«Cherchez
la femme»
Yaxud dünyaya qadın gözüylə bir də baxın
Evin kişilərini futbola yola salan kimi klaviaturanın arxasına keçib
yazı yazmağın özü də bir inqilabçılıqdır. Onlar bircəcik topun dalıyca
ora-bura qaça-qaça özlərini kainatın yaradıcıları, super insan və sair
bu kimi yekəxana fikirləri beynində bəslədikdə sən ev xalatında oturub
feminizm haqqında yazı yazmağa ürəklənmisənsə özünü ən azından cənnətdən
qovulma mərasimi astanısında hiss eləməlisən. Qoy onlar artıq enerjilərini
çıxarsınlar. Onsuz da evdə tamam başqa qanunlar hökm sürür. Əlbəttə
bunu onlar bilmir…
Bəri başdan deyirəm, feministlərdən acığım gəlir. Fikrimi əlbəttə ki,
əsaslandıracam. Amma bir qədər sonra. Əvvəl qadınlara qarşı haqsızlığın
tarixinə baş vurmaq lazımdır ki, məsələnin kökündə dayananları tapa
biləsən. Nə qədər eşələnsəm də hər şey gedib Adəm və Həvvanın və zəhrimara
qalmış cənnət almasının üstündə dayanır. Bir də ki, bu qabırca məsələsində.
Bilməmiş olmazsız, Həvvanın Adəmin qabırğasından yarandığı iddia edilir.
Düşünmürəm ki, o vaxtdan bu günədək bu problemə baxışda nəsə prinsipal
dəyişiklik olub. Ona görə də cinsindən asılı olaraq özümüzü Adəmin və
Həvvanın da yerinə hələ də qoya bilərik.
Özümü Həvvanın yerinə qoyub onun duyduqlarını yaşayıb bəzən də onun
yerindən cavab vermək cəsarətini mənə yəqin bağışlarsız. Yaranan kimi
(qabırğadan ya başqa cür, heç fərq eləməz) Həvva balaca uşaq kimi ona
deyilənlərin hamısına qulaq asırdı. Hər dəfə Adəmin sözüylə oturub durmağa
çalışsa da onun «bir tanəciyi» Həvvaya qanmazlıq üstündə qulaqburması
verərdi. Ona görə də «böyüdükcə» ondan tələb olunan hissləri imitasiya
eləməyi də öyrəndi. Bax, həmin gündən onlar artıq yola getməyə başladılar.
Adəmi belə münasibət qane eləsə də Həvva hərdənbir öz yaddaşının dərinliklərində
eşələnirdi. Həvvadan «ərini yola vermək» və ən vacibi «düşünməmək» tələb
olunurdu. Əlbəttə ki, əmrləri icra eləyərkən «nə üçün» sualını da dilinə
gətirməməliydi. Adəm onu yalnız «bu belə olmalıdır»a öyrədə bilərdi.
Ona görə də Adəm Həvvanı sevməyi öyrədə bilməzdi. Çünki sevgidə tərəflər
bərabərdir. Bax həmin bu bərabərlik, tarazlıq onların münasibətində
elə əvvəlcədən pozulmuşdu.
Sonradan onların uşaqları doğulanda da Həvva onlara öz bildiyindən artığını
öyrədə bilməzdi. Uşaqlar da öz uşaqlarını…. Bizim vaxta qədər elə beləcə
də davam eləyirdi. Elə indi də belədir. Əlbəttə, «böyüdükcə» Həvva anlayırdı
ki, ondan nəyisə əsirgəyiblər. Bütün qadınların ürəyinin dərinliyində
gizlənmiş inciklik də burdan başlayır. Neçə nəsil incik həvvalar doğulur
və ölür.
Müasir dövrdə meydana atılmış feminizm də həmən bu inciklikdən qidalanır.
Evdar xanımlardan daha güclü xasiyyətli qadınlar qədim tələbləri, qadağaları
aşaraq özlərini tamam başqa cür aparırlar. Çünki bu qadağaları kişilər
qoyub! Öz ağasına nifrət eləməyə başlamış qadın nə hiss eləməlidi, özünü
necə aparmalıdı? Əlbəttə ki, onun kimi, nifrət elədiyi kişinin özü kimi.
O, başqa variant tanımır, heç hiss eləmir də. Qullar həmişə öz ağalarına
bənzəməyə çalışar.
Ona görə də matriarxatdan qorxmayın, kişilər. Sən demə dilimizdə bu
sözün da milli variantı varmış, mən bilməmişəm – ana xaqanlıq. Ana xaqanlıq
geri qayıtmayacaq, çünki o, həmişə sizinlə olub. «Cherchez la femme»—
(Qadın axtarın) deyən fransızların dediklərində həqiqət çoxdur. Ən zülmət,
nadan, cəhalətli orta əsrlərin özündə belə həvvalar hakimiyyətdə olub.
Adəmlərin başı «Necə yaşamalı?» barədə düşünməyə və əlbəttə ki, cadugərləri
yandırmağa qarışıb. Bircə onu anlaya bilmirəm ki, fkministlər indi nəyin
uğrunda mübarizə aparır? Real hakimimyyəti, əsrlər boyu əlimizdə olan
təbii qüvvəni, qərinələrin təcrübəsini qoyub kişilərin şərti adlana
biləcək hakimiyyətinə dəyişmək istəyirsiz? Bu lap axmaqlıq olardı…
Maraqldı bir sovet filmi vardı. Günlərin bir günü daim müharibələrdə
olan kişilərinin əlindən bezən qadınlar şəhərin qapılarını bağlayıb
kişilərin qarşısında şərt qoyurlar: «Ya müharibələrdən əl çəkməlisiz!
Ya da qapıları bağlıyb sizi şəhərə buraxmayacağıq!» Bu tələbdən kişilərin
gülməkdən ürəyi gedir: «Biz filan şəhəri 2 saata zəbt elədik, öz şəhərimizə
girə bilməyəcəyik? Qadınlar vuruşmaq nədi bilməz!» İki cəbhə - silahlanmış
qadınlar və kişilər üz-üzə dayanır. Hücum məqamında qadın sərkərdəsi
əmr verir ki, hamı soyunsun. Alınan səhnədən bütün kişilərin silahı
əlindən düşür. Vuruşmağı, dava-şavanı bir saniyəyə unudub pambığa dönürlər.
Ona görə də belə güclü silahı əlindən yerə qoymuş feministləri heç cür
anlaya bilmirəm.