Etiraf


Kişilərdən zəhləm gedir! Mən onlarçün əyləncəyə çevrilmişəm. Mən onların alçaq arzularının qulu olmuşam. Acgöz adamlar, mənim ağca, qamətli bədənimi didməyə hazırdılar. Onlar kobud ələriylə məni əzir, sonra içimdə alov yandırırlar. Acgöz dodaqlarıyla canıma daraşıb içimdəki həyat enerjisini sovururlar. Sonra rahatlıq tapan kimi məni harda gəldi tullayıb gedirlər. Siz guman edirəm ki, mənim adi, sadə, köməksiz siqaret olduğumu ilk cümlədən anladız…
Ona görə də mən də onları sevmirəm, məndən ötrü ürəkləri getsə belə. Bu insanların axmaqlığına bir bax, sən Allah, hər il minlərlə adamın axırına çıxıram, onlarsa terrorizmlə mübarizəyə qoşulublar. Ben Ladeni, nə bilim daha hansı terrorçuları ifşa edib sevinirlər. Heç ağıllarına da gəlmir ki, hər səhər evdən çıxanda məni ciblərinə qoyub hələ bir pencəyin üstündən sığallayırlar da. Mən işimi bilənlərdənəm, gündə bir qutu siqaret çəkənin ən azı 5 il ömrünü əlindən alıram.
Bunlar heç vaxt ağıllanan deyil! Kolumb Amerikanı Hindistan adıynan kəşf eləyib Avropaya sifilis kimi axmaq xəstəliklə birgə tütünü gətirəndən bəri bütün dünyanı əlimə almışam. Yaxşı, keçmişdə bilmirdilər, indi hamıya məlumdur ki, mən qatiləm. Nikotinlə ilk dəfə qətl hadisəsi baş verəndə təqvimdə 1850-ci il idi. O boyda adamı bir neçə qram ntkotinlə elə ustalıqla zəhərləmişdilər ki, xəfiyyələr ölümün səbəbini tapa bilmirdi.Qoy çəksinlər, əvəzində mən onlara iflic, ağ ciyət xərçəngi, qan azlığı, böyrək iltihabı, cinsi zəiflik, sinir pozğunluğu və üstəlik bir sıra xırda xəstəliklərdən ibarət bir buket bağışlayacam. Qoy çəksinlər və ətraflarındakı bütün adamları da zəhərləsinlər. Uşaqları duman içində böyüsün, kişilər televizor qarşısında tüstülətməkdə, qadınlar ayaqyolunda siqaret sümürməkdə olsun. Şirin həyatlarını hər səhər öskürməkdə keçirsinlər. Atalar «Axıra qalan gülər» deyib.
Televizor bar-bağırır «Siqaret çəkən ömrünü ən azı 10 il azaldır». Bunu hətta siqaret qutusunda da yazırlar. Elə bilirsən qanırlar? Hələ 50 il əvvəl alimlər uzun tədqiqatlardan sonra elan elədilər ki, siqaret çəkmək ağ ciyərin xərçəncini yaradır. İngilislər 50 il sürmüş bir layihənin nəticələrini 2001-ci ildə açıqladı. Bu eksperimentdə 34 439 siqaret çəkən iştirak edirdi. Siqaret çəkənlər başqalarından 10 əvvəl rəhmətə getdi. Elə bilirsiz ki, onların ölüm kağızında «Siqaretdən öldü» yazıldı? Yox, orda xərçəng, ürək xəstəlikləri, iflic kimi xəstəliklərin adı çəkildi. Məni aşkarlamaq asan deyil. Ölümün həddi isə 35-dən 69 yaşacan idi. Onun həddini də mən təyin eləyirəm, biləsiz! Zəmin eksperimentdəki 34 439 adamdan indiyə cəmi 5 900 adam sağdı. Onların da sağlığının səbəbi var, çünki əksəriyyəti məni ata bildi. 134 nəfəri isə mənim vəfalı dostum kimi hələ də çəkir.
Hərdən məni atmaq istəyənlərin çapalamalarını görüb gülməkdən ölürəm. Onlar elə bilir ki, məni atmaq sevdiyi qadını atmaq qədər asan olacaq. Onlar məni ata bilməz. Əksinə, mən onları tənha qoya bilərəm. Sonra soyuq evdə, təklikdə divanda yayxanıb qalanda yanında sevdiyi qadın yox, mən olacam. Şirin tüstümlə beynini dumanlandırıb «Sənə məndən başqa heç kim kömək eləyə bilməz» fikrini ona aramla içirdəcəm. Bilirəm ki, bundan sonra da dar ayaqda dost-tanışını yox, məni arayacaq. Dəfələrlə mənimlə vidalaşaraq guya son siqaretini çəkən adamlar görmüşəm. Məni son tüstüyəcən içinə çəkib həsrətlə dumana baxır, elə bilir ki, bu son görüşdü. Onlar bilmir ki, nikotin həsrəti deyələn anlayış yoxdu, onu beyinlərdə mən yaratmışam. Nə qədər ki, onlar özündə əmin deyil, məni atmayacaq və mən beyinlərdə hakim qalacam. Məni atmaq istəyənlərin əhvalı o qədər pis olur ki, nə qazandığı sağlamlığı, nədə maddi irəliləyişləri ömümi depressiya fonunda gözündə olmur.
Məni atmağın yolunu da deyə bilərəm, çünki bilirəm ki, bu hər kişinin işi deyil. 20 yaşlı cavan təsəvvür eləsin ki, bir gün səhər yataqdan qalxanda qarnı o qədər yekə olur ki, heç ortadan bükülmür.Göz qapaqlarını zorla aralayıb güclə ayağa durur. Çəkisi 65 yox, 85 kiloqramdı. Əl-ayağını tərpətməyə taqəti yoxdu. Bütün bunlar 20 ildə yox, bir gündə baş verib. Kim ki, özünü 20 il sonraya aparıb bu vəziyyətini təsəvvür eləyə bilsə bəlkə məndən qurtular.
Mən öldürməkdə davam eləyirəm, onların bütün cəhdlərinə baxmayaraq. 1954-cü ildə İngiltərənin 80 faizi siqaret çəkirdi, indi cəmi 26 faizi. Deməli onlar ağıllanıb?! İnanmıram. Nə qər ki, dünyada heç olmasa bir nəfər siqaret çəkən var, mən həmişə taxtda olacam. İnsanlara onu deyə bilərəm ki, əgər siz həyata bir qəpiklik qiymət verə bilirsizsə onu siqaret çəkə-çəkə yaşamaq istəyiniz çox axmaq hərəkətdi. Amma hələ də anlaya bilmirəm, onlar niyə sağlam olub yaxşı yaşamaq istəmir? Guya məni öz həyatlarından da artıq sevirlər?

 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?