«Keep
smiling»
Yəni ki, gülümsəyin, dişlərinizi ağardın, xoşbəxi olun və
bunu gizlətməyin
Mənim arabir şəhərə
gəlib gəzişmək adətim var. Şəhər ona görə deyirəm ki, bir qədər qıraqda
yaşayıram və mərkəzə gəlməkçün heç olmasa saat yarım nəqliyyatda çalxalaqmalı
oluram. Şəhərə gəlir, tanış küçələrdən bir də keçir və adamların üzünə
çox diqqətlə baxıram. Elə bilirəm ki, bütün yeniliklər onların üzündə
yazılıb. Kənardan mənə baxanlar deyir ki, daş-divarlara turist gözüylə
baxırsan, elə bil ilk dəfə görürmüş kimi. Amma kimsə bilmir ki, mən
insanların üzündən çoxlu, sözlə deyilə bilməyəcək informasiyanı oxuyuram.
Dünən isə mərkəzə məqsədli şəkildə gəlmişdim, bir növ mini ekspedisiya
təşkil etmişdim. Məqsədim üzündə gülüş olan insanları tədqiq, daha doğrusu
aşkar etmək idi. Axı, hamı bilir ki, şəhər çoxdandı ki, gülümsəmir.
Onu mən də bilirəm, qışdı, soyuqdu, nəmişlikdi. Belə havada ayı kimi
yuvanda yumurlanıb mürgü döymək istəyrsən. Harasa, nəyinsə, nə üçünsə,
kiminsə arxasınca getmək istəmir və məcburi yerdəyişmələrə müqavimət
göstərirsən. Şəhər qaqqıldayıb gülənlər, uğunub yerə sərilənəcən, biədəb
səs çıxaranacan gülənlər və hırıldayanlarla doludur. Bəzən bu tip səslərdə
qulaqlar da tutulur. Amma gülümsəyənlərin kökü kəsilib, elə bil.
Deməzdim ki, gülümsəmək gülməkdən çətindi. Mini ekspedisiyanın nəzəri
tərəfləriylə tanış olun və görək rəqəmlər nə deyir: bütün dünyada orta
statistik qadın gün ərzində 62 dəfə gülümsəyir, kişilərsə cəmi 8 dəfə.
(Bu o deməkdir ki, kişilər elə həmişə qaraqabaq olub. Şəhər gülümsəmirsə
deməli qadınların təbəssümləri hansısa səbəbdən yoxa çıxıb). Sonra deyirlər
ki, adamların 28 faizi dişlərinin vəziyyətindən narazı olduğuna görə
dişlərini ağartmır. Bunu da bağlayaq maddi durum və imkansızlığa. Elə
alim tapılır ki, gülümsəməyin çox çətin prosedur olduğunu sübut eləməyə
çalışır. Çünki gülümsəyəndə təkcə sifətin 7 əzələsi işə düşməlidir ki,
necə deyərlər bir balaca dodığın qaçsın. İstəsəz lap Mona Lizanın da
sirli təbəssümünü yada salıb intellekt nümayiş edərdik. Onun sirli təbəssümünün
83 yaizinin xoşbəxtlik, 9 faizinin ikrah, 6 faizinin qorxu və 2 faizinin
qəzəb ifadə etdiyini deyirlər. Təbəssümün hesablama yollarından xəbərim
yoxdu, amma bilmək istyirəm ki, şəhər sirli yox, adi təbəssümünü hara
itirib?
Diqqətlə ətrafa baxaq. Hamı öz qınına çəkilib harasa tələsir. Kimisi
metroya tərəf gedir, kimisi marşrut taksiya minməyə tələsir. Hətta qaçıb
istədiyi avobusa çatanlar da gülümsəmir. Gülümsəmək yəqin xoşbəxi olmaq
kimidir, istəyəndə alınmır. Niyə gülümsəməyək axı?! Guya bu gülümsəməyən
adamlar birmir ki, gülüş həzm prosesini yaxşılaşdırır, intellekti yüksəldə
bilir. Lap dərinə getsək saç tökülməsinin qarşısını da alır. Sonuncu
müddəanı alimlər lap bu günlərdə çalışıb sübut edəcəklər. Amma bu çətin
ki, gülümsəyənlərin sayını artırar. Bu mənada Amerikanın böyük təcrübəsi
var. İkinci Dünya Savaşından sonra Amerikada gülüş təbliğatı başlandı.
«Keep smiling» (yəni ki, gülümsəyin) şüarı az qala milli ideya səviyyəsinə
qədər qaldırıldı. Bu yolla müharibədən çıxmış adamların depressiyası
ilə də mübarizə aparılırdı. İndi də küçələrimizdə xarici vətəndaşları
bizimçün qeyri-adi təbəssümündən tanımaq olur. Deyim ki, bundan çətin
anlarımızda, hətta Qarabağda döyüşlər gedən zamanlarda da indiki kimi
küçələrdən təbəssüm yığışmamışdı. Ola bilər ki, insanlar darısqallıqda
gülümsəyə bilmir. Yəni ki, insanların sayı artdıqca, şəxsi ərazi deyilən
məkan azaldıqca insanlar özünə qapanaraq kütləvilikdən qurtulma yollarını
axtarır. Mən inanıram ki, metroda darısqallıq azalsa, avtobusda nəfəs
almağa hava çatışsa insanlar arabir gülümsəyər. Ya da ki, televiziyaların
qalmaqallardan başı ayılsa arabir tamaşaçısının yadına salsa ki, gülümsəmək
yaxşıdı və hətta yoluxucudur, onda kiminsə dodağı qaçsa təbəssümünü
üzündən tez-tələsik yığışdırmağa çalışmaz.
İndi fotoapartlarda «smaylinq» funksiyası var. Yəni ki, rəqəmsel fotoaparat
elə köklənib ki, insan gülümsəyən kimi düymə avtomatik basılır və işıq
saçan təbəssüm əbədiləşir. Elə bil ki, ixtiraçılar da anlayır ki, təbəssüm
ələ düşən şey deyil. Vaxtım olsaydı şəhərə növbəti səfərimdə reputasiyama
bir daha zərər vurmağa qorxmadan təbəssümün sehirli keyfiyyətlərini
təcrübədən keçirərdim. Ola bilər qaraqabaq şəhərin fonunda mənim təbəssümüm
sarsaq, səfeh görünərdi. Bəlkə də bu təbəssümə yoluxanlar da tapılardı.
Hə, gülümsəyin! Çı-rık… Gördüz, gülümsəyən kimi «smaylinq» funksiyası
işə düzdü şəhərin fotosunda indi sizin də təbəssümünüz var.