Qurama dünya


Uşaqlıqdan quramanı sevənəm. Rəngbərəng, ilk baxışdan uyuşmayan parçaların bir-birinə nizamla, ya da lap nizamsız tikilərək gözoxşayan böyöv parçaya çevrilməsi özü bir paradoksdur. Axı gündəlik həyatda sarı güllü çit parçanı qırmızı, ya da yaşıl rənglə yanaşı geyinsən eybəcər görünərsən. Bir libasda 10 cür əhvallı tikə parçaları birləşdirsən sənə ən yaxşı halda zövqsüz deyərlər. Bəlkə də dalınca baxıb pıqqıldaşan da oldu. Amma qurama elə bir şeydi ki, orda bütün rənglərə, fakturalara yer var. Orda hər parçanın elə bil ki, öz yeri əvvəlcədən məlumdu.
Bəzən mən xalqımı da quramaya bənzədirəm. Ayrılıqda dəyəri o qədər də böyük olmayan insanların müəyyən ərazidə bir-birinə müəyyən münasibətdə pərçimlənməsi qurama effekti yaradır. Başqa yerdə, başqa şəraitdə bu iki parça dünyasında yola getməzdi, amma məcburdurlar, birgə yaşasınlar. Bu ümumi mənzərədə çit parçalar içində birdən zərxara, parıltılı parça əmələ gəlirsə mənzərə tamamilə pozulur. Yəqin həmən o səbəbdən də zərxara parçalar toplaşıb öz quramalarını yaradırlar. Parıltılı parçalar adətən başqa rənglərlə yola getməzlər. Onların 6 metrlik hasarı, topdağıtmaz evləri olmalıdı. Kasıbınkı elə quramadı. Ordan bir qırıq, burdan bir qırıq tapıb bir-birinin başına calayıb əl boyda yer düzəldirsən. Sonra da kimsə gəlib sənin evini başına uçurdur. Neynək, quramadı da, aralarındakı tikiş onu tam parça olmağa qoymur axı. Qurmanın zəif yeri onun tikişləridir, oradan süzülür. Tam olsaydı kimsə ürəklənib paralamazdı. Ya da ki, əlində qayçısı olmayanın nə cürəti vardı ki, parçadan bir qırıq kəssin.
Quramanın bir yaxşı işi var ki, yaddaşı ölməyə qoymur. Məsələn, parçanın təzəliyini geyib dağıdandan sonra qənaətcil xanımlar onu atmaz, «Nə vaxtsa işə yarayar» deyib saxlayar. Sonra illər keçmiş sandığının ağzına açar və ordan «it ilində» geydiyi paltarları, kəm-köhnəni çıxarıb artıq yerlərini kəsər, ələ keçən abırlı parçalardan bütöv bir şey tikər. Sonra da görürsən ki, həmən bu yeni amma qurama adlandırılacaq parça daha neçə illər sənə xidmət elədi. Evinin bir küncündə atılan mütəkkəyə, ya da sərində üstünə atdığın qurama yorğana baxıb elə bil ki, unutduğun nəsə çox vacib bir fikri xatırlamaq istəyirsən: «O tikə mənim köhnə paltom olub ki… Lap cırılanacan neçə il geydim onu». «Yadımdadı, bu parçadan anamın paltarı vardı. Elə bir paltarını yuyub qurudub geyərdi. Bir gün bircəcik paltarının üstünə aseton töküb yandıranda, ovuc boyda deşik açılanda bildi ki, sintetik parça imiş. Bu parçanı satanı o qədər söydü ki…». «Bax o güllü parçanı da xatırlayıram. Ölənəcən nənəmin əynindən çıxara bilmədik o paltarı». «Bu saçaqlar mənə pəncərəmizdən asılan pərdəni xatırladır. Evimizin bir pəncərəsi vardı, istilərdə özünü onun altına vermək üstündə qırğıq qopardı evdə».
Bəs sənin qələbələrin yadındamı!? Mineraldan insan olanacan keçdiyin yolu unutsan da olar. Amma milyonlarla kişi toxumları içindən təkcə səninki ana hüceyrənin ürəyini aldı və qalib çıxdı. Qalanları əbədiyyətə qovuşanda sən doğuldun. Xatırlayırsan? İndi çətinə düşəndə həyatdan gileylənirsən. Bəs dövlət olanacan tökdüyün qanları da unutmusan. O tayda qalmış azərbaycanlıları xatırlayıb köks ötürənəcən bu yolda bir addım da sən at. «Bizdən millət olmayacaq» deyib deyinirsən. Amma sən Azədlıq meydanındakı insan dənizini xatırla. «Otur, dur» əmrinin tez-tez yada salıb ürək bulandıranların acığına orda özünü millət kimi necə hiss etdiyini yada sal bir. Televizora çox baxmaqdan bu dənizin gücünü də unutmusan? Buralara gələn turistlərə həsəd aparınca mədəniyyətləri qabağına qoyub bir müqayisə apar. Sənin evində 19-cu əsrin samovarında çay qaynadırlar, o isə okeanın o tayından gəlib ki, bunun nə olduğunu gözüylə görsün. Əllərini xalçalarımıza sürtüb ləzzət duyarkən biz «Uşaq xalça üstə ayaq açıb gəzsə gözləri iti olar» deyirik. Rəsmdən, rəngkarlıqdan, musiqidən, muğamdan, cazdan, sənətkarlıqdan day danışmıram, bunu hamı bilir. Səndəmi bilirsən? Heç olmasa xalçanın xonçası üstündə oturub sazla, şerlə sehr yapmağını xatırla. Bütün dünya buna magiya deyir.
Quramadı xalqım. Gözəldi, şirindi, məhrəmdi, rəngbərəngdi, ürəyə yaxındı, həm qədim həm də müasirdi. Zaman keçdikcə quramanın dəyəri də yaman artır. Amma millətlər var ki, qurama tikmir, parça toxuyurlar. Parçanın lifləri möhkəm olsun deyən bir-birinin əlindən bərk yapışırlar. Möhkəmliyində əmin olmasalar parçanın lifləri arasına başqa millətlərdən «iplər» buraxırlar ki, vaxtından qabaq cırılmasın. Sonra parçaya ürəkləri istəyən naxışları vururlar. Bu parçalardan ürəkləri istəyəni tikirlər. Qırıq-quruğunu bizə ötürürlər ki, quramamıza yeni əlavələr edək, yırtığımızı yamayaq.

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?