Həmişə yubanan sonra

Yazı Stenford filosofu Con Perrinin 2011-ci ilin ədəbiyyatdan İqnobel mükafatı almış məqaləsindən ilhamlanıb yazılmışdır


Ümumdünya «sonra» problemi ola bilər ki, ümummilli məsələ deyil, yalnız yaradıcı adamların başağrısıdır. Ola bilər ki, kimsə yazının məğzini tutmasın, çünki hər şeyi vaxtı-vaxtında eləyən məsuliyyətli bir adamdır. Onun sonra adlı problemi yoxdu. Sosioloq olsaydım cəmiyyətdə belə insanların, yəni sonradan asılı olmayanların təxmini faizini hesablayıb ümumi mənzərəyə rəng qatardım. Amma heç kim «sonra»dan asılılığını boynuna almaz.
Elə mən özüm, necə oldu ki, yazılacaq vacib mövzuların içində sonra haqqında yazılacaq yazını sonraya saxlamadım? Elə bilirsiz ki, onu yazmağa artıq vaxtım əmələ gəlmişdi? Xeyr! Mənim işim başımdan aşır. Evdə, işdə, məişətdə, yaradıcılıqda, istirahətdə görüləcək işlərim div kimi üstümə gəlir və onlardan hansınınsa daha vacib olduğunu fikirləşməyi ürəyimə gətirə də bilmirəm. Həyat davam edir. Məndən «Nəylə məşbulsan?» soruşan kimi daş atıb başımı tuturam ki, «O qədər işim var, heç indi səninlə danışmağa vaxtım yoxdu!». Amma əslində gedib həmin o vacib, div kimi üstümə gələn işləri görmək əvəzinə 2 saat İnternetdə oturub xəbər güdürəm, ya da daha mənasız işlərdən birini, məsələn Facebook-da statusları oxuyuram, videoların birini də buraxmıram. Əslində vacib işlərimi görməkdən boyun qaçırmaqdan ötəri mən indi kompüterin klaviaturasını döyəcləyib özümü, yəqin ki, sizi də inandırıram ki, çox vacib bir iş görürəm. Yəni ki, öz biznesimi qurub pul qazanmaq, yarımçıq kitablarımı bitirib çap etdirmək, artıq bitmiş işlərimi sərgiləmək və ən vacibi, oğlanlarımın ağ köynəklərini ütüləmək əvəzinə mən sonra haqqında yazı yazıram.
İşini sonraya saxlayanların ümumi termini də var: «prokrastinasiya». Bu teminin dilimizə tərcüməsini heç «Poliqlot» da bilmir. İşini daima sonraya saxlayanlara prokrastinator deyilir. Onlar heç vaxt əlini əl üstə qoyub oturmur, avaraçılıq etmir. Onları işi-gücü olmayan, avara adamlarla səhv salmaq da olmaz. İşi başından aşan adamın gedib bağçada torpaq belləməsini, yazı yazmaq əvəzinə qələm yonmasını, iş görmək əvəzinə işin ən yaxşı təşkili barədə düşünməsini bu terminə layiq bilmək olar. Elə bil ki, bu dəqiqə bütün qələmləri sınaqdan keçirməsə, karandaşları yontub itiləməsə həyatda uğur qazana bilməyəcək. Prokrastinator vacib, önəmli işini vaxtında görə bilər. Əgər bu işi görməklə ondan daha da vacib işini təxirə salası olacaqsa. Vacib olmayanları görməklə çox vacib olanların sanki statusunu endirmiş olurlar.
Kim ki, vacib işləri çiynindən uğurla atmağın bu üsulunu tətbiq etmirsə hələ gec deyil. Axşam evə tələsib uşaqlara azuqə gətirmək əvəzinə çayxanada, ya da pivəxanada oturub bütün dünya siyasətinə ekskurs etmək olar. Ya da işlədiyiniz idarədə ən vacib məsələləri həll etmək əvəzinə başqalarının işlərini görərək onların problemlərinin həlliylə məşğul olsanız az keçmiş kolleqalarınızın ən sevimlisi olarsız. Nə olsun ki, müdiriniz sizi mütəmadi olaraq danlayacaq.
İşlinin nə vaxtsa azalacağı və asudə nəfəs alacağını düşünən prokrastinator səhv edir. Vacib işlər artdıqca onların dəyərdən düşməsi baş verəcək və ən vacibləri önə, yəni həlledilməzlər sırasına keçdikcə dəyərdən düşmüşlər həll edilmək şansı qazanacaq. Siyahıda yalnız vacib məsələlər qalanda isə prokrastinator hamısını bir qırağa tullayıb tavana tüpürməklə məşğul ola bilər. Ya da işin qızmar çağında özünü inandırar ki, indicə Bulvarda gəzişib dəniz şavası udmasa ürəyi dayanar, infarkt keçirər, insult alar…
İndi də mən, yüz cür maraqlı mövzuları və min cür təxirə salınmaz işləri kənara qoyub «sonra»dan yazı yazıramsa deməli nəsə çox vacib bir işdən qaçmaq istəyirəm. Bu yazıya sərf etdiyim zaman kəsiyində yazdığım dərs kitabındakı səhvləri düzəldib printerdən çıxara bilərdim. Axı hələ yay aylarında bilirdim ki, mənə bu il 1-ci sinifləri verəcəklər və kitabın redaktəyə ehtiyacı var. Onlara gələn ikinci günə kitabın kseroksunu paylamağı da vəd vermişəm. Əvəzində «sonra» barədə yazı yazıram. Kitab mağazalarında isə prokrastinator olmayanların kitabları oxucusunu gözləyir. Mənim yazı masamda isə oxunucaq kitabların qalağı altında keçən həftə yeyilmiş sendvic kağızının üstündə yazılmış vacib məsələlərin nakam siyahısı yatır.
Təcrübəli oxucu yəqin ki, o məqamı tutdu ki, prokrastinator daim özünü aldadır və özünə verilən vədlərin piramidasını fasiləsiz quraşdırır. O, bu piramidanı qurmaqla problemlərini özündən uzaqlaşdırdığını düşünür. Çünki zaman keçdikcə piramidanın başındakı problem görünməz olur. Səhv addım atıb sonra onun altını çəkməkdənsə cəmi bircə çatışmazlığın, «sonra»dan asılılığn əziyyətini çəkmək daha rahat görünür. Özünü aldatmaqda da birinci olmaq lazımdı.
P. S. Eh, bilsəydiy ki, bu yazını yazmaqçün necə gözəl mövzunu sonraya saxladım…

 



Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?