Mənim «mən»im
Hər kəs özünün fanatıdır

Özünü sevməyən insan hələ ki, dünyaya gəlməyib. Yaradanın verdiyi həyatı hədiyyə kimi qəbul etmiş insan elə yaşayır ki, elə bil hər günüylə dünyanı yenidən kəşf eləyir. Özündən əvvəlkilərin səhvlərini yenə də təkrarlayaraq yaşasa da ona elə gəlir ki, həyatı təkrarsızdı, başqalarınkından çox fərqlənir. O, nəsə qeyri-adi bir həyat yaşayır ki, yaxın qonşusunun, tanışının həyatı onunkuna heç yaxın da gələ bilməz. Onun dərdi olarsa dünyalar qədərdi. Sevinci isə uzaqbaşı göy qurşağının rəngləriylə müqayisə edilə bilər.
Biz başqasının səhvini anlaya bilmərik. Ona yol göstərib çıxışa apara da bilmərik. Çünki özümüz hələ ki, «mən» adlanan lobirintdə azmışıq. Bəziləri bunu anlayır, bəziləri isə yox. Fərq yalnız bundadı. Hətta özünə fanatizmi çiyinlərindən tullaya bilənlər əslində irəli addım atmır. İnsan hər şeyin faniliyini, absurdluğunu anlasa ardını yaşaya bilməz. Yəqin ki, intihar eləyər.
İnsan öz qiymətinə Allaha inandığı qədər, bəlkə də ondan da artıq inanır. Hər bir dindar düşünür ki, onun Allah sevgisi daha dərin və mənalıdır. Başqalarının namazı və duaları növbəyə dayansa da onun namazı qəbul olunur. Onun dində axtarıb tapdığını heç kim tapa bilməz. Hər bir deputat düşünür ki, onun parlamentdəki rolu seçilir və hətta oturduğu kreslosu fərqlidir. Hətta arxasında seçicilər ordusunun dayanmadığını bilsə belə. Hər döyüşçü düşünür ki, düşmənlərin əksəriyyəti onun gülləsindən məhv olub. Hər bir cərrah əmindir ki, əlində qeyri-adi şəfa var və onun üsulu insanlara çox lazımdı. Elə olmasaydı həmin cərah, deputat və əsgər öz işini layiqli səviyyədə görə bilməzdi. Hər yeni nəsil də özünü əvvəlkilərindən daha ağıllı, daha istedadlı, ədalətli və düzgün sayır. Ola bilər bu inkişafın reseptidir, bir növ «insan formulu».
Dünyanın heç bir dini öz doqmalarını bizim «mən»imizi müdafiə elədiyimiz qədər qorumur. İçərimizdəki «cəllad» inkvizisiyanın, daşqalaq eləyənlərin, diri-diri basdırılıb məhv edilənlərin məhkəməsindən daha qəddardı. Axı o, «mən»i müdafiə eləyir və qoruyur. Biz torpaq üzərində hərəkət eləyən qalalar kimi yaşayırıq. Bura giriş qadağandır. İçəri bir kəs buraxılsa mütləq qalanın dağılması ilə nəticələnəcək. Hətta sevdiklərimiz üçün bir otaq ayırmışıq, adına ürək deyərlər. Başqa yerlərə özümüzdən artıq sevdiklərimizi də buraxmırıq. Bu qalanın hər yeri nağıllardakı 40-cı otaq kimi həmişə ağzı kilidlidir. Bu qalaya soxulanları nə günə qoya bilərik, bunu bir Allah bilir və bir də qalanın heç vaxt yatmayan gözətçisi olan «mən»i. Düzdü arabir «mən»i sorğu-suala tutub məşhər ayağına da çəkiriksə də bu sadəcə eleqantlıqdan və bir qədər də təkəbbürlükdən gəlir. Axı bilirik ki, özümüzə ziyan verənlərdən, incidənlərdən də deyilik.
Özünü absolyutlaşdırmayan məxluğu təsəvvür eləmək çətindi. Onda onun nə adı, nə də dəqiq obrazı olardı. Görkəmini hər dəqiqə dəyişən birhüceyrəli amöbun da forması var, lap bir neçə saniyəlik olsa da. Ona görə də nə doğuşdan əvvəlki, nə də ölümdən sonrakı həyatı təsəvvür eləyə bilmirik. Bütün qalaktikaları, əlçatmaz ulduzları, fantastik həyat formalarını təsəvvür eləyir, bacarmadığımızı uydururuq. Amma «nə vaxtsa mən olmamışam» fikri beynimizə çığışmır. Necə yəni mən olmamışam? Mən həmişə olmuşam və olacağam da. Bu yolda nə cənnət, nə də cəhənnəm qorxusu kiminsə qarşısını kəsə bilər. Yaşı 90-nı haqlamış, hər nəfəsində əziyyət çəkən adam belə ölmək istəmir. Nədən bu həyatdan ikiəlli yapışıb? Bu ölüm qorxusu deyil. İnsan bu boyda iri kainatda özüyçün yecanə dayaq nöqtəsidir və həmişə də onu itirməkdən qorxacaq. İdeya uğrunda ölənlər də bilir ki, bu onun ideyasıdır, başqasınınkı yox. Bu onun həyatının, varlığının ideyasıdır və məhz onun varidatıdır, ona görə ölməyə dəyər.
Bəlkə də bu səbəbdən dişlərimiz arasında çöplə apardığımız axtarışlar bizə arxeoloji qazıntılardan daha dəyərli gəlir. Mətbəxdə qadının bişirdiyini tənqid eləmək onun «mən»ini şübhə altına almaq deməkdir. Qaz pis gəlir, ya da ərzaq keyifyyətsizdi – bunun heç bir rolu yoxdu. Normal qadın bu tənqiddən sonra fərli bir şey bişirib ortaya çıxarmaz, daha doğrusu çıxara bilməz. Bütöv bir xalqın mənliyini tapdayanda da o, içində «mən» gizləmiş insanalar yetişdirə bilmir. Dünyanın ən ağıllı, ən dəyərli tənqidi insanları silkələyib ayılda bilmirsə onu bu qədər çəngələmək nəyə lazım? Tənqid nə qədər iti olarsa insan «mən»ini qorumaqçün bir az da silahlanacaq, ya da bu çəkişmədə məhv olacaq. «Mən»lərin məhvini görməkçün, əziz oxucu, başını qaldırıb ətrafına baxa bilərsən…

 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?