Danışmaq,
yoxsa çərənləmək?!
Kişi və qadın danışanda millət, susanda ədəbiyyat yaranır
Kinorejisyor Aleksandr Sakurovdan «Niyə «Faust» filmində bu qədər həddər
artıq mətn var və tamaşaçıları bu bezdirirdi» sualına o, belə cavab
verir: «Rejisyorlar mətnlərdən və dialoqlardan qorxur və çəkinir, bu
həqiqətdir. Səbəbi sadədir. Müasir adamlar danışmaqdansa çərənləyirlər.
İnsan nitqi o qədər də məzmunlu deyil. Dahiyanə saydığım filmlərə, Bi-Bi-Sinin
çəkdiyi «Cen Eyr»ə, Dikkensin, klassik ingilis ədəbiyyatı əsasında çəkilənlərə
bir baxın. Möcüzəvi bir səhnə- kişi və qadın oturub sakit-sakit danışır!
Amma onların nitqi necə də mürəkkəbdir, hər cümlənin arxasında gizli
məna var. Belə səhnədən gözünü ayıra bilmirsən». Rejisyorun nüfuzuna
güvənməməyə əsasımız yoxdu. Çünki yuxarıda adı çəkilən filmi ilə o,
Venesiya ktnofestivalında triumf qazanıb və sonra «Qızıl şir» mükafatına
layiq görülüb. Oxuduqlarınız dünyanın qəbul etdiyi bir rejisyorun fikri
idi.
İndi isə gəlin kamin qarşısında sakitcənə söhbətləşən ingilis ailəsini
deyil, azərbaycanlı kişi və qadınını təsəvvür edək. Əlbəttə, dekorasiyalara
əlavələr etməyimiz lazımdı. Kamini İran istehsalı olan peçlərə, ya da
xalq arasında «ceyran peçi» adlanan qızdırıcıya dəyişsək daha sonra
divarlardakı kətan lövhələri, mənzərə rəsmlərini çıxarmalı və uzaqbaşı
sintetik ipdən toxunmuş ucuzvari xalça ilə əvəz eləməli olacağıq. İndi
əl toxunuşlu əsil yun xalçalar və kamin yalnız varlıların «çörəyidir».
Yəqin bu kişi və qadın çay içmiş olar. Çünki bizim kişilər ac olanda
heç dindirilməli deyil. İngilis ailəsindən fərqli olaraq bizimkilər
yerli çay içməz. İngilis öz çayı ilə fəxr edərkən (hamı da bilir ki,
İngiltərədə çay bitmir, hardasa yetişdirib adını ingilis çayı qoyurlar)
biz Lənkəran çayı içmərik. Nə qədər kasıb olmaq lazımdı ki, çay mərasiminə
yerli tam qatasan?!
Dekorasiyaya son ştrixlər əlavə etdikdən sonra söhbətləşən bir cüt adamı
təsəvvür edək. Deyərsiz ki, azdı. Amma vaxt vardı bu boyda dünyanı basmağa
bir kişi və bir qadın kifayət elədi. Artıb törəyib dünyanı tutandan
sonra elə bil ki, bu iki nəfərin danışmağa sözü bitdi. İngilis kişisi
və qadınının bu gün nə danışdığını ola bilər ki, biz bilmərik. Amma
klassik ədəbiyatdan oxuyub bilirik ki, bu dialoqun hər cümləsində mətnin
altında yüz cür eyham və nüanslar olurdu. Bu bir növ şahmat oyununa
bənzəyir. Hər cümlə düşünülür, hazırlanır, sonra dilə gətirilir. Evin
kişisi də axşam xanımıyla bir iki kəlmə kəsməklə evdə baş verənlərdən
demək olar ki, xəbər tuturdu. Bu cür danışıq qabliyyətini ingilis ailələri
uşaqlarına öyrədirdi. Darvin öz bioqrafiyasında yazır ki, fikirlərini
şeir formasında ifadə edə bilmədiyindən onu zəif şagird sayırdılar.
Darvin qohumlarından birinin, əmisimi, ya dayısının biologia üzrə dissertasiyasını
şeir formasında yazmasına həsəd aparırdı. Yəni ki, qabliyyəti çatsaydı
təkamül nəzəriyyəsini şeirlə izhar edərdi.
Söhbətləşən azərbaycanlı ailəsini təsəvvür etməkçün bütün fantaziyamızı
işə salmalıyıq. «İşıq pulunu (qaz, su, eletrikin pulunu) ödədinmi?»,
«Sabah çörək (başqa ərzaq da ola bilər) alma, xəngəl bişirəcəm», ya
da «Yenə də qonşu suyu başımıza tökdü» tipli dialoqları söhbət saymaq
olmaz. Bu məişət qayasına çırpılıb paralanmış insan həyatının cingiltisidir.
Savad səviyyəsindən asılı olmayaraq azərbaycanlı ailələrində kişi və
qadının deyəsi sözü quruyub. Evdən səs çıxarsa bu, dava-şava, yaxud
yerə çırpılan qab-qaşıq səsi ola bilər. «Əzizim, bilirsənmi, qızımız
qoşulub qaçdı» deməyə ürək eləməyən qadın «Bu gün hava necə də mülayimdi.
Adamın lap sevişməyi gəlir» deyə bilər? Bu jesti ingilis anlayar, azərbaycanlı
yox. İngilis deyəndə, bu milləti sözgəlişi nəzərdə tuturuq. Onun yerinə
fransız da, ispan da, amerikalı da ola bilər.
İngilis dilini optimist dil hesab edirlər. Deyilənə görə onun tərkibində
pozitiv çalarlı sözlər neqativ rəngli ifadələrdən daha çoxdur və daha
tez-tez işlədilir. Onu da bilirəm ki, son bir neçə ildə «Web 2.0» sözünü
təntənəylə milyonuncu ingilis sözü elan elədilər. Bu sözü milyonuncu
söz elan etmək üçün Şekspirin vətənində bir mərasim da yapdılar. «The
Global Language Monitor» hər gün 14,5 yeni söz və ifadə qeydə alır.
Bütün bunlar ingilis dilində baş verir. Onlar 19-cu əsrdə də, 20-də
də, bu gün də yanındakı adamla danışmağa söz tapırdlar. Bəs biz məişətdən
başqa nədən danışa bilirik ki? Dedi-qodu, qeybət, qarğış, dalca danışma
və sair nalayiq ifadələri, uşaqları danlamağı leksikonumuzdan və gündəmdən
çıxarsaq deməli biz yalnız susuruq. Məişətdə hər gün həyat yoldaşına
şeir deməyə kimin səbri və bacarığı çatar? Heç kim, hətta efiri sözlə
qalaqlayanlar da axşam evində lap kamin qarşısında içəri ötürdüyü xəngəli
şerə çevirmir. Məncə böyük ədəbiyyat da burda, iki nəfərin arasında
dilə gətirilməyən dioloqdan yaranır.