Qum
saatı
Xoşbəxtlərin
saata ehtiyacı olmur
Xalq məsəli
Saatı icad elədilər ki, insan Zamanın yüyənindən yapışa bilsin. Hər
dəfə tərpənən əqrəbə, qum saatında axan vaxta baxıb bu boyda Kainatda
özünü itirməsin. Bəzən günəşin də eyni vaxtda üfüqdə görünməsi daimilik
effekti yarada bilər. Amma «Mən hər gün Günəşin batıb çıxdığını dəqiq
bilirəm, çünki görürəm» deyən adamla mübahisə etmək çox çətindi. Ona
nə cavab verəsən? Deyəsən ki, bu ilğımdır? Sonra ona planetlərin yumruluğundan,
günəş ətrafındakı rəqsindən danışsan anlayarmı? Cavabında yəqin ki,
əlini masaya vurub taqqıldadar «Bu maddədir, mən onu duyuram. Çünki
o mövcuddur» deyər.
Yaşadığımız ev də, beynimizdə gəzdirdiyimiz və yoluxduğumuz ideya da
mövcuddur. İdeyanın mövcudluğunu dəqiqləşdirməkçün həmişə sübut gətirmək
lazımdı. Necə ki, Zamanın olduğunu saatla sübuta yetiririk. Evi yandırmaq,
insanı öldürmək olar. İdeyanı öldür görüm, necə öldürürsən? İdeyanın
olması və ölməsi də qum saatında gözümüzün qarşısında axıb gedən saniyələr
kimi ələ gəlməzdi. İdeya ilə mübarizə etdikcə o böyüyür. İdeyanı öldürmək
istəsən sus. Danışma, həyəcanlanma, düşünmə, onda ideya gözünün qarşısında
can verəcək. Sükut evi dağıda bilməzdi, sükut daşa da heç nə edə bilməzdi,
amma fikiri, ideyanı darmadağın edər. Bəzən ideyalar materiyada köç
salır. Kitabın məzmunu vərəqlərdə, musiqinin səsi notlarda, pulun alıcılıq
qabliyəti əl boyda kağızda, sözün qüdrəti isə onu verilmiş enerjidə
yaşayır. Yəqin ki, onlar da insan kimi salındığı qəfəsdən qurtulub əbədi
yaşamaq istər.
Dünya durduqca insan əbədi yaşamaq arzusunda olub. Maykl Cekson 200
il yaşamaq istəyilə bədənini cırıq-cırıq elədi, amma əbədi həyatı dada
bilmədi. Yunan mifologiyasında Eos ilahəsi sevgilisi Tifon üçün Zevsə
yalvarıb əbədi həyat ala bilmişdi. Amma əbədi cavanlıq istəmək heç ağlına
da gəlməmişdi. Ona görə də sevgilisi gözünün qarşısında qocalır, amma
ölmürdü. İncildə yazılıb ki, Mayusail 969 gün yaşayaraq Böyük daşqın
zamanı ölmüşdü. Əbədi həyat arzusu insanları əlçatmaz xəyallara qərq
edib. Oskar Uayldın qəhrəmanı Dorian Qrey də əbədi cavanlıq almışdı,
amma onun günahları portretinin simasna həkk olurdu və əvəzinə qocalırdı.
Məşhur Harri Poter romanının personajı isə 15-ci əsrdə yaşamış fransız
əlkimyaçısının prototipidir. Deyilənə görə o, fəlsəfə daşını əldə edərək
ölümsüzlük qazana bilib. Robert Xaynlaynın personajı Lazar Lonq isə
guya vaxtaşırı qanını dəyişməklə 2 min il yaşaya bilib. Əbədi uşaq qalan
Piter Pen, insan qanını içməklə həmişə cavan qalan vampirlər insanın
Zamanı saxlamaq istəyində yaranan xəyalın, arzunun nəticəsidir. Kimsənin
səliqəylə süzülüb əvvəl balaca təpəcik yaradan, sonra onu böyüdən qum
saatını saxlamağa qüdrəti çatmaz. Onsuz da hamımız saatın əqrəbində
çarmıxa çəkilmişik. Qum saatı əlimizdn gedən dəqiqələri görməyə daha
yaxşı imkan yaradır. Burda elə qurulub ki, hər şey bitən, Zaman əldən
gedən kimi, sonuncu qum dənəciyi yerə düşən kimi sənin əlində imkan
var ki, onu baş-ayaq edəsən və hər şey yenidən başlasın. Əgər saatı
çevirmək yadından çıxıbsa, amma qum səpilməyində davam edir deməli artıq
qocalmısan. Bəlkə öləndə də kimsə saatımızı çevirəcək? Onda hər şey
yenidən başlayacaq…
Zamanın tempi bizim səbirsizliyimizlə ölçülür. Saatlar həyatın ritminə
düşür, amma həyata ritm verə bilmir. Bu insanın öz vəzifsidir. Hətta
sınmış saat da vaxtı gündə 2 dəfə düzgün göstərir. Hətta bir neçə il
sonra bu «uğuru» ilə fəxr etməyi də özünə icazə verir. «Sona nə qədər
qalıb?» sualına cavab verən saat hələ ki, yoxdu. İnsan da saatın əqrəbinə,
səpilən qumun ritminə uyğunlaşıb çarəsizcəsinə ömür sürür və sonunda
qum saatını bir daha çevirəcək kimsəylə görüşünə hazırlaşır…
P.S. Əbədi mövzularda yazmaq cəhdimi yəqin ki, mənə bağışlayarsız. İnsan
musiqidən başı çıxmadığını, riyaziyyatda sıfır olduğunu, baletdən bir
şey qanmadığını boynuna alar. Amma o, həmişə əbədi mövzuda fikir yürütmək
və suallara cavab axtarmaq haqqını kimsəyə verməz.