Özümə məktub
70 yaş tamam olmamış açmaq qəti qadağandır!


Əgər sən bu məktubu oxuyursansa deməli 70 yaşına artıq çatmısan. Düzün desəm gözləmirdim bu qədər yaşayacağını. Geni modifikasiya edilmiş məhsulları yeyə-yeyə, havadakı tozları, dənizdəki çirkabı, sulardakı toksinləri içinə çəkərək bu yaşa çatmağını böyük qələbə də saymaq olar. 30 ildən biraz az əvvəl məktubu cızarkən illər sonra onun başqalarının əlinə düşəcəyini, oxuyub güləcəklərini də gözümün qabağına gətirirdim. Yadların gülməyi vecimə deyil, nəvələrin iztehzasını çətin həzm edərəm.
Səni bilmirəm, amma mənimçün indi yazmaq nəfəs almaq qədər təbii olub. Yəqin sənin gözlərin artıq görmür, eynək salırsan. Klaviaturada lazımi hərfi basanacan fikrindəki cümlələr uçub gedir bəlkə. Ya da çoxlu səhv edirsən, səhvini boynuna alacaq dərəcədə demokrat da deyilsən ki, uşaqlarına yazıları redaktə etdirəsən. Ya da ki, onlar bacarmır. 21-ci ərin əvvəlinin yazı jarqonunda, cavan nəslə məlum olmayan mürəkkəb sözlərlə fikrini çatdırırsan. Ona görə də sən danışanda nəvələrin gözlərini döyür. Elə mən də yazdıqca sadələşmək əvəzinə mürəkkəbləşdirirəm dilimi. Məndən asılı deyil, dili zaman cilalayır, bir də ki, oxuduğum yaddilli ədəbiyyat. İndi heç olmasa ana dilində oxumağa kitab tapırsız? Bizdə bu hələ də çətin məsələdir. Ana dilində olanlar da elə yazılıb ki, Molla Nəsrəddin demiş gərək yazının müəllifini yanında gəzdirəsən ki, nəsə başa düşəsən. Bütün abırlı kitablar rus dilindən tərcümələrdir. Sizdə yəqin artıq dilə hörmət də layiqli yerini tutub.
Məktub yazmaqda əsas məqsədim sona çatdıra bilməyəcəyim bəzi işləri sənə tapşırmaqdır. Bu il oğlumun 16 yaşı olanda ona sevdiyim bir mahnını ithaf edib «Facebook»a qoymaq istədim. İşin Karacanın «Doğum günün kütlü olsun, oğlum» mahnısı o qədər ürəyimə yatır ki… Amma ürək eləmədim. Hər dəfə «Biz dəyişdirəmədik dünyanı, əff et, keçib getdi şanslar» yerinə çatanda qollarım boşalır və göz yaşlarımı saxlaya bilmirəm. Həqiqətən də onlara qalan cəmiyyət və sosial ədalətsizliyin tüğyan elədiyi bir şəraiti qoyub getmək balaca günahlardan deyil. Bizim yaxşı cəmiyyət qurmaq da şansımız vardı. Əldən verilmiş şansları buraxdığımıza görə uşaqlardan vaxtında üzr diləməliyik. Yoxsa o biri dünyada rahat yata bilmərik. İndi mən yaşadığım cəmiyyət əjdaha kimi ağzını açıb mənəviyyatlı adamları, içində ədalət hissi ilə doğulanları göz qırpımında udur. Bunu görüb oğluma «təmiz ol, ağıllı ol, ədalət mütləq yerini tapacaq» demək əvəzinə «ehtiyatlı ol, bic və uzaqgörən ol, sonrasını düşün» deməli oluram. Nəticəsini sən daha yaxşı bilərsən. Tərbiyə üsulum daşa dirəndi, yoxsa bir şey alındımı görən? Bir də ki, uşaqlarımı vaxtında Qarabağa apara bilmədiyimə görə onlardan üzr istə. Görəsən məni vaxtında Şuşaya aparmayan atam narahatdı, ya yox? Gərək soruşam…
Bir də ki, kitablarımın, fonotekamın taleyindən narahatam. Mən onları özümü tanıyanı toplayıram. Evdən hər gün verilən bir abbası pulu toplayıb axırda bir kitab alar və sevinə-sevinə evə gələrdik. Zaxar dayının not mağazası adnan tanınırdı. İndi evdə təmir edib kitab rəfləri quraşdırmalıyam. Yoxsa evdəkilər kitabların çoxluğundan gileylənir və məni qınayırlar. Mənimkilər kitab oxumur. Bəs səninkilər necə? Bəs bu boyda kitabxananı neynəyək? Vəsiyyət edirəm, sən yaşında da kitaba münasibətləri dəyşməsə saxlama kitabları. Payla, bəlkə kiməsə lazım oldu. Bu günlərdə zibillikdən Azərbaycan xalq mahnıları 2 cildliyini tapdım. Evdə bir cüt də vardı, amma onların qiymətini bildiyimdən yerdə qoymadım, götürdüm. Tələbələrimə dedim ki, kim mənə Azərbaycan muğamları mövzusunu təhvil verə bilsə ona hədiyyə edəcəm. Həmən dərs heç kim gəlmədi. Deyirəm sənə, heyfin gəlməsin kitablara, payla. Ola bilər kimsə vərəqini bümürləyib içinə tum yığıcaq. Bəlkə də əksinə, antikvar sayılacaq, bilmək olmaz. Hərdən babamın kitabxanası düşür yadıma. İçərişəhərdə bağlı həyətdə köhnə bir şkaf vadı. Hamı bilirdi ki, içində babamınn kitabları saxlanır. Amma biz onları oxuya bilmirdik. Əvvəla dayım açmağa qoymazdı. Gizlincə açsaydıq da orda ərəb və latın qrafikasyla yazılan kitablardan heç nə anlamazdıq. Tozunu çırpıb yerinə yığardıq. Qoyma mənim də kitablarım o vəziyyətə düşsün. Dayımın qəfil ölümündən sonra onun da kitabxanasını uşaqları darmadağın elədi. Əlbəttə, zər qədrini zərgər bilər.
Nəsə ürəyimdə bir arxayınçılıq var. Məncə bütün yarımsçıq işlərimi yaddaşını itirənədək bitirmisən. Yoxsa yaşaya bilməzdin. Yaddaşın itirilməsi də milli mətbəximizin qaçılmaz nəticəsidir .Yağlı yeməkdən damarlarımız kirəcləşib. Bu məngənədən qurtula bilmirəm hələ də. Ad günləri, bayramlar süfrəni doldurmasan sənə birtəhər baxırlar. Sizdə hələ də toylar 30 il əvvəlki israfçılır və mənasızlıqla keçir? Elə olsa yəqin 20 ildi ayağın toyxanaya dəymir.
Mən ömrümün ən yaxşı vaxtlarını ətrafımı maddi nemətlərlə doldurmaqda keçirdim ki, sən yaşlı vaxtında rahat yaşayasan. Amma indi tərəddüd içimi parçalayır. Dəlkə yaponlar kimi təqaüdə çıxanda dünyanı gəzmək üçün ömrü boyu pul yığmaq lazım idi? Hardan yığaydıq? Maaşımız ayın axırına heç çatmırdı. Dərviş həyatı isə azərbaycanlı üçün çox zəngin yaşam tərzidir. Ola bilər, mən övladlarım və qocalığım üçün çalışmaqda böyük səhv eləmişəm. Gücümü mənəvi yüksəlişimə sərf eləməliydim, bəşəriyyəti də düşünməliydim. Amma mən azərbaycanlıyam. Bu artıq diaqnozdu, qəzavü-qədərdir, qismətdi. Ümidvaram səhvlərimə görə məni qiyamətəcən qınamayacaqsan…
P. S. Mətbəxdəki adam boyda Çin qızılgülü hələ də gül açır görəsən?

 

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?