Qəribə
adamlar
Yaxud yeməkdənsə ümid yaxşıdı
Qəribə məkanda yaşayırıq. Yox, yox, 9 iqlim qurşağını nəzərdə tutmuram.
Günəşimizi, narın müalicəvi qumumuzu, çubuq basdıran kimi cücərən qaratorpağımızı,
nə də məşhur giləvar və xəzrimizi də heç kimin gözünə soxmuram. Dövlətlər
bir-birinin ətini didəndə ayaq altında qalmağımızın, dişdəm vurulub
atılan alma kimi yarımçıq torpağımızın dərdini çiyinlərinə də yükləməyəcəm.
Bu yükü hərə öz belinə özü şələməlidi. Bir gözünü aç, bax, hansı torpaqda
bu qədər pir, müqəddəs ocaq taparsan? Qara parçanın tikəsini bir budağa
bağlamağa peşmansan, gələn il gələndə, yəni küləklər, günəş sənin niyyətli
ya niyyətsiz bağladığın parçanın başına min oyun açandan sonra həmən
ağac diləyini parçaya etibar eləmiş minlərlə adamın «arzuları» ilə «çiçək
açıb» rəngli niyyətlərini havada yellədərərək pirə çevrilir. Qəribəlik
deyilmi?
Qəribə məkanın qəribə adamları və bir o qədər də qəribə adətləri olmalıdı.
Yoxsa qəribəliyi adilikdən necə ayırasan. Burda insanlar çarpışıb (yaşayıb
deməyə dilim gəlmir), çalışıb ömürlərini uşağına cehiz yığmağa sərf
eləyir. 36 yaşında nənə olmasıyla fəxr eləyən onlarla qadın tanıyıram.
Bununçün o, 16 yaşında evlənməli, ilkini də o yaşda ərə verməliydi.
Yaşamadığı ömrünün əvəzində uşağının bufetində növbənöv sepvizlər durur.
Mütləq qırağı qızılı halqalı nimçə və fincanların gözqamaşdırıcı işığı
müəyyən günlərdə, mütləq evə abırlı və hörmətli qonaq təşrif buyuranda
parıldamalıydı. Ev adamlarına bu işartını şüşə arxasından tamaşa eləmək
icazə verilir. Bu servizsə bütün cansız əşyalar kimi «nə?» sualına cavab
verə bilmir. Qrammatikanın bütün qanunlarına zidd olaraq «nə vaxt?»
sualını cavablayır. «Nə»yə tamarzı qalan nə qədər servizlər «nə vaxt?»
işlənəcəyini gözləyir…
İnsanlar da eləcə, «kim» sualına cavab verəcəyi günü gözləyir. Səbrlə,
təmkinlə, üzücü ümidlə «nə üçün?»ə, «kim üçün»ə cavab verməkçün yaşamaq
istəmir. Kiminsə dayağı, arxası, ümidi, çörək ağacı olanlar bircə «Bəs
sən özün kimsən?» sualının aqrşısında acizdi. Cavabı tapa bilmir axı?...
Xalça palazımız evin gözəlliyini, istisini qrumaq əvəzinə qonşunun qulaqlarını
qoruyur. Axı, arvadını kötəkləyəndə humanist qonşular niyə narahat olsun
ki? Arzularını, istəklərini ürəyində boğanlar cəmiyyətin natamamlıq
komplekslərini qoruyur. Mənasız ömrünün sonunda həyatının mənasızlığını
üzünə vuranın gözlərini çıxara bilənlər özü kimi «kim» sualı qarşısında
acizləri doğur və boyüdürlər.
Əsərlərinin oğurlanacağı günü gözləyən bəstəkar tanıyıram. Şou –biznesə
yarayan «üç badam, bir qoz» yazmır, yoxsa çoxdan dəbdə olardı. Yaşamaq
zülmündən betər yaratmaq zülmünü yaşayan bu insan yaratdığını xarici
vətəndaşa verməkdən narahat deyil. Aravdı deyəndə ki, «Qorxmursan, əsərini
götürüb işlədərlər? Gözümüz görə-görə «Sarı gəlin»i bizimkidir deyən
ermənilərə heç nə sübüt edə bilmirik. Niyə belə arxayınsan ki, Azərbaycanı
bəlkə də xəritədə də tapmayan xarici adsız-sansız bəstəkarın əsərini
oğurlamayacaq?» - cavabında yalnız azərbaycanlıya məxsus ola biləcək
bir cavab eşitmişdi: «Mən yazıb əsərimi eşitməməkdən bezmişəm. Yaxşıdısa
qoy oğurlasınlar, bəyənirlərsə lap tam mənimsəsinlər. Əsərin altında
mənim imzam olmasa da olar. Bilərəm ki, yazdığım əsər hardasa səsləndi!».
Siz deyin, bu qəribə deyilmi?
Arabir elə mən də «nə üçün?» sualının qarşısında aciz qalıram. Azərbaycanlılar
qəribə, həsədaparacaq istedadla ambisiyaları arzulara, inamlara, diləklərə
çevirirlər. Ona görə də yol qırağında bir qırıq parça asılmış ağac bir
ilə pirə çevrilir, niyyətlə ağrılı yerlərinə sürtülən daşlar az keçməmiş
şəfa gətirir. Reallaşmayan ambisiyalarla yaşamaq çətindi. Niyyətlərinin
reallaşacağı günü gözləməksə şirindi. Bəlkə mən də hər köşədə bir niyyət
«düyünləyirəm». «Düyünləyib» qəzetimizdən asıram. Böyük səbrlə, təmkinlə
arzularımın çin olacağını gözləyirəm. Lap arxamca gülüşənlər olsa da.
Yəqin mən də qəribəyəm?!