Yaxşı
qızlar cənnətə düşür?
Qadın emansipasiyası, üstəlik feminizmin çiçəklənmə zamanı qadınlar
cəmiyyətdə öz layiqli yerini aldıqca «Qadın və cəmiyyət» mövzusu artıb
zənginləşmək əvəzinə eyni sözləri təkrarlayıb yerindəcə addımlayır.
Qızlarımıız azad, müstəqil, təmkinli, özünə inamlı olmaq əvəzinə qərəzli,
aqressiv, arzuları içində boğulmuş və məhdudlaşmış alınır. Çünki həyatının
nə zamanındasa, inanın mənə, bu nə vaxtsa mütləq baş verir, gah söyüb-sürüdüyü,
gah da ikrahda iztehza etdiyi kişi cinsinə ehtiyacı əmələ gəlir. Bu
təbiidi. O da kiminsə qoltuğuna başını soxub rahatlanmaq kimi axmaq
istəyindən qurtula bilmir.
Bele olanda az qalıram ki, evimizin damına çıxıb bütün şəhərə var gücümlə
çığırım: «İlahi, axı bunlar niyə düşünür ki, hər şeyi yaxşı, yerli-yerində
eləsələr hər şey də yaxşı olacaq!». İnanıram ki, bu cür ehtirasla deyilmiş
frazanı eşidən hər kəs yerində donub qalacaq. Çünki biz qızlarımıza
həmişə yaxşı olmağı öyrədirik. Xoşbəxt olmağı, özündə əmin olmağı yox,
əksinə, arzu qanadlarında uçmaq əvəzinə yerdə sürünməyi, bəxtəvərliyin
tamını əzab-əziyyətlə qazanmağı öyrədirik. İnanıram ki , çığırdıqlarımı
eşidən hər qız bunu məhz ona dediyimdən əmin olacaq. Çünki bu problem
hamıda var.
Vaxtilə mən də bu fikri çox ehtiytla içəri buraxmışdım. Təssüf ki, bunu
mənə böyüklərim, anam, nənəm deməmişdi. Fikir içimdəki qalan fikirlərimə
hakim kəsilən zaman mən artıq dədə-baba qaydasıyla ərə getmiş, borcumu
yerinə yetirib ailəmizə bir uşaq da bağışlamışdım. İndi isə cəmi bircə,
məhz mənə lazım olan an qalırdı: XOŞBƏXT OLMAQ. Milli mentalitetə görə
mən buna çatmaq üçün bütün mərhələləri keçmişdim, ərimin qaynanamın
üzünə qayıtmırdım, hər deyiləni udurdum, yəni ki, klassik azərbaycanlı
qadını idim. Amma xoşbəxtlik nədənsə gəlib çıxmırdı.
O vaxt indi interneti basmış məsləhətlərlə dolu məqalələrdən birini
əlimə basıb xoşbəxtlik reseptini verən olsaydı bilərdim ki, milli mentalitet
normalarımız qadının ailədə xoşbəxt olub-olmaması məsələsini heç nəzərə
almır. Onda bəlkə də yoldaşımı «təmiz söhbətə» çağırardım, səbəblərini
araşdırardım, böyüklərimdən sağ ikən xoşbəxtlik formulunu soraqlaşardım.
Mən bunların heç birini eləmədim, ona görə də inqilabi bir fikir beynimə
soxuldu və indiyədək də orda hakimdi: «Bəlkə pis olmaq o qədər də pis
deyil?».
Biz mübahisə etməkdən qorxuruq, öz maraqlarımızı sivil yolla qoruya
bilmirik, əsil, necə varıqsa elə olmağa özümüzə icazə vermirik. Bütün
bunların səbəbini lap uşaqlığımızda axtaraq. Axı həmişə deyiblər ki,
«Sevgini qazanmaq, ona layiq olmaq lazımdı». Hamını belə böyüdüblər:
hiddətlənmək olmaz, böyüklərin üzünə qayıtmazlar, valideynlərə cavab
qaytarmaq cəzalıdır. «Müəllimlər»imizi qınamağın yeri deyil. Bəyəm mən
indi özüm böyüklərdən olanda ən dürr kimi təmiz həqiqəti üzümə deyənini
başını sığallayacam? Mən də uşağıma konfeti özünü yaxşı aparanda verirəm.
Uşaqlarım da mənimtək tısbağa kimi içinə qapanmış böyüyür. Mənə öyrətməyiblərsə
mən onlara xoşbəxt olmağı necə öyrədim ki?
Niyə kimsə bizə demədi ki, biz onsuz da sevimli və arzu olunanıq? Sevgini
qazanmazlar, Allah onsuz da hamını eyni gözlə sevir. Hətta Ulu Yaradanı
da göydə oturub hər bir günahımızı keçmişdə şotkayla, müasir dövrdə
kalkülyatorla hesablayaraq cəhənnəmdə yanacağımız odun dərəcəsinə vuran
qəddar varlıq kimi təqdim edirik. Ona görə də görürsən ki, aramızda
ayaq ağrılarından şikayətlənən zaman «Yəqin cavanlıqda yubkamı çox qısa
eləmişəm, ona görə ayaqlarım ağrayır» deyən 50 yaşlı qadınlar tapılır.
Həyatdan aldıqlarımız cəza deil, fikir və hərəkətlərimizin nəticəsidir.
Mən göylərdə oturub qadın ətəklərini xətkeşlə ölçən Allah obrazını qəbul
edə bilmirəm.
Hər kəs özündən mütləq soruşur: «Mən sevgiyə layiqəmmi?, Mən ən yaxşısına
layiq ola bilərəmmi?». Cavabı gərək «Əlbəttə, min dəfə, milyon dəfə»
olmalıdı. Göydən enən səadət payını hər kəs öz əlləriylə müəyyən edir.
Doğrusu əllərilə yox, fikirləriylə, həyata münasibətilə. Allah hər kəsə
daşıya biləcəyi qədər göndərir, həm sevgini, səadəti, xoşbəxtliyi, həm
də pislikləri, bədbəxtlikləri. Bizim qəbuledicimiz nə qədər tutumludursa
düz o qədər.
Heç özünüzə mahnı oxudunuzmu? Niyə də olmasın? Öz qayğısını çəkə bilməyən
başqasına necə dayaq ola bilər ki? Özü xoşbəxt olmayan başqasından «Niyə
üzün gülmür?» soruşa bilər? Yalnız tunnel qazıb azadlığa çıxmış məşbus
geri qayıdıb o birilərinə dar tunnelin sonunda işıq olduğunu danışa
bilər. Sən özünün ən qiymətlin, ən dəyərlinsən! İllər gönüqalınlığımızı
artırsa da içəridə hamı incə, dəymədüşər və nazikdi. Ola bilər həqiqətən
də yaxşı qızlar cənnətə düşürlər. Amma pis qızlar istədiyi kimi yaşayırlar.
Hələ nə qədər kişilərin belə pis qızlara ehtiyacı olur. Əslində olduğun
kimi görünmək o qədər də pis deyil. Bunu insanlar bəyənməyəcək, Allahsa
səmimiliyi sevər…