Fakir,
foxsa fağır?
Nağılları hələ
də çox sevirəm. Reallığı əks eləyən kitablardan ləzzət alıb bir kənara
tullayan kimi bir desert kimi nağıl da oxumağım gəlir. Desertə şirin,
dadlı bir şey «yeyərlər». Amma çoxdandı ki, yeni nağıl tapa bilmirəm.
Bütün nağılların padşahı olur. Fağırın biri isə sarayın hiyləsindən
qurtulub qalib gəlir. Elə düşünməyin ki, son günlər dəbdə olan padşah
kəlməsini işlətməyim referendumla bağlıdır. Əslində padşahlıq məsələsi
həmişə aktualdır. Amma köşənin qəhrəmanı padşah deyil, fağırdı. Nağıl
ənənələrinin davamı kimi.
Bura Şərqdi. Okeaniya adalarının nağılları yağışdan, küləkdən danışa
bilər. Bizdə isə hər şey reallığa çox yaxın olur. Personajlar, situasiyalar
tanınası dərəcədə yaxın və doğma. Şərq nağılları teatrallığıyla seçilər.
Ağzından od püskürən, əlinin işarəsiylə adamları yox eləyən sehrbazlar
olmasa day o nə nağıl oldu ki? Real həyatda belə hoqqabazlara fakir
deyərlər. Fakir deyən kimi yəqin hamının yadına foksçular düşdü. Deyirlər
ki, foksçular da fakirlərin iş texnikasını mənimsəyib. Əsil fakirlər
bizim nağıllarda və Hindistanda yaşayır. Fısıldayan ilanı bir baxışıyla
ram eləyir, yanan fakeli udur, predmetləri göz qarşısında yox eləyir.
Fakir üçün iynə üzərində yatmaq yun döşəkdənsə yataq dəstlərimizi istila
eləmiş yeni süni material – sintipon döşəkdə yatmaq qədər adi bir şeydi.
Hətta deyirlər ki, oralarda camaatı heyrətləndirməyi sənət seçmiş fakirlər
iynə üstündə oturmağı turistlərin xətrinə sutkada saathesabı, yəni ki,
biz 8 saatı işdə keçirməyə məcbur olduğumuz kimi gündəlik yapır və əvəzində
bir parça çörək qazanırlar. Odur da, ona görə Hindistana nağıllar ölkəsi
deyirlər.
Ümidvaram fakirləri fokusçularla müqayisəm hər şeydən hali oxucunun
xətrinə dəymədi. Fakirlik (bizdə buna fəqirlik deyirlər) insanın mənəvi
inkişaf yollarından biri sayılır: Fakir yolu, monax yolu və yoqin yolu.
Ölməzlik axtarışlarında fakir yolunu seçmiş insan bədəninin tam hakimidir.
O ağrı tanımır, ya da ağrısına məhəl qoymur. Günlərlə ac qala bilir,
mədəsinin qiyamını qulaq ardına vurur. Bədənini incidərək onun tam hakiminə
çevrilir. Şərqdə (bu dəfə bizi yox, üzü günçüxandakı Şərqi, xüsusilə
də Tibet tərəfiə nəzərdə tuturam) fakirlikdən sonra salamat qalmış adamı
yoqa məktəbinə götürür, bərpa eləyir, sağaldır və inkişafın ardını başlamaq
şansı verirlər. Bilik və ağıl yolunu seçmiş yoqinlər fakirdən bir addım
qabaqda olmuş olur. Monax yolu isə dini baxışları təsiri altında bütün
emosıyalarını iradəsinə tabe eləmiş adamların yolu sayılır. Bu dəfə
günçıxandan buraya qayıdaraq fakir sözünün dəyişməsinə baxaq. Tərki
dünyaların, dərvişlərin də yolu olan fəqirlik hardasa fağıra, yarıyolda
hansısa döngələrin birində fokusçu fakirlərə çevrilib. Sufi qəbirlərinə
əzalarını sürtüb şəfa diləyən bizlər üçün bəlkə də bu o qədər də fərqli
bir şey deyil. Nə fərqi var: fakir yoxsa fağır?
Yalnız nağıllarda fağırlar padşaha qalib gəlir. Bura isə Şərqdi, özü
də Tibet dağlarından fərqli bir Şərq. Burda fağır olmaq böyük qəbahətdi.
Səni adam yerinə saymayacaqlar, sözünü eşitməyəcəklər, qarın dolusu
çörək tapa bilməyəcəksən. Mənəvi inkişafdan söhbət gedə bilməz. Burda
padşah olmaq dəbdədir. Amma padşahlıq hamıya verilməz. Ona görə də fağırlıqdan
ikrah duyanlar foksçuluq eləyir. Bir göz qırpımında milyardlar «qazanır»,
milyonların pulunu «hop» deməmiş yoxa çıxarıb xırıd eləyir və sənə ağzını
açmadan, çeynəmədən tox olmaq dərsi verir. Bilirsiz də fokusçular tünlüyü
sevər, onda qəbahətləri gözə görünmür.
Neynək, bu nağılın da öz qanunları var. Fağırlar qanun pozmaz, hətta
bütün qanunlar fağırlarçün yazılsa da. Burda padşahlara qalib gəlmək
də olmaz. Burda hətta şahlıq quşu da bilir ki, kimin başına oturmalıdı.
Gözləmə ki, birdən başına oturar, sən də məcbur olub «kiş-kiş» eləyərək
onu qovlayarsan. Əlbəttə, fağırlar təvazökar olar. Bütün nağılların
sonluğu xoşbəxt olmalıdı, yoxsa o nağıl olmaz. Bu nağılda fağırmı, yoxsa
fakir olacaqsan, bu hər kəsin fərdi seçimidir. Görürsüz, istəməsəm də
dolayısı yolla yenə də seçim gününə gəlib çıxdıq…