Utanıram
«Ölməyə Vətən yaxşı» seriyasından
Dünən Fransa səfirliyinin qarşısından keçirdim. Kefim kök olanda nədənsə
kişilərin yanından forsla keçib getmək mənə ləzzət verir. Bu dəfə səfirliyin
qarşısında əlində kağızlarla növbəyə dayananların içindən obyektivimə
bir persona düşdü. Görkəmindən bizimkilərə heç oxşamırdı. Səliqəli (hətta
baxışları da səliqəliydi), göygöz və ağ irqin nümayəndəsinə ürəyimdə
Mayakovski sayağı «Baxın a, yana-yana qalın ha» pıçıldayıb bir iki metri
şahzadə yerişiylə getmək fikrindəydim. Birdən gənclər demiş «ups»… Ayaqqabılarımın
palçığını nəzərə almamışdım! Yürüşüm artıq bir neçə saniyəydi ki, başlamışdı
deyən geriyə yol yoxuydu. Bu yolu artıq forssuz keçməli oldum.
Bu yerində «Brilyant əl» filmindəki kimi «Günahım yoxdu» deyib kipriklərimi
lazım olduğundan artıq templə qırparaq özümə hiqq qazandıra da bilərdim.
Şəhəri palçığa mən bələməmişəm ki?! Ya da ayaqqabılarımın üstünə «Bu
gün 3 dəfə təmizlənib» yarlıkı da yapışdırıb gəzə bilərdim. Amma mənim
bundan sonra fransız adlandıracağım kişinin baxışlarındakı istehzanı
heç nə dəyişdirə bilməzdi. Mən forssuz keçməli olduğum bir neçə saniyəni
hamımızın əvəzinə utandım. Utandım ki, niyə biz şəhərimizi təmiz demirəm,
normal saxlaya bilmirik? Niyə mən fransızların yanından forsla keçə
bilmirəm? Himnimiz səslənəndə mənim 10-15 əvvəlkitək tüklərim biz-biz
olmur! Bu köşədən sonra məni qınayanlar tapılacaq. Deyəcəklər ki, utanmalı
bircə natəmizliyimizdir? O qədər utanası incə və yoğun məqamlar var
ki…
Bir etiraf eləməli olacam. Mən səfirliyin qarşısındakı növbəyə dayananlara
həsəb aparmışdım. Bəlkə ona görə də qisasımı bircəcik fransızdan almağı
düşünürdüm. Axı onlar ölkədən getmək ərəfəsindəydilər. Həmişəlik, ya
da heç olmasa bir neçə aylığa. Onlar təmiz küçələrdə gəzəcək və təmiz
insanlarla ünsiyyətdə olacaqdılar. Təmiz insanlara tamarzı qalmış və
çəhrayı eynəklərini çıxarmağı sevməyən mənimkimilərçün bu o qədər əlçatmaz
görünür ki… Çünki ayaqqabının palçığı yuyulandı, mənəviyyatın palçığı
isə izsiz ötüb getməz. Tutaq ki, mənə rişğəndlə baxan fransızın əlinə
imkan düşdü və qarşısındakı palçığa bulaşmış qadınla ünsiyyəti alındı.
Düşünmürəm ki, ayaqqabılarımın palçığını və sifətimin ucuzvari kosmetikasını
yuyandan sonra mən fransız qadınlarından geri qalaram. Şərt bunda deyil.
Mən təmizlik prosedurunu keçəndən sonra fransızla üzbəüz qalası olsam
utanmağımda davam edəcəm. Bir dəstə adamın naşı dərzi kimi konstitusiyanı
kəsib töküb, sonra çatışmazlıqlarını qıraq bucaqdan artıq qalmış parçalarla
ağ sapla yamamağından da utanacam. Bunu görən xalqın susmağından, itaətli
olmağından da utanacam. Yəqin ki, özümüzə bəraət qazandırmağa heç çalışmayacam
da, bilirəm ki, alınmaz. Ya da bunu fransızlar anlamaz. Onlar azadlıqlarını
barrikadalarda vuruşmaqnan qazanıb. Mənsə palçıqlı ayaqqabılarınmdan
utanmaqdan başqa neynəmişəm ki?
Yaxşı ki, fransız dilini də bilmirəm. Birdən o, məndən soruşardı ki,
təhsildə rüşvətxorluğa necə dözürsüz? Utana-utana nə deyəcəkdim, heç
bilmirəm. Dalıycan da deyərdi ki, bəs pulnan oxuyanlar, daha doğrusu
oxumayanlar 3-4 ilə gəlib vəzifə başında oturacaq. İşini bilməyənlərin
rəhbərliyinə necə dözəcəksiz? Sonra fransız şərabından qədəhlərə süzüb
söhbəti daha məhrəm tonlara keçirməyə çalışacaqdı. Fransızları bilirsiz
də. Birdən sözarası soruşardı ki, bəyəm dünya üzrə suyun səviyyəsinin
qalxacağından xəbəriniz yoxdu? Avropa ölkələri çamodanlarını qablaşdırıb
ki, su qalxan kimi aradan çıxsın. Siz Xəzərin sahilinin 20 metrliyini
də tikib satırsız. Nə olsun ki, səsvermədə düyməni mən basmamışam, ya
da düyməyə basanları mən seçməmişəm. Yenə də utanıb yerə girəcəkdim.
Bax buna görə də fransız dilini öyrənmirəm. Soruşan olsa ləhcəmdə ğ
hərflərini xüsusi vurğulayıb «Mən fğansızca danışmığam» deyəcəm.
Fransızla intim şəraitə düşəsi olsam mən mütləq fransız ətiriylə və
mütləq xaricdə istehsal edilmiş krujevalı alt paltarı geyəcəm. Birdər
arxadan zərbə kimi (onların işi elə bundan ibarətdi də) məndən soruşsa
ki, «Geydiyin yerli istehsaldır?» mən yəqin yenə də utanacam. Axı Azərbaycan
neftdən başqa heç nə istehsal eləmir! Onun da bu saat bir qara qəpiklik
qiyməti yoxdu. Şakira kimi neftin içində çılpaq ağnayıb klip çəkdirməyəcəm
ki? Bu klipi o, neftin bahalı vaxtında çəkdirib. Bir də ki, fransıza
nə dəxli var ki, mən neçə məmurun ailəsini dolandırıram. Yəni verdiyim
rüşvətlə. Heç burdan getmək istəyimi də ona geməyəcəm, qoy sevinməsin.
Gizlincə aradan çıxacam, qismət olsa. «Ölməyə Vətən yaxşı» bayatısını
tez-tez deyəcəm ki, geriyə qayıdan ipin ucu qırılmasın. Bura bilirsiz
nə vaxt qayıdacam? Parisdə Azərbaycanın səfirliyi qarşısındakı növbədə
azərbaycanlı kişisi yoldan ötən fransız qadınına gözucu baxandan sonra
bizim xanımları xoş hisslərlə xatırlasa, bax onda.
P. S. Kişilərimiz sevinməsin ki, fransızlar qadınlarımızı ələ keçirə
bilməz. Bu absurd iddiadır. Məncə milliyətilə fəxr eləməyən qadınla
heç yataqda da maraqlı olmaz…