Çay buxarı ilə meditasiya
Biz heç vaxt bir nəfərdən artıq olmuruq


Biz həqiqətləri bilmədən yaşamağa öyrəşmişik. Bəlkə ona görə də axtarışda olanlara birtəhər baxırıq. Elə bil başını ağrıtmaqdan bir şeyi əldə eləyə bilməyəcəkmiş kimi. Onsuz da dünyanın ağıllı kişilərindən həqiqəti kim tapdı ki? Sufi pritçasındakı kimi biri filin ayağına, o biri xortumuna, üçüncüsü isə qulaqlarına bənzətdi. Amma həqiqət simasız ola bilməz ki! Deməli, yuxudan durandan sonra gözlərimizi yaxşıca ovuşdurub həyata bir daha ayıq başla baxmalı olacağıq. Başlayaq?..
Əlbəttə, səhər durub çay içməmiş həqiqət axtarmazlar. Çayı peçenye ilə içmək istəsəz dükana düşəndə bir qəzet də alın, bəlkə həqiqəti deyən tapıldı. Hə,… pürrəngi çay, qəzet və rahat oturacaq. Heç yerə tələsmirsənsə daha yaxşı. Qoy çayın buxarı bir-iki dəqiqə qarşında ekzotik rəqs eləsin. Bu anları bəzən xoşbəxtliklə səhv salmaq da olur. Əlbəttə, rəqqas buxar nə qədər gözəl olsa da sənə həqiqətdən danışmayacaq. Çay içini isidir və bədənə xoş hərarət yayılır. Çayın mədəyə düşəndən sonra haraları keçəcəyi, orda nə baş verəcəyi nə səni, nə də məni maraqlandırır. Nəyimə lazımdı ki, bədən hansı zəhmətnən peçenyeni həzm eləyəcək? Bu onun öz işidir.
Belə məsələlərdə alimlərə qulaq assan bayaqdan belə asanlıqla əldə elədiyin xoşbəxtlik anlarını da bir saniyədə itirə bilərsən. Onların dediyini eşidəndə lap tüklərim biz-biz durur. Məsələn, ayaq dırnaqları əl dırnaqlarından 4 dəfə tez böyüyürmüş. Zəhmətnən, zülmnən topladığımız piy qatı cəmi 7 sabunun istehsalına kifayət eləyər. Ağzımızda (pis sözləri ayrıca kateqoriyaya yazaraq siyahıya almıram) 40 min bakterya yaşayır. Təsəvvür eləyirsiz, 40 min bakteriya dilinin üstündə kros qaçışı düzəldib, sənin bundan xəbərin yoxdu. Ağzının içindəki həqiqəti də bilmək deyəsən o qədər də maraqlı deyil. Körpə doğulanda 300 sümüyü olur, böyüdükcə onlardan bir hissəsi harasa yox olur və cəmi 206-sı qalır. Uşaqların doğulanda diz qapağı da olmur, 2-6 yaşında əmələ gəlir. Bax belə. Adi adam günə 23 min dəfə nəfəs alıb verir (sevgidən qopan ah-uflar bu siyahıya düşməyib). İnsan ciyərlərinin ümumi sahəsi tennis kortunu bərabərdir. Necə deyərlər, atı min, çap. (Bu yerində «Sinə meydan, zülf pərişan» deyən xalq havası buxarın rəqsinə qoşulur). İnsanın barmaq izləri unikal olduğu kimi dilinin izi də təkrarsızdır. Dilindən sürüşüb süşən sözlər də bura aiddir, ya yox dəqiq deyə bilmərəm. Dil ücbatından düşən yaralar da unikaldımı, görən? Üstəlik ömrü boyu isnan dərisini min dəfə dəyişir. Odu da, birinin üzünə tüpürürsən, gedib onu tullayır, yenisini geyinir, sabah heç nə olmamı kimi yenə gəlir. Deməli həqiqətlər də dəyişkəndi, yoxsa onu tez tapardıq.
Çay stəkanında, buxarın rəqsində, eləcə də tanımadığımız orqanizmimizdə həqiqət axtarışı daşa dirənəndə qəzetə göz gəzdirək. Sən demə planetimizin bir topa problemi var, amma insanlar bunu yazmaqdansa susur. BMT artıq 4-cü dəfədir ki, dünyanın nəzərdə saxlamalı olduğu mövzuların siyahısını verir. Dünyanın susduğu 10 bəla hansılar sayılır? Qaynar nöqtələr – Əfqanıstan, Sudan, və Uqanda artıq üçüncü dəfədir ki, problemli siyahı»ya düşür. Hərbi əməliyyatlara qatılmış uşaqlar da böyük problem sayılır. Quş qripi və malyariya epidemiyası ən qorxulu xəstəliklərə aid edilib. BMT həm də az qala hər il baş verən kataklizmlərdən narahatdı. Vətəndaşlığı olmayan insanlar da böyük problem sayılır. Rəsmi rəqəmlərdə 5,8 milyondur. Amma real rəqəmlər 15 milyona yaxındır. Böyük bir ölkənin əhalisi qədər. Bu ilki siyahıya inansaq cuya ki, QİÇS və qadın zorakılığının qarşısı alınıb, yəni bu il siyahıya düşməyib. Gizli emiqrasiya da dayanıb, Dünya okeanında balıqların sayı da artıb. Bu məsələlər keçmiş «onluğa» salınmışdı. Belə həqiqətləri oxuyandan sonra geri qayıdıb buxarın rəqsinə baxmağın cəlir. Amma artıq çayın da soyuyub, yəqin…
Hansısa çox ağıllı kitablardan birində oxumuşdum «Biz heç vaxt bir nəfərdən artıq olmuruq». Yəni ki, bu dünyada bir sən varsan, bir də Allah. Yerdə qalanı dekorasiyadı. Bütün sualların cavabı da içindədi, həqiqətlərin açarı da. Sadəcə, işlətmə mexanizmi yaddan çıxıb, deyəsən. Ona görə də həqiqəti bilmək istəyənlərə çayın buxarı qəzetlərdə yazılanlardan artıq nələrisə qulağına pıçıldaya bilər. Çayın buxarı ilə tet-a-tet anını bəlkə ona görə çox sevirik…
P.S. Türk müğənnisi rəhmətlik Barış Mançonun Bakıdan hazırladığı verilişə baxmışdım. Orda Manço dedi ki, Azərbaycanda çayı təkcə suzayanda içmirlər. Çay bəhanədi, süfrə ətrafında, dostlarınta, tanışlarınla yığışmağa bir gözəl bəhanədir. Çayı qəndlə, ya peçenye ilə içməyin heç fərqi yoxdu.

 


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?