|
Məyusluq
bayramı
Yaşım o qədər də çox deyil, amma mən 8 martda evə bir qucaq gül ilə gəlmək
xoşbəxtliyini yaşamışam. O vaxtlar, yəni 20 ildən bir qədər az əvvəl müəllimlərə
gül vermək dəbi vardı. Sinfin ən kasıb şagirdi heç olmasa bir dəstə nərgizgülünü
müəlliminə hədiyyə verərdi. İmkanı olanlarsa daha gözəl gül dəstələri
bağlatdırardı. Sonra həmin bu çiçəkləri qucaqlayıb avtobusa, ya da metroya
minəndə hamı bilirdi ki, sən kimsən. Çünki adi qadına cəmi bir dəstə gül
verərdilərsə, müəllimlərin qucağı güllə dolu olardı. Bu anlarda yaşadığım
xoşbəxtlik duyğusunu sözlərlə ifadə etməkdə acizəm.
Sonradan nəsə dəyişdi elə bil. Bu dəyişiklik insanların mənəviyyatından
başladı. Gül dəstələri balacalandı, xırdalandı və nəhayət yoxa çıxdı.
Onu əvvəl süvenir tipli hədiyyələr, az keçmiş isə pul əvəz elədi. İndi
mən özüm uşaqların müəllimini gül dəstələriylə təbrik etmirəm. Bu günün
müəlliminə çiçək deyil, pul lazımdı. Düzün desəm pulun gülləri necə əvəz
etməsini xatırlamıram. Mənəviyyatdakı çat əvvəl ürəklərdə oldu və davamı
xəritəmizdə nəqş olundu, yoxsa əksinə, torpaqlarımızı itirməklə keçirdiyimiz
məyusluq ürəklərdə çat yaratdı. Amma məncə 8 marta münasibətimizin dəyişməsindən
nəsə bir siyasət qoxusu gəlir. Millətin bütün bəlalarının məsuliyyətini
müəllimlərin çiyninə şələdilər və onun çiçək payına həsrət qoydular.
Deyim ki, o vaxtlar kişilər də 8 martda bu qədər deyinməzdi. Yaxınları,
əzizlərini təbrik edə bilsə də, bilməsə də bayramqabağı qaşqabaq tökməklə
hamının əhvalına soğan doğramazdı. Bu bayramı elə o vaxtlar da kişilər
sevməzdi, amma bunu dilə gətirməyin özü ayıb idi. Hansı kişi qadınına
çiçək almaqda, ya nəsə xırda sevinc bəxş etməkdə aciz olduğunu boynuna
alardı?! Amma indi mart gəlməyə bəndmiş mətbuat bayramqabağı təhqirlər
marafonuna başlayır. Hədəfdə hədiyyə gözləyən qadınlardır. Bəli, bu bizim
milli bayram deyil. Bəli, onu inqilabçı qadınlar ortaya atıblar. Bəli,
cəmiyyətin maddi durumu mart ayında 2 xərc tələb edən bayramı – 8 mart
və Novruzu qeyd etməyə çətinlik çəkir. Nə olsun ki? Bunu qadın olduğuma
görə demirəm, mən hər il 8 martda it sifəti töküb deyinə-deyinə qadınına,
anasına, ya iş yoldaşına hədiyyə etsə də nifrət dolu ifadələri bir sutka
təkrarlayan kişiləri görəndə utanıram. Böyük şey olacaqmış, səhər yerindən
duran kimi anasına, bacısına zəng edib 3 kəlmə xoş söz deyəcəkmiş! Ya
da ildə bir gün arvadından tez durub çaydanı plitənin üstünə qoyacaq ki,
çay dəmləsin və onun yanağından öpəcəkmiş! Sonra evinin xanımlarına, qızına,
baldızına, qonşusuna bircə gün xoş ovqat bağışlayacaqmış. Müəllimlərə
gül dəstəsi qıymayan millətin kişisi də belə olar!
Artıq mən də 8 martı sevmirəm. Çünki bayramdan bir həftə əvvəl və bir
həftə sonra uşaqlar müəllimin üzünə dik baxa bilmədiyindən, ya da hədiyyə
vermək istəmədiyindən dərsə gəlmirlər. Ətrafda mənasız vurnuxma, təlaş,
əsəbilik yaranır ki, bu günün tez bitməsini arzulayırsan. Evin kişisi
ortabab xərclə bu gündən salamat çıxdıqdan sonra rahat nəfəs aldıqca özünü
günahkar bilirsən. Nəyimə lazımmış bu hədiyyə? Onsuz da həmən günü bıcağı
əlimdən alıb soğanı doğrayan tapılmayacaq, nə yeməyi əvəzimə bişirəcəklər,
nə də evdə öz tör-töküntülərini yığışdıracaqlar. Bununçün Allah yəqin
məni yaradıb və ağır missiyanı boynuma yükləyib. Cəmi bir gün özünü qadın
kimi duymaqçün o boyda missiyanın qarşılığında kiçik bir hədiyyə almaq
məncə çox böyük kompromisdi. İnsanlar müəllimin zəhmətinin qarşılığını
verə bilməyəcəkləri kimi kişilər də qadının zəhmətinin əsil dəyərini verə
bilməyəcək! Məncə heç vaxt…
Ola bilər bu günü biz qadınlar kişilərimizdən çox şey gözləyirik. Amma
göydən ulduz dərməyi, Kainatı ayaqlarının altına sərməyi vəd verəndə dilindən
dartan vardı? Həmin məqamda hansı kişi deyərdi ki, mən ilin bir günündə,
təsəvvür edin, 365 gündən birində, sənə vəd verdiyim xoşbəxt dəqiqələri
yaşamağa imkan yaratmayacam. Belə kişinin acığına brilyant kolye, dünyanın
ən bahalı xəzi, mart günəşinin şüaları altında bərq vuran maşın tələb
eləməyin, sonra isə qismət olsa alandan sonra bir çiyin atmağın da gəlir.
Onlara bu da azdı. Ola bilər müəllimlər də ağını çıxarıb, bayrama bir
ilin azuqəsini alacaq məbləği istəyir, sonra ala bilməyəndə sonrakı bir
ili alt dodağı yer süpürür. Bütün bu səhnələri yaşamağı qismətindən silmək
istəyənlər qulpundan çıxanı müəllimə, cibinin dibində qalanı qadınlarına
verir ki, günü qara olmasın.
Əslində 8 mart bayram deyil, bir sınaqdı. Kişilərin, qadınların və müəllimlərin
səbr sınağıdır. Amma bu gündə səbr eləyənlər istədiyini ala bilmir. Bu
gün kişi və qadın qarşıdurması və cəmiyyətin tamahkarlıq sınağıdır. Təvazökarlıq
göstərənlər bu gündə hədiyyəsiz qalır…
|
|