Qəlbi şikəstlərə sədəqə vermirlər


Zaman ən yaxşı müəllim və ən yaxşı təbibdir.
Təəssüf ki, o, bütün yaxşı tələbələrini öldürür.


Arıq, əldən düşmüş kişi yavaş-yavaş sıraların arsında irəliləyir. Bəxtindən metroda adam azdı. İçəri basabas olanda yəqin qazancı az olur. Çünki adamlar itələşdikcə əsəbləşir, onu itələyənin üstəlik sədəqə diləməsini görüb lap özündən çıxır. Adətən belə vaxtlarda insanlar dilənçi payı verməyə tələsmirlər. Çünki özləri ondan bir o qədər də fərqlənmir.
Kişi sıraların arasında irəlilədikcə şikəstliyini gözə çarpdıran hərəkətlər edir. Əlinin qıc olmasını bir az da vurğulayır, ayağını bir az da çəkir ki, insanlar rəhmə gəlsin. İnsanlar sədəqəni yalvaranın intonasiyası, ya da şikəstlik dərəcəsinə görə vermirlər. Onlar özünü həmən o insanın yerinə qoyur və müqayisə edirlər. Onlar arasında sağlamlıq fərqi çox böyük alınarsa həmən dilənçinin ovcunda pul cingildəyir. Sədəqə verən özünü ani olaraq onun yerinə qoyduğundan başına gələcək bəlalardan sığortalanmaq üçün elə bil ki, Yaradana rüşvət verir. Yəni «Bax, mən necə qəlbi geniş, əliaçıq adamam. Məni də bu güna salma, İlahi» kimi səslənən duasını tez-tələsik ürəyində oxuyur. Bəlkə də bu duadan onun şüuru heç xəbər tutmur. Bir az üzlü sərnişinlər utanmazcasına qulaqlarını çəkir və dilənənin bunu görüb görməməsindən qətiyyən narahat olmur. Əslində dilənçi üçün bunun bir elə də fərqi yoxdu. Təki ovcu boş olmasın.
Fiziki şikəstliyi olanlar çatışmazlığını özü aradan qaldıra bilməz. Qəzamı olub, ya anadangəlmə şikəstliyimi var, hamısı Yaradanın əlindədir. O, kəsilmiş qolunu, mərmidən dağılmış ayağını bərpa eləyə bilməz. Amma qəlbinin naqisliyini, şikəstliyini insan özü düzəldə bilər. Qonşunun paxıllığından ahar olub yanmış ürəyinə sərinləşdirici məlhəmi ancaq özü qoya bilər. Acı söz deməkdən cadar-cadar olmuş dilinə özündən başqa kim təpitmə qoyacaq ki? Sevgidən parçalanmış ürəyinə tikiş qoyan həkim tapa bilərsən? Utancaqlıqdan büzüşmüş qəlbini havaya verib qırışlarını yalnız sən aça bilərsən. Hər dəfə bir para ürəyinlə birgə kəsib atdığın, ürəyindən sildiyin insanların tikələrini yığıb torpağa basdıran olmayacaq. Onların ruhu tikə parça olmuş bədənlərin ruhu kimi atıldığı yerlərdə dolaşmaqdadır. Axsayan vicdanın qoltuq ağacına söykənəcəyi karına gəlmir. Burxulan, dolaşıq düşən, büdrəyən emosiyalarının cilovu da öz əlindədir.
Qəlbi şikəstlər öz yaralarını göstərməyi sevməz. Çünki bilirlər ki, onlara baxıb ürəyi yananlar tapılsa da əvəzini verəni olmayacaq. Fiziki yaralardan ürəyi pambığa dönmüş mərhəmət paylayanlardan sənin dərdinə əlacı tapılmaz. Uzaq başı növbətçi ifadələrindən bir ikisini dilinə gətirəcək. Ən rəhmdilləri isə sənə ürək-dirək verməkçün öz taleyindən aldığı zərbələrin izlərini, çapıqlarını göstərəcək. Bir saniyəlik göstərib sonra tələsik üstünü brtəcək ki, daha heç kim görməsin. Çünki insanın başqasının qəlb yaralarını sağaltmaq qüdrəti yoxdu. Yenə də burax Zamanın iximyarına. Bədənin öləndə qohum-qardaşın başına yığışacak, ölüm tərini siləcək, son arzularını yerinə yetirəcək. Qəlbin öləndə isə sən tək olacaqsan. Xırıldayaraq son namazını özün qılacaqsan, fatehəni də özün oxumalı olacaqsan. Bu olmaya da bilərdi, sən bu günü görməyə də bilərdin. Qəlbin ölümü haqq deyil. Nə qəzavü-qədərdir, nə də tale. Bu sənin seçimindir. Sənin yaşantın, sənin həyatın, sənin arzun və niyyətin…
Qəlbin göz qabağında can verirsə son şans kimi musiqi tərtibatını özün verə bilərsən. Qəlbini öldürənlərin xatirəsinə bir tuş!.. İlk əvəvl Mosartın «Rekviyem»indən «Lyakrimoza» səslənsin (Musiqini xatırlaya bilməyənlər «Ovod» filmində qəhrəmanın atasını «Ya mən, ya da Tanrın» seçimi qarşısında gözü yaşlı qoyub edama getməsi səhnəsini xatırlasın). Vidalaşma mərasiminin orta hissəsinə Çaykovskinin 6-cı simfoniyasının final səhnəsi yarayır (Bu simfoniyada müəllif tale ilə savaşını uduzub yaşadıqlarının musiqiyə köçürmüşdü). Sonda Qaryevin «İldırımlı yollarla» baletindən iki sevgilinin adajiosu və laylayı səslənsin (Bu, öləcəklərini bildiklərindən sevcililərin təqib edənlər hələ onları haqlamamış son sevgi etirafı və ölümün simvolu kimi laylayı bir daha yaşaması səhnəsidir). Bəd ayaqla son nəfəs kimi Albioninin «Adajio»sunu səsləndir. Bütün bu «musiqi məlhəmi»ndən sonra qəlbin dirilmədisə əl çək ondan. Artıq gecdir. Necə deyərlər onun yer behiştlik…

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?