|
Çəhrayı duman
Əlində nizə tutanların qələm tutanlara qarşı səlib yürüşü
Sənətin, incəsənətin insan mənəviyyatı üçün meyar olmasının tarixi o qədər
də qədim deyil. Qobustan qayalarında maral şəkli çəkib sonra onu oxla
«yaralayan» əcdadlarımız sənət barədə dərin düşüncələrə dalmırdılar. Əlbəttə,
onların içərisində maral şəklini daha yaxşı çəkən birisi tapılırdı və
gələn dəfələr bu müqəddəs prosedur həmən adama tapşırılırdı. Bu işə «rəssamın»
qarnının toxluğuna təminat verirdi. Başqa kişilər ox və nizəsini itiləyərkən
o, qayalarda cızma-qaralarını çəkir və folklorşünasların dediyi kimi sənətlə
yox, magiya ilə məşğul olurdu. Onun yaratdıqları insanların həyatını təmin
eləyən mərasimin bir hissəsiydi. Hətta ibtidai icma quruluşunda da qarın
doydurma mərasimini qəlbinin nuruyla işıqlandıran kimsə tapılırdı.
Daha sonralar bəşəriyyətin tarixi yazılara çevrilib kitablar şəklində
qalaqlananda belə sənətçilərin dəyəri artmamışdı. 16-cı əsrdən bəri incəsənət
məişətdən aralanmağa və müstəqilləşməyə doğru hərəkət elədi. Amma hələ
18-ci əsrdə Vyana klassik məktəbinin banisi sayılan Haydn qraf Esterhazinin
məlikanəsində saray kapellasının rəhbəri işləyərkən həm də həftədə bir
dəfə qrafın başını qırxmalıydı. Yəni musiqiçi və bərbər vəzifəsini paralel
icra eləyirdi və bundan heç də incimirdi. Hər həftə bir simfoniya, ya
da bir kvartetin yaranması həftəlik başqırxma mərasimiylə üst-üstə düşürdü.
O vaxtlar heç kimin ağlına da gəlməzdi ki, həmin qrafın nəslindən olanlar
bir neçə yüzillik keçmiş Haydnı klassik elan eləyərək əsərlərini dinləyib
bayılacaq. Sonralar heç kim Haydnın bərbərliyini xatırlamayacaq, amma
bu əsərlərin onların babasının sarayında yazılıb ilk dəfə səslənməsilə
fəxr edəcək. Bu həmişə belə olub, yəqin ki, belə də olacaq.
İmpressionizmin parlaq nümayəndəsi sayılan Klod Mone zamanında çəkdiklərini
sərgiləməyə heç yer də tapmırdı. Əsərlərini göstərən kimi ağız büzüb gedənlər
rəsmin qarşısında dayananlardan çox olurdu. İmpressionizm ilk təsürat,
duyduqlarının həmin anını rəsmə çevirmək cəhdidir deyən bu yolun yolçuları
uğuru yalnız arzulaya bilərdi. Bir dəfə Mone Londonda sübh tezdən dumanın
şəhər üstünü almasını rəsmə aldı. Sonra bu rəsmi Londonda sərgilədi. Rəsmdə
şəhərin üstünü çəhrayı duman almışdı. Lonlonlular bu rəsmə baxıb çiyinlərini
çəkdi. Heç çəhrayı da duman olar? Yoxsa bu əcnəbi rəssamın başına hava
gəlib? Sonra rəssamı qınayanlar, daha sonra qəzetlərdə iztehzalı tənqidçi
baxışları da çap olundu. Çəhrayı dumanı ağıllı-başlı ələ salıb məzhəkəyə
çevirdilər. Amma həmin sərgidən deyinə-deyinə çıxan şəhər sakinləri səhərisi
gün Londonun üstünü daim bürümüş dumana yeni gözlə baxdılar. Bu dəfə onlar
da əmin oldu ki, şəhərin üstünü çəhrayı duman bürüyürmüş. Londonun qırmızı
kərpic evlərinin işığı sübhün nuruna qarışanda belə rəng alınırmış. Onlardan
heç kim boynuna almazdı ki, Mone bu rəsmi çəkməsəydi çəhrayı dumanı görə
bilməyəcəkdi. Yolaçan və yolgöstərən olmaq çox əzablı peşədir.
Dartışmalar, sənətin cəmiyyətdə rolu, bəşəriyyət tarixində yeri barədə
çəkişmələr bu gün də səngimək bilmir. Əlində nizə tutanlar qələm tutanların
«yol»uyla getsə də özlərində güc tapıb bunu etiraf eləyə bilmir. «Elita
kimdir və necə olmalıdır?» sualını ortaya atıb az qala sözün hərfi mənasında
«qurşaq tutublar». Amma bu da faktdır ki, qoluzorlular sənətkarı məhv
eləyib ortadan çıxara da bilməyib. Tonqalda yandırıblar, 37-ci ildə də
qırıblar, sürgün də eləyiblər. Sözünü bədii tərzdə deyə bilənlər dövlətin
ən qatı düşmənləri sayılıb, dissidentlərin əksəriyyəti incəsənət adamıdır.
Görəsən nizə sahibləri yolsuz qalmaqdan qorxmur? Amma yenə də düşünürəm
ki, bu belə olub, yəqin ki, belə də olacaq. Ruhu doyuranlarla qarın doyuranlar
arasında cəbhədə qurbanlar hələ çox olacaq.
Bəs onda çəhrayı dumanı necə görək? Şəhərin dəlisov küləyi toz-torpaq
dumanını süpürüb atandan sonra bilməyək ki, bizim beynimizin dumanı da
çəkiləndən sonra hansı çalarlarda parıldayacaq? Çəhrayı, mavi, zoğalı,
sürmeyi, yoxsa həmişəki kimi boz, çirkatab rəngdə?.. Parapsixologiyada
deyilir ki, insan aurası bütün pis niyyətlərindən təmizlənəndən sonra
başının üstündən kosmosa doğru yönələn nöqtədə qızılı rəngdə bərq vurur.
Bu rəng sönəndə insan torpağa bağlanır və xəstəlikləriylə baş-başa çarpışır.
Yəqin ki, başının üstündə qızılı parıltısı olanlara elita deyərlər, nizəlilər
bunu qəbul eləyə bilməsələr belə…
|
|