Qurama üslubunda məntiqsiz köşə
Yaddaşın dolanbaclarında ilişib qalmış kadrlar

Siz yaşamaqdan o qədər qorxursuz ki,
əsil mahiyyətinizi təhlükəsizliyinizə qurban verə bilirsiniz…

Çox etibarlı mənbədən

Huşsuzluğa düçar olmuş yaddaşımın lobirintində ilişmiş bu cümlənin müəllifini axtarmağa vaxt sərf eləməyəcəm. Onsuz da bayırda yağış yağanda fikirləri toplayıb yazmaq çətinləşir. Elə bil damlalar içinə düşüb axmaq fikirləri yuyub aparır. Yerdə qalanını məntiqi zəncirə toplamaq bəzən mənasız zülmə bənzəyir. Mazoxist deyiləm ki, özümə bu qədər əzab verəm. «Qadında məntiqə bir bax» deyib köşələrimi tərifləyənlərin nəzərinə: bu günki yazım məntiqdən çox kənar bir şey olacaq, yəqin. Bir növ qurama üslubunda. Yəni, rəngbərəng parçaları bir-birinə «tikib» qırmızının yaşılın yanında durmasından ləzzət alacam, vəssalam… Deyirlər, qırmızı yaşıla uyuşmur, elə?.. Bunun da öz ləzzəti varmış.
…nağılların tərbiyəvi əhəmiyyəti barədə
Nağıllara da bir o qədər də inanmayın. Məsələn, «Düyməcik» nağılını götürək. Gözünü dünyaya təzəcə açan kimi onu ərə vermək istəyirlər(?!). Eybəcər qurbağa qızı anasının əlindən alıb qaçırandan sonra heç kim qızın anasını yada salmır. O isə uşaq ümidiylə toxumu alıb gətirmişdi, torpağa salıb vaxtaşırı sulamışdı ki, görüm nə çıxacaq. Sonra çiçəyin içindən çıxan Düyməcik özü də bütün nağıl boyu anasını heç bir cümləylə də yad eləmir. Üstəlik kimliyini də unudub az qala böcəyə ərə də gedəcəkmiş. «Baxın, onun hətta beli də var!» deyib onu ələ salan soxulcanlar olmasaydı. İndi gəl bundan sonra uşağına nağıl oxu…
…şəhər camaatı barədə
Küçədə durmuşam. Gözlədiyim adam var. Yanımda avtomobillər sıralanıb, hər yerdə olduğu kimi. Asfaltın üstündə göllənmiş çirkab suyunun üstü benzinin yaratdığı rəngbərəng, avanqard rəssamın rəsmlərindəki kimi bir-birinə sarılmış rənglərin oyununu nümayiş eləyir. Sərçə uçub gəldi. Tələsik bu sudan içib yenə də uçub getdi. Nəfəsim darıxdı, dərindən nəfəs alıb havanı içimə çəkdim. Necə də bizə oxşayır. Aza qane olan, sadə və tələbsiz bir quş…Görəsən gölməçədə su da vardı? Bəs, mənim udduğum havada necə, hava vardı?
… qorxu barədə
Bayrama möhkəm hazırlaşırıq. Gecə-cündüz Şaxta Baba haqqında mahnı oxuyuruq ki, uşaq orijinalı görəndə hürkub qışqırmasın. Deyirik, hədiyyə də olacaq, balası, bir az döz, heç olmasa hədiyyə xətrinə. Axı, uşaq ağsaqqal babanı harda görməliymiş. Kişilərimiz o yaşa, o rəngə qədər salamat qalır ki? İtirməyə öyrəncəliyik. Deyirlər, kişilər sap yumağı kimidir. Tullasan, yerə atsan əldən çıxacaq, açılıb gedəcək. Əlinə alsan yenidən yumağa dönəcək. Əsas məsələ yumağın bir ucunu itirməyəsən, özü əldən çıxsa da…
…prioritetlər barədə
Kompüterlər həyatımıza elə soxulub ki, özümüzə deyəsən, vaxt qalmır. Zəhrimar da elə sürətlə yenilənir ki, dünən aldığın bu gün kəm-köhnəyə çevrilir. Redaksiyanın mətbəxində söhbətlərin də mövzusunu kompüter əlimizdən alıb: filan model, filan cür yaddaş, filan cür sürət, bir bax ha!!! Arzularımıza da sürət veriblər elə bil. Əlinə pul keçən kimi kosmetikaya, bijuteriyaya, xırdavata (ondan artığına imkan çatdırmaq olur ki?) xərcləyən bir adam, indi kompüterimin sürətini, yaddaşını artırmaq barədə düşünürəm (!?). Hə, bir də printerə kartric almaq lazımdı, qurtarıb…
…ömür gün barədə
Yağışlı bir gündü. İşə getmək lazımdı. Çətirimi əlimə alıb həyata atılmağa cəhd edirəm. Bəlkə bir az gözləyim? Yağış kəsər, sonra tərpənərəm. Pəncərədən baxmaq ləzzət eləyir. Qəribədi, küçədəki futbol oynayan uşaqların heç nə vecinə deyil. Yamyaş olsalar da gölməçələri veclərinə almırlar. Şappıldadıb keçir, bir-birini bulaşdırsalar da, böyüklər kimi deyinmirlər. Axı, mən də bir vaxt yağışı sevirdim. Yaş olmaq ümidiylə dərsdən də qaçmışdım deyəsən!? İndi çətirsiz bayır çıxmağa ürək eləmirəm…

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?