Rəqs
dərsi
İfa edir şəhərimizin ən məşhur zibilləri
Hərdən gündəlik qayğıları üstümdən tullayıb oynamaq istəyirəm. Kompüter
və problemlər qarşısında əyilmiş kürəyimi dikəldib əl-qolumu açıb, sümüklərimi
dingildətsəm nə olardı? Nə dərəcədə gözəl oynamalıyam ki, ürəklənib
adam arasına çıxım. Rəqs eləməyi öyrədənimiz olsaydı!.. Bilirəm, siz
də oyrənmək istərdiz. Vaxt hardandı? Atalar demiş: «Səhər get naxıra,
axşam gəl axura». Amma diqqətimizi itiləyib ətrafa baxaq, axı burda
hər şey hərəkətdə, rəqsdədir.
Başımızda Çarliston oynayan kağız və qəzet qırıntılarının davranışı
ürəyimcə deyil. Zibil olmaq taleyiylə barışa bilməyib hələ də keçmiş
günlərin havasını oynayan qəzet qırığı zəhlətökən rəqsini insanın sifətində
oynamaq istəyir. Elə bilir onu yerdən qaldırıb hələ bir oxuyacaqlar
da? Oyunuvu oyna, heç kiosklarda satılanda da qara qəpiyə dəyməzdin.
Bu günlərdə damımızdakı antenna bir göbək rəqsi vururdu ki, lap paxıllığım
tutdu. Qol-qanadına ilişmiş əskiləri elə pərgarcasına yellədirdi ki,
üzükdən keçən nazik ipək yaylıqla «yaşmaqlanan» oriyental rəqqasənin
ustalığı onun yanında sönük görünürdü. Hayıf, bu boyda sənət qarşısında
«darbalağına» puldan-zaddan basan olmadı.
Payız olsaydı ağacların Strip-densinə baxardıq. Küləyin diqtəsiynən
soyunan ağaclar üstündəkiləri çılpaqlaşanacan atacaq. Düzdü də yatmağa
gedəndə soyunarlar. Soyunandan sonra tökdüyü yarpaqların rəqsinə məhəl
qoymağa hal nə gəzir? Yarpaqlarsa qol-boyun olub Yallı gedəcək. Gələn
yaza qədər kimdi onları süpürən?
Qonşu tində ehtiraslı karton qırığı vardı. Çox forsluydu, deyəsən üstündəki
xarici yazısıyla fəxr eləyirdi. Hər yoldan keçənlə Tanqo oynamaq istəyəndə
onu hərarətlə qucaqlayıb qopmaq bilmirdi. Sanki bilirdi ki, Tanqoda
oynayanlar bir-birinin gözünün içinə baxmalı, yanıb yaxılmalıdılar.
Sonuncu dəfə onun alovla tanqo oynayarkən görüblər.
Plastik qabların Rok-n-rolundansa lap bayılıram. Xarici etiketli qablar
xarici rəqslər oynayarkən bizim istehsalçının sığalını hələ də unutmamış
qablar prinsipal olaraq Nəlbəki rəqsi oynayır. İçinə yığılmış qum və
xırda daşları ehmallıca cingildədərək ustufca diyirlənir, enli küçələrimizdə
ağayana, xanım-xatın bir rəqs oynayrılar.
Günbəgün artan tikintilərdən qopan qum dənəcikləri elə bil incəlik və
məharətini insanlara göstərməklə acıq verərək qu kimi süzürlər. Asfaltı
görünməyən küçələrimizdə cah topalanıb, cah da sərələnib incə, nəfis
krujeva yaradırlar. Onlar deyəsən Vağzılını lap çox oynayıblar. Yoxsa
gün-gündən belə artmazdılar.
Şəhərin ağır cayıllarıyçün bir Tərəkəmə!.. Onlar küləyin dediyiynən
oturub duran zibil deyil ha. Üst-üstə qalanıb illərlə çəkisini artıran
bir qalaq möhtərəm zibil colma cocuq kimi Qaytağı atmaz ki! Ağır olan
batman gələr.
Bilmirəm insanlar balet oynamağa bu qədər vaxt və enerji sərf eləyir?
Odu da 40 yaşında pensioner olub qalırlar. Şəhərin elit zibilləri gözəl
tərtibatlı, rəngarəng tamaşaları çox rahatlıqla ortaya gətirirlər. Tamaşaların
amfiteatrı, parteri, hətta balkonlardan özünü küçəyə atan solistləri
də var. Burada nə kostyumer- dizayner, nə də rəssam əməyi lazım gəlir.
Hər şey super marketlərdəki kimi çox parlaq və «şık»dı. Kütləvi səhnələr
onlarda daha yaxşı alınır. Küçələrimizdəki zibil orqiyaları «1001 gecə»
baletinin uğurunu kölgədə qoya bilər.
Uzundərə açmayaq. Küləklər şəhərindəyik, burda hər şey o istəyən kimidi.
Ritmi verən odur. Yazına-qışına baxmaz, öz bildiyin eləyər. Amma çox
qınamayın, küçələrimizi süpürən də özüdü, zibilləri oynadan da, yığışdırıb
yol qırağına yığan da… Kef eləyin, zibillər, onsuz da bu yaxında şəhəri
yığşdırmaq fikrimiz yoxdu.
Zibillər, halaya gəlin e, halaya.... Ha yordu, yordu, yordu, görək kim
kimi yordu!