Açar dəliyindən görünənlər


Yazının başlığı çoxlarına milli adətlərimizi və yer üzündə analoqu olmayan yengə fenomenini xatırlada bilər. Yengə o adama deyilir ki, burnunu başqasının intim həyatına soxur, buna görə pul, pay-puş alır və heç nədən qorxmur, çünki hərəkətləri sanksiyalaşmış, yəni icazəlidir. Əsrlər boyu yengənin nəzarəti altında intim həyata başlayan xalqımız hələ də qapı deşiyindən görünənləri, yaxud kimsənin onun həyatına boylanmasını norma sayır.
Son illər biz başqasını həyatımıza buraxmamaq məsələsində bir qədər irəli getmişik. Müasir toylarda yengə nüfuzunu itirməsə də simvolik obraza çevrilib. Onun payını verib yola salırlar. Yəni ki, əsas hadisələrin baş verəcəyi meydandan uzaqlaşdırır, maddi nemətlərlə bir növ zərərsizləşdirirlər. Cavanlar yad adamın iştirakı ilə sevişmək istəmir. Amma deməzdim ki, valideynlər uşaqlarına etibar etməyə başlayıb. Səhər qırmızı ulduzlu ağ «bayraq» ələrdə parıldamasa, muştuluqlanmasa nə qız atasının, nə də oğlan evinin ürəyi sakit olmur. Uşağı bığıburma kişi olub bəylik kostyumunu geyibsə də valideyn onu hələ də göz yaşını sel kimi axıdan, burnu fırtdıqlı və tumançaq şəkildə xatırlayır və gülümsəyir. Azərbaycanlı ata-analar uşaqlarını saçı ağaranacan, beli bükülənə, hətta bir gözüylə qəbrə boylananadək balağından qoparmır. Müasir dövrün xüsusilə qərb küləkləri valideynləri güzəştə getməyə məcbur edib. Yengə məsələsində pozisiyaları uduzmuşlar qalan məsələlərdə hələ ki, müdafiə xəttini saxlamaqdadır. Qaynanalar gəlinlərin həyatını idarə etməyi həyatlarının missiyası sayır. Baldızlar, sair yaxın və uzaq qohumlar bu piramidanın nisbətən aşağı pilələrində olsalar da ailə «qurbanının» həyatını zəhərləməkdə sanki saziş bağlayıblar.
Səbəbi çox sadədir, biz elliklə başqasının həyatına boylanmağı özümüzə icazə veririk. Ona görə də həyatımıza boylananları, soxulanları sakit qarşılayırıq. Xalqın bu zəif yeri olmasayda son vaxtlar yayımlanan intim videolar silsiləsi böyük bir etiraz dalğası oyadardı. Qısa müddətdə mən artıq bir neçə jurnalistin gündəyməzini görmüşəm. Bu mənə lazımdırmı, ya yox bu başqa məsələdir. Hamı təklif olunan kadrlara baxır, başını bulayır, ola bilər 2-3 cümlə deyinir. Əlbəttə, bu iyrəncdi, nalayiqdi, alçaqlıqdı! Bəs soruşan oldumu ki, ay xalq, yüzillər boyu yatağına yengələr ordusu boylananda niyə danışmırdın? İndi hər kəsə internet vasitəsilə 3-4 dəqiqəlik yengə rolunu oynamaq şansı verilib. Başqasını açar dəliyindən bir az böyük, monitorun ölçüsü boyda dəlikdən izləyə bilərsən. Kimsə o şansını qaçırmadı ki?! Kimsə «Mən bunu görmək istəmirəm!» deyib tanışlarının gizli kamera ilə çəkilib qanunsuz yayılmış videosuna baxmaqdan imtina etdimi? Xədicə İsmayılovanın videosunun «You Tube»dakı sayğacı fantastik rəqəmlər göstərməklə kimsəni yalan danışmağa qoymaz.
Biz başqasının həyatına soxulmağı da, başqalarının həyatımıza soxulmasını da norma kimi qəbul edərək yaşayırıq. Başqasının məktubunu oxumazlar! Başqasının çantasında eşələnməzlər! Ev sahibi olmayanda istər pis, istər yaxşı niyyətlə başqasınnı evinə girmək olmaz! Kimsənin həyatını müzakirə etməyə heç kimin haqqı çatmır. 50, ya da 100 illik həyat təcrübəsi belə kimsəyə başqasına həyat dərsi verməyə əsas vermir! Yaxınlıqda telefonla danışırlarsa başqasının söhbətini dinləmək ayıbdı! Belə ümumbəşəri həqiqətləri uşaqlarımıza öyrətməklə yanaşı özümüz də bir daha öyrənməliyik. Çünki bu «dərs»dən həmişə 2 almışıq. Biz qonşudan gələn qışqırıqları sakit qarşılaya bilmirik. Hətta öz qapımızı süpürəndə bir qulağımız yad mənzildən gələn hənirtilərə köklənir. «Bu gələn kimin qapısını döyəcək?», «Zibili bura kim atdı?», «Bu kimin uşağıdı belə söyüş söyür?»…
Dünya bu insaniyyət parametrlərini Qərb dəyərləri adlandırır. Çünki onlar bizim nağıllarımızda, rəvayətlərdə, əfsanələrdə və mentallıqla əlaqəli qocaman söhbətlərində əks olunsa da Qərbdə gündəlik həyatda tətbiq edilir. Bizimçün bu soyuqluq, humanizmdən uzaq düşmək, qonaqpərvərliyin olmaması, ya da etinasızlıq kimi görünür. Başqasının şəxsi ərazisinə hörmətlə yanaşmaq, heç olmasa yarım metrlik subardinasiya xətti saxlamaq sıravi azərbaycanlı üçün söyüş kimi bir şeydir. Axı o, marşrutda qarnını başqasının dirsəyinə sürtə-sürtə hər gün yol gedib gəlir. Bunu ilk dəfə nudist çimərliyinə düşmüş əyalət adamının rəftarı ilə müqayisə etmək olar. Ətrafda hamı çılpaqdı, gözünü xırda detallardan çəkə bilmirsən, bir-birinə gözünün ucuyla da baxmayan çılpaq adamların içində bərəlmiş gözlərlə çox eybəcər görünürsən. Amma bunu da nə vaxtsa öyrənmək lazımdı. Nə qədər ki, biz başqasının həyatına hörmətlə yanaşmayacağıq evmizin içindəcə kimini sevişərkən, kimini tualetdə, kimini ağzı açıq yatarkən çəkəcəklər və ləzzətlə bizə göstərəcəklər. Pikant xırdalıqlara baxandan sonra adamlar adətən etiraz etmir. Çünki bu, başqasının həyatıdır.
… Adam otaqda tənhadırsa, ətraf dünya ilə əlaqəsi açar dəliyi qədər kiçikdirsə o zaman işıq süzülən kiçik zolaqdan dünyaya baxmaq çox cəzbedici görünür. Özünüzü dar otaqda kilidləməyin. Dünya siz düşündüyünüzdən dəfələrlə böyük və daha maraqlıdır.


 

Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?