İntəhasız
meymunlar teoremi
İnsanı balta yox, fırça yaradıb
Özümüzü qəribə məxluqlara aid etməyi nədənsə sevirəm. Rahat, təmirli
evimizdə oturmuruq, mənasız sakit həyatımızla problemsiz yaşamırıq,
elə hey axtarırıq, oxuyuruq, tədqiq edirik, araşdırırıq. Fəxr etdiyimiz
insanlığımızla heyvanat aləmində paralellər görəndə də məyus olmuruq.
Bir vaxt Engels meymunun insana çevrilməsində əməyin rolundan yazanda
hamı bu fikri həvəslə qəbul etdi. Bu nəzəriyyəni başının üstündə bayraq
kimi yelləndirən sovetlər birliyi «İşlə ki, adam olasan» dedi. Bundan
əvvəl deyilmiş «İşləməyən dişləməz» kimi atalar sözü elə bil ki, mövzudan
uzaqlaşdırırmış kimi səsləndi. Dişləmək azdı, insan olmaq lazım idi.
İnsanın meymundan əmələ gəlməsi fərziyyəsini hələ qəbirdə də sübut etməyə
məcbur olan Darvinin də məsələsi açıq qalıb. Çünki şüur qiymətli bir
dürr olaraq göydən düşə bilməzdi.
Gəlin alimlərin tapıntılarını bir az araşdıraq. Arxeoloqlar Cənubi Afrikada
yaşı 100 min il olan rəssam ləvazimatı tapıblar. Tapılmış qədim studiyada
rəssama lazım olacaq bütün avadanlıqlar vardı: palitra, rənglər, fırçalar…
Qədim rəssam qırmızı və sarımtıl heyvan piyini oxra və iliklə qarışdırıb
parlaq rənglər ala bilirdi. Sonra onu ovudulmuş kömürlə tündləşdirir
və bütün bunlara parıltı verməkçün sümük qırıntısı və üyüdülmüş çınqılla
qarışdırır və sonunda vam odda bişirirdi. İndiyədək alilər düşünürdü
ki, müasir insan təkamül prosesinə 200 min əvvəl başlayıb. Əgər 100
min il əvvəl rəssamlıq təcrübəsi olan insanlar vardısa deməli insanın
təkamülündə balta yox, fırça əsas rolu oynayıb.
Yaxın və uzaq qohumlarımıza həqarətlə baxmayaq. Çünki onlar bizə hər
dəfə kimliyimizi xatırladır. Meymunlara hər baxanda paltar geymək, özünü
adam kimi aparmaq, danışmaq və ən vacibi yazmaq bacarığımıza şükür etməyim
gəlir. Belə bir qədim nəzəriyyə var ki, qeyri-müəyyən sayda meymun şüursuz
şəkildə çap maşınındakı düymələrə döyəcləsə tamamilə təsadüfən Şekspirin
hansısa əsərini çap edə biləcək. Rus alimləri təkid edir ki, təsadüfən
çap olunacaq roman mütləq Tolstoyun «Hərb və sülh» olmalıdır. Bu kitabı
nə vaxtsa əlində tutanlar onun həcmini xatırlaya bilər. Hipotezin adını
«İntəhasız meymunlar teoremi» qoyublar. Bu yaxınlaracan bu, alimlərin
sevimli lətifələrindən idi. Amma hər lətifədə mütləq müəyyən qədər həqiqət
dərəcəsi var. Hesablayıcı maşın Amazon EC2, Hadook sistemi, Ubuntu ev
kompüteri və proqramlaşdırıcı Gessi Anderson (bütün bunları işıqlanıdrmış
«Terra & Comp» dərgisinin köməyi ilə) sübut etdi ki, meymunlar təsadüfən
Şekspirin əsərlərindən birini klaviaturada döyəcləyərək yaza bilər.
Vertual meymun rolunu xüsusi proqram oynayırdı və hər dəfə ingilis əlifbasında
təsadüfi hərf sırası verirdi. Əgər hərflər əsərlə üst-üstə düşürdüsə,
kompüterin yaddaşında qalırdı, düşmürdüsə silinirdi. Avqustun 21-də
başlamış layihədə «vertual meymun» Şekspirin artıq bir əsərini bitirib
və yerdə qalan 38 əsərin artıq 99 faizi kompüterə köçürülüb. Bu tip
təcrübəni əsil meymunlarla da qoymuşdular. Nəticəsi o olmuşdu ki, əsər
yavaş-yavaş, yəni meymun sürətilə yazılsa da meymuna həvalə edilmiş
klaviatura bir aydan artıq davam gətirməmişdi. Bu yerində yadıma məktəblərə
verilmiş və həmişə sınıq-salxaq olan kompüter klaviaturaları düşür.
Əziz kompüter sevərlər, klaviaturanı döyəcləməkdə olun, nə vaxtsa, (bu
nə vaxt nə vaxtsa gələcək) sizin də qələminizdən Şekspir səviyyəsində
əsər çıxacaq.
Bu müqayisədən sonra dişi lemurların davranışından yazmaq istəmirsən.
Amma obyektiv olmaq məcburiyyətindəyik. Bioloqlar yer üzündə ən əxlaqsız
canlıların müəyyən edib sonra onların davranışını qadınlarla müqayisə
ediblər. Yenə də oxşarlıqlar gözə girir. Meymunlarda banana görə cinsi
münasibətə razılıq vermək zəifliyi vardı. Amma lemurlar bunu yalnız
ləzzət xətrinə edir, lap adamlar kimi. İnsanın ovcuna yerləşə biləcək
kiçiklikdə olan bu heyvanlar sekslə həvəslə məşğul olur və bu məsələdə
heç bir maddi maraq güdmürlər. Bizdə belə davranışa görə qadını qısa,
amma çox mənalı bir sözlə adlandırırlar. Lemurların həyat tərzinə baxandan
sonra adamda belə bir inam yaranır ki, yenə də nə vaxtsa insanlar da
lemurlar kimi bir-birini anlayacaq kiçik qruplara bölünə biləcəklər.
Burada yalan və riyakarlığa yer olmayacaq.
Təkamül ucu-bucağı görünməyən sonsuz bir prosesdir. Bəlkə ona görə biz
dünyanın sonu barədə fikirləri oxumağı sevmirik. Amerikalı xətib Qarold
Kempinq bu cüməyə yenə də dünyanın sonunu təyin edib. Mayın 21-də dünyanın
sonu baş verməyəndə o qətiyyən pərt olmamışdı. Onun dediyinə görə mayda
mənəvi sonluq, cümə günü, oktabrın 21-də fiziki sonluq olacaq. Qiyamət
gününü o, 1994-cü, sonra 1998-ci, 2011-ci ilə təyin etsə də Yaradan
qarşısında qaçılmaz görüş hər dəfə xətibin riyazi səhvləri ucbatından
təxirə salınır. 2011-ci ilin Şnobel (yəni ən gülünc) mükafatnı almış
xətib tək deyil. Görək bu cümə nə olur?