Darıxmağın
min bir rəngi
Əsəb tellərində çalınan «Yanıq Kərəm» havası
Dünyada ən dəhşətli şey darıxmaqdır.
Bu, bəlkə də yeganə günahdır ki, onu bağışlamaq olmaz.
O. Uald
Darıxıram, çünki sevincəkliyə səbəb yoxdu. Payızda yarpaqlar töküləndə,
qışda qar pəncərəni bəzəyəndə darıxmaqdan lap poema yazmaq olar. Yayın
qızmarı başına döyəndə hansı darıxmaqdan danışasan. Amma darıxmaq elə
bir şeydi ki, darıxmağa səbəb heç vaxt axtarmırsan. Sevinməyə, ürəyinin
açılmağına bir yox, bəzən bir zəmbil səbəb lazım olur. Çünki sevinc,
şənlik halına gəlməkçün insan çoxlu müsbət emosiya silsiləsini yaşayır.
Əslində insanların əksəriyyəti sevinc hissini yaşayır, necə deyərlər
gündəlik dozasını qəbul edir. Sadəcə onların nitqi sevinc halıını təsvir
eləməyə layiq dərəcədə inkişaf eləməyib ki, ürəyinin sözünü çatdıra
bilsin. Kimisi qarnını doldurub razı qalır və xoşbəxtliyə yaxın hisslər
keçirir, kimisi isə qonşusuna badalaq gəlib eynən həmən hissləri keçirir.
Təmiz vicdanla da yaşayıb rahatlıq, xoşbəxtlik hissi keçirmək olar.
Amma tox qarın bunu daha asanlıqla rellaşdırır. Üstəlik buna daha az
vəsait və enerji sərf eləməklə. Bu gün tox adam aclardan daha çoxdur.
Amma toxların sayı artdıqca darıxanlar da çoxalır.
Quru, qaşqabaqlı, ölü kimi bozdərili sifətindən ölüdən fərqlənməyən
ifadəylə gəzən o qədər insan kollektivləri görmüşəm ki… Onlar hər səhər
(əminəm ki, ürəklərində darıxa-darıxa) işə tələsir. İş yerinə çatıb
rahatlanan kimi artıq işdən getməyə darıxırlar. Onlar səhərdən axşamacan
şingilə kimi neqativ çeynəyir. İşini bir təhər, barmaqarası eləyib içindəki
«darıxmaq» adlı əjdahanın ağzına yüzlərlə insanın taleyini atırlar.
Səbəbli-səbəbsiz başqasını acılayır, özünü vacib işlə məşğul olduğunu
simulə edərək heç işini də başa vurmurlar. Belələrinin gözündə parıltı
görmək tilovla bulvarda durub Xəzər dənizindən nərə balığı tutmaq kimi
bir şeydir. Görəsən onları cinslərə ayırıb cüt-cüt bir otaqda biğlasaq
alınlarının qırışığı açılarmı? İnsanlar qəribədi, bəzən qeybət eləyə
bilməyəndə də darıxırlar. Tərs kimi otaq yoldaşın hərdən «Hm..m» deyib
başını bulamaqdan başqa bir iş görməyə.
Deyirəm, darıxmaq çox ziyanlı şeydir, bu sevincin çatışmamazlığı deməkdir.
Sevinc difisiti, immun çatışmamazlığından heç də geridə qalan xəstəlik
deyil. Darıxmaq, xüsusilə də bataqlıq yaşılı rəngində darıxmaq insanı
nəyin bahasına olursa-olsun əylənməyə sürükləyir. Lap necə murdar, iyrənc
əyləncə olsa da əylənirsən ki, bir iki damla sevinc tapasan. Noolar,
lap iyrənc sevinc olsun. Həyat filmdir, o lap pis film kimi olsa da
başını qatmalıdır. Ona görə də mən bizi hərdən «qıdıqlayan» intriqalara
bir mədhnamə oxuyardım. Əlbəttə, elə bir iş tutma ki, onu nahardan sonra
kiminləsə müzakirə eləyə bilməyəsən. İçində qalıb səni partladar. Qədimdən
bəri ağıllı kişilər belə deyiblər ki, həyatda iki işlə məşğul olmağın
mənası var. Birisi elm, o birisi əxlaqsızlıq, ya da pozğunluq adlandırılar
iş. Bunu mən demədim a, ağıllı kişilər deyib. Köşənin həcmi balaca olmasaydı
aşağıda mənbə verib istinad göstərərdim.
Darıxanda həyatı müşahidə edə bilərsən, xüsusilə də istədiyin kimi yaşaya
bilmirsənsə. İnsan 3 şeyə uzun müddət baxa bilir: odun yanmasına, suyun
axmasına və başqa adamın işləməsinə. Müşahidəyə qalanda ideal varian
yanğındır. Xüsusilə də gecə saatlarında. Əlbəttə ki, sənin evin yanan
evin damına bitişik deyilsə.
Darıxanda həqiqət axtarışına da çıxa bilərsən. Bu lap uzun oyun olacaq.
Özünü incidənlərdən deyilsənsə həqiqət axtarmağın gələn kimi vurma cədvəlinə
göz gəzdir. O saat rahatlaşacaqsan. Oxucum deyəcək ki, bu darıxmaq yox
stresdir. Balaca, səni içəridən yontalayan, səbəbini bilmədiyin, inildəyən…
Psixiatrlar stresin yüz min rəngini tapıblar. Məncə stress odur ki,
gecə çığırıb yuxudan diksinib ayılırsan və anlayırsan ki, hələ yatmamısan.
Bax bu stressdir. İstidən də ola bilər. Ondan başqa hamısının adını
darıxmaq qoyacam. Təmirli, kondisionerli, rahat evimdə oturub problemsiz
həyatımda Afrika aclarının dərdini çəkmədən, ölənləri, itənləri anmadan,
fəlakətləri, faciələri yaşamadan xımır-xımır darıxacam. Ümidim var ki,
bu darıxmaq mənim əsəblərimi sonacan yonub həssas, tarım simə çevirəcək
ki, istilər yenən kimi adam arasına çıxanda kimsə mənim əsəb tellərimdə
«Yanıq Kərəm» çala bilsin… Bilirsiz də, tel tarım olmasa musiqi alınmır.