Qranj
Yaxud dünyaya çirkin bir baxış
İnsanın beynində dünyanın ən dahiyanə, hər şeyi alt-üst edəcək dərəcədə
nadir ideyası dolaşa bilər. Amma o, başqa adamları inandıra bilməsə
bunun bir qəpiklik mənası yoxdur. Qreqori Berns
Qranj hərfi mənada çirkab, zibil kimi tərcümə olunur. Amma bu adda üslub
var. Keçən əsrin 80-ci illərindən bəri təmiz, düzgün, gözəgəlimli ,
klassik üslubların içinə daha birisi, çirkli, amma çirkabı ilə cəzbedici,
bütün mümkün qadağaları pozmuş, amma hamının olmasa da əksəriyyətinin
ardınca düşüb getmək istədiyi bir üslub da qatıldı. İndi artıq səliqəli
görünmək dəbdən düşmüşdü. Səliqəli davranmaq, trafaretlər əsasında fikir
izah etmək, cümlə qurmaq, standartlara cavab vermək geridə qalmağın
əlaməti sayılırdı.
Qranj yapanlar həyata çirkab qatıb nirvanaya, yəni tam rahatlıq və sakitliyə
çatırlar. Bu üslubun davamçıları təcrübələri musiqidə yapdılar. Çeşidli
qrup adları, fərqli olsalar da dünya çirkabında eşələnən, insan daxilinin
zir-zibilini böyük səhnələrdə ortaya tökən qruplar yarandı. Qranj musiqisini
birləşdirən xarakter elementlər ağır, qarışıq «çirkli» səslənmə, son
dərəcə ciddi yanaşma və milanxolik əhval idi ki, insanın daxili lirikasını
ortaya atmaq üçün yaranmışdı. Depressiv istiqamətlərə aid edilsə də
qranj musiqi böyük enerji yükü daşıyır. Dizləri cırıq cinslər də, yaxası
qeyri mütənasib, şalvarın üstünə sallanan köynəklər, it ağzından çıxmış
gödəkcələr, «makaron fabrikində partlayış» adlanan saç düzümü də o vaxtdan
yarandı. Geyim əldən düşmüş, sürtülmüş, amma təmiz olmalı idi. Pinti
görkəm və dəcəllik qranjerin vizit kartıdır.
Qranjın vətəni Amerikanın Sietl şəhəri sayılır. Bu cərəyanın daha bir
keyfiyyəti də var, yaranan hər yeni əsər nə qədər çirkab gəzdirsə də
çoxlarının deyə bilmədiyi həqiqətləri ifadəli vasitələrlə yaddaşlara
köçürür. 20-ci əsrlə birgə qranj musiqi, qranj sənət ortadan çıxmağa
baslasa da o unudulmadı. Gənc nəslin psixoemosional dəyişmələrindən
yaranmış qranj elə bil ki, gənclik dövranını yaşayan bəşəriyyətin yeni
görkəmidir. 14-15 yaşlı uşaqlar aqressiv olduğu və sosiuma qarşı etiraz
etdiyi kimi qranj bütün dünyanın zənginlik, pafosa qarşı rişxəndi, məsğərəsidir.
Küçə uşaqlarının dünya görüşü də sənətdə istiqamət yaradırsa kimsə deyə
bilməz ki, mən qranj görməmişəm. Görmək istəyirsizsə sadəcə ətrafınıza
baxın.
Dünyaya çirkin baxışlarla baxmağı keçmişdə insana icazə vermirdilər.
Elə indi də cəmiyyətin kütləvi şəkildə daxili çirkabını bayıra tökməsi
etirazlar yaradır. Deyək ki, dünyaya çirkin baxışlarla baxmağı hər kəs
bacarmaz. Kişilər qadına çirkin münasibətdə ola bilir, işdə kolleqalara
qarşı rəqabət, paxıllıq keçirmək , ağzı söyüşcül olmaq olar, amma hər
kəs bu çatışmazlığını gizlətməyə çalışır. Qranjı yaşlı nəsil heç sevməz.
Bu günlərdə metroda yaşlı bir kişi cavan oğlanı qarşısına qoyub ona
«həyat dərsi» keçirdi: «Səhərdən sənə baxram, o qədər gözəl görünürsən
ki. Üzünü səliqəylə qırxmısan, keçi saqqalı kimi saqqal saxlamırsan.
Əyin-başın da yaxşıdı. Yoxsa ki, dizləri cırıq şalvarlar geyirlər, adam
xəcalət çəkir. Bizim vaxtımızda şalvarında yamaq olanlar utana-utana
gəzirdi. Şalvarımız cırılsaydı utandığımızdan yerə girərdik. Amma indi
yamaq nədi, cırıqla cəzirlər və parçanın arasında bayıra boylanan tüklərindən
də utanmırlar. Bax indi de görüm, hansı yaxşıdı?». Qocanın cənginə keçmiş,
amma özünü abırlı aparan oğlan deyə bilmədi ki, mən sizin kimi yaşamaq
istəmirəm. Onun cavabı baxışlarında yazılmışdı. O, klassik geyinsə də
həyata bütün cavanlar kimi cəsarətli, məhz çirkin baxışlarla baxırdı.
Alternativ həyat tərzi olmasa cavanlar məhv olar. Onlar validenləri
kimi olmaq istəmir. Çünki ambisiyaları var, dünyanın altını üstünə çevirəcəyini
düşünür. 5-10 il keçmiş valideynlərinə iki damla su kimi bənzəyəcəyini
heç ağlına gətirmədən bu gün hər sözə, hər hərəkətə etiraz edir. Qranj
üslubunu yaxşı anlamaq üçün pasport şəklini götürün. Orda yəqin ki,
ciddisiz, kostyum, hətta qalstuk da geymisiz. Bu şəklin qıraqlarını
didik-didik edib köhnəldin, günün altında bir neçə gün saxlayıb bozardın,
sonra yağlı əllərlə orda izlər salın, altı yaş kofe fincanın şəklin
üstünə qoyub, axırda şəklə bir neçə damcı mürəkkəb damcıladın. Damcıları
hündürdən buraxsaz effekt daha yaxşı alınacaq. Bax bu, sizin hazırki
həyatınızdır. Redaktəsiz, bəzəksiz, olduğu kimi. Biz həyatımızla da
belə rəftar edirik. Amma şəkil çəkdirməyə gedəndə geyinirik, ya da kameranın
tuşuna gələndə gülümsəməklə səmimi olmaqdan qaçırıq.
Belə çıxır ki, qranj həyatın gerçək üzüdür. Çirkab dolu, emosialardan
doymuş, həyatın axarından bozarmış, parlaqlığını itirmiş. Günü qarğışla
başlayan, gecəsi söyüşlə bitən həyatınıza zorla rəng qatası olsaz ağ-qara
fotonu rəngli flamasterlə rənglənmiş kimi görünəcək. Hər yeni çirkin
münasibət kofe fincanından betər iz salır, yuyulması müşkül olan mürəkkəblə
həyatınıza istəmədiyiniz məqamları bitdə-bitdə qeyd edirlər, cınqırınız
çıxmır. Bircə onu anlaya bilmirəm ki, qranj yapan cavan yazarları niyə
qəbul edə bilmirsiz. Onlar ki, sizdən daha səmimidir?..