Mamontun
ölümqabağı monoloqu
Arzular qəbristanı, xülyalar məzarlığı- Azərbaycanım mənim!
Bir vaxtlar mənə «itmiş nəslin nümayəndəsi» deyəndə möhkəm incimişdim.
O adamla bir möhkəm mübahisə eləyib cəmiyyətə, insanlara və ən nəhayət
özümə çox lazım olduğumu sübuta yetirməkçün bir torba sübut-dəlil də
tapıb sadalamışdım. İtmiş nəsil deyəndə gəncliyi Sovet rejimindən indi
müstəqillik adlandırılan şəraitə keçid dövründə özünü təsdiqləməyə çalışan
insanları nəzərdə tuturlar.
Bəli, mən itmiş, batmış nəslin hələ ölməmiş bir adamıyam! Əgər lazımdısa
məni tarix muzeyinin eksponatı da elan eləyə bilrəsiz, incimərəm. Vaxtaşırı
«Seşirli xalat» filmində vitrinə qoyulmuş xan kimi mən də muzeyə heç
vaxt gəlməyən tamaşaçılarçün şüşənin arxasından gülümsəyə də bilərəm.
Eşidirsiz? Au...u..u.. Biz hələ ölməmişik! Mən bu sözləri lap Qız qalasının
başından da çığırsam onsuz da heç kim eşitməyəcək.
İndicə başını bulayıb «depressiyadır» deyənlərin nəzərinə: «Bu depressiya
deyil, reallıqdır!». Fikirlərimin təsdiqini həmişəki kimi internetdə
axtarıram. Məsələn, bir həftədi ki, Rostropoviç adına festival konsert
salonlarında «guruldayır». Bu xəbəri informasiya agentliklərində soraqlaşıram,
gördüm deyən tapılmır. Qabaqlar, çox uzaq yox, cəmi 10 il öncə belə
xəbərlərin heç olmasa informasiya şəklində verilməsi qəzetlərin imic
məsələsiydi. Yəni ki, xəbərimiz var, ha..., elə bilməyin, nadan-zad
deyilik ki?! Ya da konsertdən, sərgidən əvvəl nəsə yazılardı ki, bəlkə
gedən tapılar. Problem belə tədbirlərin tamaşaçısı məsələsində deyil.
Sərgilərin də, konsertlərin də öz tamaşaçısı var. Onlar da bütün normal
insanlar kimi öz bəyəndikləri musiqini dinləməkçün bilet, dəvətnamə
soraqlaşıb tapanda uşaq kimi sevinirlər. Məsələ cəmiyyətin onlara dəli
kimi baxmasındadı!
Mən də bu «dəlilərə» qoşulub konsertlərdən birində ləzzət almışdım.
Amerikada yaşayıb dərs deyən gürcüstanlı pianoçunun çalğısında bir dünya
yenilik kəşf eləmişdim. Sən demə, belə çalğı tərzi də varmış, əsəri
bax belə interpretasiya eləmək də mumümkünmüş?! Biz ən yaxşı halda rus
ifaçılıq məktəbini tanıyır, onların qrammofon vallarının səsi altında
böyümüşük. Konsertdə alqışlar, «bravo», «bis» çığırmalar içində göz
yaşları da gördüm. Jurnalist təbiətim üstün gəldi, yaxınlaşıb göz yaşlarının
səbəbiylə ehtiyatla maraqlandım. Musiqi məktəblərinin birində piano
üzrə dərs deyən bu müəllimi təsirləndirən gözəl ifa deyilmiş: «Mən bu
gün konsertdə başa düşdüm ki, heç vaxt belə çala bilməyəcəyəm. Axı,
pianoçuluq bir həyat tərzidi. Mən günümü royal arxasında keçirsəm, yəni
dərs saatlarımı minimuma salsam alacağım maaş mənim heç ayaqqabıma da
çatmaz. Mən heç vaxt belə musiqiçilər yetişdirə də bilməyəcəyəm. Onlara
necə başa salım ki, sən həyatını qurban verəndən sonra heç kimə lazım
olmayacaqsan! Bizim işimiz başdan ayağa qədər «xalturadır»». Belə düşünən
onlarla bədbəxt musiqiçilərimiz var. Onlar də mənim kimi itmiş nəslin
nümayəndəsidir, bir növ nəsli nəsilmiş mamontlar kimi...
Axı, bizi niyə aldadıblar?! Bir dünya ləzzət, zövq almağı öyrədib sonra
küçəyə atıblar. Elə bil ki, çox gözəl bir incini göstərib sonra mücrüdə
gizlədiblər, ya da çox dadlı şirnini dodaqlarımıza yaxıb yalnız yalamağa
imkan veriblər. Niyə heç kim bizə demədi ki, gününüzü kitabxanalarda,
məşqlərdə keçirməyin, siz heç kimə lazım olmayacaqsız? Bu yolu seçsəz
uzaqbaşı gördüklərinizdən ləzzət alıb qısır öləcəksiz! Biz elmi kəşflərimizlə
dünyana mat qoya bilmədik! Biz məktəb yaratmadan ölüb gedəcəyik! Biz
heç kimə lazım olmayan dəlilər nəsli kimi heç Azərbaycan tarixinə də
girməyəcəyik! Biz gülləmədən əvvəl bir-birinə qısılan məhbuslar kimi
sözümüzü heç kimə anlada bilməyəcəyik!
Son illər mən özümü qəzetlərdə arabir yazdığım yazılarla ovudurdum.
Guya nəsə eləyirəmmiş kimi... Elə bilirdim kompüter arxasında kevirdiyim
saatlarım mənasız, hədər deyil. Bu günlərdə redaksiyada elan edildi
ki, görkəmli adamların həyatından həftədə bir dəfə gedən bir səhifəlik
yazılar da oxunmur. Oxucuya bu da lazım deyilmiş. Millət heç nə bilmək,
heç nə öyrənmək, heç nəylə maraqlanmaq istəmir! İstəmir, vəssalam!..
Odur ki, bu yaxınlarda «imicimi» dəyişməliyəm. Xahiş edirəm, şoka düşməyin.
Axı, mənim çox yaxşı müəllimlərim olub!..