Milli
striptiz
Çılpaq qalmış millət indi nə istəyir?
Biz oxuyub oynayan millətik. Biz Qərb, ya Şərq küləyinin gətirdiyi yenilikləri
tezcənə özümüzküləşdirə bilən millətik. Simfonik musiqi, caz-muğam yaratdığımız
azartla azərbaycanca rep deyirik, xarici ritmləri dingildəyirik, göbək
atırıq, yeri gəlsə striptiz də oynayarıq. Niyə də olmasın?
Striptizçi o şəxsə deyilir ki, oynay-oynaya var-yoxunu soyunub onu hərisliklə
marıtlayanın üstünə tullayır. Var-yox isə çox qəliz məsələdi. Çünki
söyəndə ilk öncə adamın var-yoxunu söyürlər. Belə canfəşanlıq əvəzində
striptizçinin cibinə 5-10 manat pul gəlir. Striptiz bir elə çətin şey
deyil. Utanmaq olmasa oynamağa nə var ki. Yad mədəniyyətdir deyib, dodaq
büzüb eləməyin. Bizim uzunəsrlik striptiz oynamaq təcrübəmiz var.
Ən vacib ilk ştrix- Striptizçini adi rəqqasədən ayıran əlamət onun nikelli,
hamar və parıldayan borudan yapışmasıdır. Elə bil əlini üzən kimi düz-dünya
başına dolanacaq, davam gətirməyib yerə çökəcək. Bizim neft borularından
yapışdığımız hərisliklə o, bu borunun o yan, bu yanına o qədər keçir
ki, həmin hərəkəti şvabrayla da təkrar eləsəydi hamı biləcək ki, ürəyindən
nə keçirmiş. Bu millətin neft boruları olmasaydı vermək, bölüşmək kimi
insani və anadangəlmə instinktti reallaşmamış qalardı. Biz borumuzdan
əl çəkə bilmərik. Yalnız onunla yollar, körpülər tikəcəyik, məktəblər,
evlər salacağıq, azad, firavan olacağıq. Əlimizdə neft borusuyla oynamağa
bir gör e…, nə vaxtdan başlamışıq. Əli pulnan oynayan nə qədər adam
bizə çəpik çalıb.
Növbəti jest – Striptiz rəqsinin duzu, istiotu ondadır ki, əynindən
çıxardığını, yaxşı olar ki, bir-iki dəfə başın üstə fırlayıb (yəni «Qadam-balam
getsin» deyib, ya da başa duz, üzərrik çevirən kimi) tolazlayırsan.
Haramı düşdü, sonrası nə oldu – nə fərqi? Guya olmasaydı dolanmazdım?
Bir az çılpaq qalmaq eyibdimi? Zəngəzuru, Qarabağı başımıza dolandırıb
tolazladıq, getdi Ermənistana düşdü. Rəssam və musiqiçiləri Türkiyə
tərəfə atmışıq. Türklər bizim «artığımızı» yerdən qaldırıb süfrəsinin
başında oturtmaqdan utanmaz. Sağlam, cavan kişiləri Rusiyada axtarın,
gözəl qadınları Dubayda. Özünə hörmət eləyən, biliyindən arxayın adamlar
Amerikada, Avropadadı. Heç kim yerdə qalmayıb. «Qan yaddaşı», «səs yaddaşı»,
«babların irsi» adlananlar alt paltarın bədəndə buraxdığı iz kimi çox
çəkməz, keçib gedər.
Daha bir çox vacib ştrix - Əgər striptizçiyə pul verən olmasa onun bu
boyda həngamə qoparmağı gülünc olardı. Millətə sponsorluq eləyənlərə
indi investor deyirlər. Pul verən əskinasları striptizçinin əlinə verəsi
olsa, yaxud ondan da pis, kassaya köçürməli olsa əlini heç cibinə salmaz.
Pul mütləq tumanbağıya, ya da daha pikant yerlərə dürtülməlidi. Pul
verənin marağı da bundadı.
Sonuncu jest – İnvestorlarımız bizimlə o qədər doğmalaşıb ki, bəzən
bir-biriylə itələşirlər ki, əlini cibinə kim salacaq. Lap dilimizi də,
ləhcəmizi də bilirlər. Striptizin sonunda çılpaq rəqqas pul verənin
hüzurunda durmalıdı ki, başına dolandırıb tolazladıqlarının haqqını
ala bilsin.
- Bəri gəl, görüm, bir az da… Bıy, başıma xeyir, əynində bir şey qalmayıb
ki?! Pulu hara dürtüşdürəjiyik, qadası?!