməyə haqqımız çatacaq. Nəvələrin nənə-babaya çevrilməsi bir göz qırpımında baş verir. Həmin bu göz qırpımında güvənli dövlət, fəxr ediləsi cəmiyyət qurmağa macal tapmaq lazımdı. Nənələrin evlərdə qurduğu hakimiyyət timsalında cəmiyyətimiz qurulsa nəvələri multikə baxmaqdan ayırmaq lazım gəlməz. Onsuz da nağıl deyənimiz artıq yoxdu…

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?