|
Röya
Yuxumdan bir sürü qoyun mələr keçər…
Özü də necə qoyunlar? Mamlı matan,
ürkək baxışlı, ən vacibi xoş məramlı və dinməz-söyləməz. Adam bu qoyunların
yumşaq tüklərinə barmaqlarını ilişdirib buruq tüklərində eşələnmək, sonra
isə üzünü bu həlimliyə dirəyib uyumaq istəyir. Uyumaq və qoyun arasında
nəsə bir sehrli, bəlkə də mistik əlaqə var. Yağlı qoyun ətini dişinə çəkəndən
sonra ilk fikir hardasa balaca yumağa dönüb yatmaq olur.
Uyumaq demiş, alimlər bu sehrli mövzuda o qədər araşdırmalar aparıblar
ki. Əsnəməklərin ampletudasını zərgər dəqiqliyilə ölçərək təbii ehtiyacını
ödəyən insanların ora-burasına o qədər məftil yapışdıraraq alınmaz qala-insan
beyninə girmək istəyiblər. Əvəzində nə öyrəniblər? Bah, sən demə yatmazdan
əvvəl bütün sensor orqanları zəifləyir, ürək döyüntüsü azalır, hələ bir
göz qapaqları bağlanır. Bunu binəyi-qədimdən bəri oxumaq bilməyən nənələrimiz
heç nəvələrinə də izah etməyi lazım bilməyib. Bunu hamı bilir. Alimlər
yuxunu bir neçə mərhələyə bölərkən yatan insanın heç nə vecinə olmur.
O, ayıqlıqda yaxın düşə bilmədiyi aləmlərdə dolaşır. Yuxu insan şüurunun
xüsusi vəziyyətidir ki, ətraf sənin yatmış olduğunu düşünərkən sənə bir
çox həqiqətlər agah olur. Bəşər tarixində öz izini qoymuş adamlarnı demək
olar ki, hamısının bioqrafiasında belə məqam var: ona yuxuda ya axtardığı
sualın cavabını deyirlər, ya da ki, çıxış yolu göstərirlər. Yuxu Tanrının
bizimlə danışdığı bir dildi. Bu dildən tərcümələr edənlərə müdrik deyirlər.
Hamı yatır. Heyvanlar da, balıqlar da, quşlar da. Delfinlər bir gözünü
bağlayaraq yatır. Bu zaman onların yalnız bir yarımkürəsi dincəlir. Yatmayanlar
yalnız həşəratlardı, xüsusilə də onurğa beyni olmayanlar. İnsan təkliklə
daha tez yuxuya gedir. Əgər yaşadığın həyat deyilsə, deməli yuxudur. Yuxunun
da sonu var. Bir gün ayılacaqsan. Mütləq ayılacaqsan.
Bəs onda yatmış millətlərə niyə pis baxırlar? Bir fərd yuxuda bəşəriyyəti
irəli çəkə bilən problemin həllini görürsə bütöv bir millət yatarsa nələr
olar? Alimlər kimi mənasız suallara cavab axtarmayaq. Xalqımızın alfa
və teta ritmləri, delta titrəyişləri, hətta hallusinasiyaları onun yuxu
və ayıqlıq arasında sərgərdan olduğundan danışır. Yatanın gecə qorxuları
da olar, enurezi də, lap lunatizmi də. Gecələr durub gəzər, amma ayıq
olduğunu bilməz. Biz hər axşam ayaqlarımızı uzadıb ölürük. Amma biz yaddaşı
olan ölülərik, çünki biz yatarkən yaddaşımız oyaqdı. Hər gün yuxuda bu
yaddaş itilənir və cilalanır. Bizi ayılacağımız məqama hazırlayır. Atalar
deyir ki, yuxu görmürsüzsə deməli hər şeyiniz var. Onsuz da yuxuda da
nəyi göstərsələr ona da baxırıq. İnsan hələ də yuxu görürsə onu tam idarə
etmək olmur, millətim. Bədbəxt olanlar və yata bilməyənlər bununla fəxr
etməyə adət ediblər.
Nahardan sonrakı yuxu, siyesta adlanan mürgüdöymə adəti isti iqlimi olan
ölkələrə daha çox xasdır. Bizimlə bir iqlim qurşağında olan Yunanıstanın
tibb məktəbi Harvard Unsversitetiylə birgə tədqiqat aparıb öyrəniblər
ki, gündə heç olmasa 3 dəfə yarımsaatlıq mürgüləmə ürək tutmalarını 37
faiz aşağı sala bilir. Bunu biləndən sonra adam heç öz yuxusuna haram
qatarmı? Yuxunun pozulması xəstəlikdən xəbər verir. Göz almacıqlarının
hərəkətindən anlamaq olar ki, bu adam yatıb, ya ortalıqda gəzişmələrdədi.
Onu belə şirin məqamda oyadan tapılsa o, parlaq yuxularını danışa bilər.
Yatmasan yuxunu necə görərsən? Anadangəlmə korların yuxusu olmur, bilirsiz?
Onlar yuxuda da yalnız səsləri görürlər. Yuxunun sərhədlərini aşan kimi
ardıyca əbədiyyət gəlir. Burda hər şey artıq hazırdır, «nəfəs» kimi, «səs»
kimi, «rəng» kimi.
Yuxu insanın tanıdığı ən böyük ləzzətlərdən biridir. Özünü həmişə ayıq
sayan millətlərdən olan ingilislər də yuxuyla yaman maraqlanır. Mançester
Uniersitetinin alimləri 11 min adamı sorğu-sual edib öyrəniblər ki, hamının
gözlədiyi kimi həmişə öndə gedən orqazm, aclıq və susuzluğun yatırılması,
alkoqol və siqaretdən başqa yuxu da insanın ləzzətlə gözlədiyi məqamlardan
biridir. Bu ləzzətlərin içində böyük məbləğdə pul almaq, yeni əşya alandan
sonra keçirdiyin sevinc hissi, sevimli komandanın vurduğu qol, yeni avtomobildə
saatda 120 km sürətlə gedərkən duyduğun coşğunluq hissi, başqasının söhbətini
xəlvət dinləmək, yediyin yeməyin pulunu başqası verərkən keçirdiyin məmnunluq
və sevdiyin insanla intim görüşün həsrəti də vardı.
… Millətim, sənə qoyun sürüsü deyəndə incimə. Bu yata bilməyənlərin həsəddən
qovrulmağının nümunəsidir. Bilirsən ki, həmişə yata bilməyənlər hasardan
tullanan qoyunları sayarlar ki, bəlkə gözlərinə bir qırıq yuxu gedə. Təmbəl
qoyunların hasardan tullandırmağın asan olduğunu düşünürsən? Bir qoyun,
sonra 2 qoyun, 3 qoyun,…..9 milyon 77 min bir, 77 min 2,… Eh dolaşdım!
Təzədən başlamaq lazımdı…
|
|