Peyzaja sıçrayış
Rejisyor Alen Kornonun «Qorxu və həyəcan» filmində yaddaqalan bir səhnə
var ki, məni köşə yazmağa təhrik elədi. Filmin qəhrəmanı Ameli, Yaponiyada
doğulub Belçikada yaşamasına baxmayaraq özünü yapon kimi duymaq istəyir.
Ömrü boyu arzuladığı kimi ona Yaponiyaya qayıdıb məşhur firmada müqavilə
bağlamaq nəsib olur. Ofisə gələn kimi göydələnin nə bilim neçənci yüksək
mərtəbəsindəki pəncərə onu özünə cəlb edir. İşinin ilk günündə «Mən
özümü pəncərədən atdım» deyir. Qəhrəman bunun adını «Peyzaja tullanma,
ya da peyzaja sıçrayış» qoyur. Uçurmuş kimi əllərini açır və 2 saniyədən
sonra buludların arasında uçduğunu zənn edir. Hündür binaların təpəsindəki
meydançalara boylanır, şəhərin küçələrinə, ordakı hərəkətə yuxarıdan
göz gəzdirir.
Göydələndən nədi, hətta 9-cu mərtəbədən aşağı baxanda adam bir az hürkür.
Adama elə gəlir ki, ayaqlarının altında heç nə yoxdur. Bir addım eləsə
göydən asılı vəziyyətdə qalar. Amma bu da illüziyadır. Sadəcə insan
həmişə uçmaq istəyib. Quşlara həsəd aparıb. Uça bilmədiyi üçün Yaradana
nə qədər irad tutub. İnsan üçün uçmaq əslində problnmlərdən qaçmağın
bir yoludur. Çünki göydə də səndən başqa uçan adamlar olsa heç kim uçmaq
istəməz. Hamı uçarsa göydə də tıxac yaranar. Oranı da zibilləyərik.
Amma nə qədər ki, uçmağı bilmirik bizimçün göylər əlçatmaq olaraq qalacaq
və pərvaz etmək arzusunu ürəyimizdən çıxara bilməyəcəyik.
Yəqin bunu paraşutdan tullananlar daha yaxşı bilər, özünü göydən yerə
atanda hər şeydən yuxarıda olduğunu heç olmasa bir neçə anlıq duyursan.
Evlər kimi problemlər ayağının altındadır, başının üstündə yox. Yerdə
ola bilər sən adi, bir çoxundan boyca alçaq, bəzilərindən kifir, bəzilərindənsə
uğursuzsan. Göydə isə bərabərlikdi sanki. Göy insan üçün arzuladığı
cənnətin simvolu kimidir. Amma filmin qəhrəmanı kimi uçacaq olarsaq
peyjaza qovuşma məqamı da var. Onda sən peyzajın bir parçası olursan.
Amma bu peyzaj səni udmur, içində əritmir, heçə döndərmir. Sən onun
müxtar parçası kimi onu izləyir və ona qovuşursan.
Bakı amfiteatrı da uçmaq üçün çox rahat və kasıbsayağı bir yerdir. Hər
kəsin «novostroykada» evi olmaz ki, arabir zibil yeşiklərinin üstündən
bir qanad çalsın. Bu mənada kasıba Bakıda yaşamaq sərf edər. Çünki uçmaq
istəsə 20 qəpik avtobusa xərc çəkib Yeni Yasamalın hündürlüyünə yollanar.
Burdan lap 5 mərtəbədən də baxanda bütün şəhər ayağının altındadır.
Bilmirəm nədənsə şəhərə Günəşli tərəfdən uçmaq olmur. Ordan baxanda
hər şeyi boz və tutqun görürsən. Sahili qucaqlamış Bulvar da cəzb eləmir.
Yəqin Cünəşlidən baxanda günəşə arxa çevirməli olursan, ona görə. Bir
də ki, uçmaq istəyənə nə var ki, istəsə Nərimanov heykəli yanındakı
el arasında «40 pilləkən» adlanan yüksəklikdən start verər.
Vaxt vardı Bakının əfsanəvi amfiteatrını görmək üçün bura ən layiqli
yer idi. 20 il əvvəl bundan uçası olsaydın həqiqətən də bütün evlər
ayaqlarının altında olardı. Burdan uçanlar çox olurdu. Orda yerləşən
dayanacaqda əksəriyyəti arxasını yola çevirərdi. Adamlar avtobusun yoluna
deyil şəhərin peyzajına baxırdılar. İndi burdan uçmaq çox təhlükəlidir.
Peyzajda yeni, ucu biz elementlər, uzun-uzun göydələnlər, tərs uşaqlar
kimi üzünü hərəsi bir yana çevirmiş binalar əmələ gəlib. Burda uçsan
bir neçə saniyəyə ya ilk binanın artıq ağardılmış, nöyütdən abır-həyası
qaralmış üzü yuyulmuş fasadına dirənəcək. Ya da xəyalların yerə yağlı
kökə kimi çırpılmamışdan əvvəl heyrətdən böyümüş sifətini yenəcə göylərə
dirənməyə başlamış müasir binanın güzgülü şüşə fasadında görəcəksən.
Ona görə də bu şəhərin adamları uçmaq istəmir. Özünü peyzaja çırpmaq,
rənglərin içində ağnamaq, sağa, sola dönüb hər yerdə nizamlı hərəkətdən
ləzzət almaq da kiməsə cəzbedici görünmür.
Şəhəri elə bil qurt basıb. Artıq ölmüş cəmdəyi isti havada saxlasan
necə onu qurt basarsa eləcə. Maşınlar bir-birinin ardınca sürmək istəmir,
hamı irəli çıxmağa çalışır. Adamlar enli yolda bir-biriylə toqquşurb
sonra deyinir, söyüşür, ən yaxşı halda nırçıldayır. Binalar yolların
havasını kəsir, yollarsa suyun qarşısını. Ona görə də yağış şəhərin
küçələrində sürünür, asfaltı yuyub aparır. Vaxt vardı şəhərə gəlmiş
adam ona vurulurdu. Bakıda yaşayanların, köhnə bakılıların əksəriyyəti
şəhərin vurğunudur. Artıq onlar da şəhər peyzajına baş vurmaq istəmir.
«Bakı sirrləri» adı altında bir layihə vardı. Onun aparıcısı Fuad Axundov
şəhərdə girmədiyi deşik, danışmadığı bir əhvalat qoymadı. Amma o da
indi Bakı peyzajından qaçıb. Ondan soruşanda ki, «Xaricdə bu qədər sevdiyiniz
şəhər üçün darıxmırsız ki?» sualına o, «Mənim sevdiyim şəhər artıq yoxdu»
cavabını verdi. Adı mətbutdan düşməyən, yaxşı reytinqli televiziya verilişləri
seriyasının aparıcısı indi Kanadada hansısa şirkətin keşikçisidir. Budkada
oturub maşınlar keçəndə şlaqbaumu qaldırır.
… Həmişə belə olub, uçmaq istəyən kimi mütləq kimsə sənin ayağından
çəkib yerə salır. Bayaq adını çəkdiyim filmdə də elə oldu. Şirkətin
rəhbəri pəncərədən bayırı marıtladığına görə qızın üstünə çımxırdı…