On beşinci daş


Cavabı olmayan sualların qalağı altında


Yaponiyanın Kioto şəhərində bir bağ var: Dzen üslubunda Röandzi daş bağları. Yaponlar ona bəzən «Rahatlıq tapmış əjdahanın məbədi» də deyirlər. 15-ci əsrdən bəri bu bağ insanlara rahatlıq, sakitlik və dinclik gətirir.
Məbəd tam şəkildə bizim günlərə qədər gəlib çatmasa da, dəfələrlə yanğınlar onu məhv eləsə də daş bağlar hələ ki, ilk dəfə yarandığı gündəki kimi görkəmini dəyişməyib. Bu bağda canlı ağaclar, gül-çiçək, fəvvarələr və hovuzlar olsaydı yəqin ki, biz Röandzi bağları barədə heç nə bilməyəcəkdik. Yanğın bu gözəlliklər ağzına alıb aparacaqdı. Bu gün də Röandzi daş bağları turistləri və rahatlıq tapmaq istəyən hər kəsi sükutla qarşılayır. Bağ dediyimiz yer eni 10, uzunluğu 30 metr olan sahədir. Burada müxtəlif böyüklükdə 15 qaya parçası qoyulub və ətrafına ağ çınqıl səpilib. Daşlar 5 qrupa bölünərək qruplaşdırılıb və ətrafına mamır basdırılıb. Çınqıl isə hər daş qrupunun ətrafında dairvi xətlər üzrə daranıb və şırımlar açılıb. Ona görə də ağ çınqıl boş sahə kimi yox, naxışlı və mütləq nəsə demək istəyən bir boşluq kimi görünür. Bağ 3 metrlik hasarla ətrafdan təcrid edilib. Ona görə də bura gəlib dünyanın faniliyi barədə düşünmək çox rahat olur.
Məbədin içindən keçib bağa yaxınlaşandan sonra onu yalnız məbədin eyvanından seyr etmək olur. Maraqlısı odur ki, bura düşmüş hər kəs bağın boş və cansız olduğunu düşünə bilmir. Çünki bir balaca səbr edəndən sonra burda hər şey canlanır. İlin hər fəslində eyni durumda olan bağın kasad elementləri hasarın rəngi ilə qarışaraq gah dəniz landşaftı, gah susuz səhra, gah da həyat səhnələrini canlandırır. Bağdakı daşlar nəyin simvoludur? Bəziləri onları göyə ucalan dağ zirvələrinə, bəziləri hüdudsuz okeanda 5 adaya bənzədir. Kiməsə elə gəlir ki, dişi pələng balalarıyla dənizi üzüb keçir. Assosasiyanın sərhədləri hüdudsuzdur. Bura elə yerdi ki, orda hamı azaddır. Burda hər kəs istədiyin tapır.
Bələdçi kitabçasında bağda 15 dışın olduğu yazılır. Amma insan gözü onlardan yalnız 14-nü gözməyə qadırdir. Naşı adamlar əvvəl 12, sonra 13 daşı sayır. Bir az da diqqətli olsan 14-cü daşı da görə bilirsən. Amma 15-ci daşı görmək mümkün deyil. Fəlsəfə bağında 15-ci daş həmişə gözdən qaçır. Adama elə gəlir ki, bir balaca da ayaq saxlasa, ya yerini dəyişsə, bir az səbr eləsə 15-ci daşı mütləq görə biləcək. Müşahidəçi yerini dəyişdikcə daş o biri daşların arxasına keçir və görünməz olur. Bütün 15 daşın hamısını görməkçün insan bu bağa quş uçuşundan baxmalıdır, yaxud pərvaz eləməlidir. Ona görə də deyirlər ki, 15-ci daşı yalnız aydınlığa çatmış, nəfsindən, dünyanın maddi nemətlərindən qurtulmuş adamlar görə bilər. İnsanlar 15-ci daşı görə bilsəydi bir daha bu bağa gəlməz və axtarışlara qoşulmazdılar. Bağın özəlliklərindən biri də odur ki, bura gələn hər kəs mənzərədə məna axtarır, sonra yəqin ki, bunu tapır. Bağ bura gələn ziyarətçilərə xatırladır ki, dünyada görünməyən və bilinməyən çoxlu həqiqətlər var. Daş xausunun məğzini anlamaqçün bütün steriotiplərdən qurtulmaq lazımdı. «Bütün sualların cavabı var» əminliyi bəzən həyatımızın tamını dəyişdirir.
Əslində hamı elə bu 15-ci daşı axtarır. Bəzən mənəviyyatsız məmurlar ordusunun içində vicdanlı birisini axtarırsan və inanırsan ki, o mütləq var. Olmaya bilməz! Düzdü, bu müşahidələri və axtarışları etdikcə meymunu insana çevirən təkamülü gözlərinlə görüb Darvinə haqq qazandırmaq istəyirsən. Bu alınmır. Hər dəfə daşürəkli həkimlərə rast gələndə mərhəmət və şəfqət hissinin olmadığını düşünsəydik çoxdan ayaqlarımızı cütləyib qəbrə uzanardıq. Yaxşı insanlar da var, işıqlı şəxsiyyətlər də, yerlə göyü birləşdirənlər də. Sadəcə biz lazımi pozisiyanı tutub bucağı tapa bilmirik. Yerin anlaşılmaz sirrləri olduğu qədər insanın da görünməyən tərəfləri var. Əldən getmiş torpaqlara qaçqın, köçkün, yazıq, boynubükük bucağından nə qədər baxsaq 15-ci daşı görə bilməyəcəyik. Çox istəsən acından günorta duran müəllimlərin içində valideynin əlinə baxmayanını da tapa bilərsən. Yolda dayanıb maşını yalnız qaydaları pozanda saxlayan yol polsi də olmamış olmaz. Kütləvi debilizm uşaqlarımızı ağzına alan zaman İnternetdə porno və tanışdıq saytları yox, sənədli filmlər axtaran yeniyetmələr də tapılar. «Bütün sualların cavabı var» mövqeyindən imtina etsək şəhərin çirkabı içində onun böyüyüb meqapolis olacağı günü, ölkəmizin ölkələr içində fərqlənəcəyi günü da görərik. Dünya qloballaşıb simasızlaşanadək azərbaycanlıların da ölməkdə olan 5-ci sivilizasiaya nəsə verə biləcəyini arzulamaq yox, görmək lazımdı.
… əslində bu köşə Vətən barədə deyildi, ümid barədə idi…

 


 


Seçilmiş
Bir etüd və üç nöqtə…
Özümə məktub
On beşinci daş
Röya
Məyusluq bayramı
Böyük səhər sindromu
Çay buxarı ilə meditasiya
Çəhrayı duman
Bir çimdik qırmızı
Qəribə adamlar
Vətənə daş, yoxsa başına daş
Ermənilərə minnətdarlıq
Fakir, foxsa fağır?
İlmələr və qarmaqlar
«Cherchez la femme»
Sevgi naminə
Azadlıq simfoniyası
Palçığa bulaşmış libido
Tənha doğulmuşlar
Utanıram
Susuz balıq
Yaxşı qızlar cənnətə düşür?
Həmişə yubanan sonra
«Keep smiling»
Döyə-döyə
Qurama dünya
«Das Ist Fantastisch!!!»
Milli striptiz
Tutti
Sevgi adlı boyat nağıl
Cəmi bir kadr…
Çağdaş folklor necə yaranır
Zümzümə
Ağ kağız, yoxsa bahalı kətan?
Qum saatı
Kişi üslubunda köşə
İntəhasız meymunlar teoremi
Özüm...
Yuxu dəyərində kopyalar
Ad günü
Güllü günlər
Arvadbazlardan kömək
Şantrapa
Küçələrə su səpmişəm
Darıxmağın min bir rəngi
Danışmaq, yoxsa çərənləmək?!
Qranj
Çeynənmiş ikebana
Bütün yaxşılıqlara ölüm!
Sadizm
Rəqs dərsi
Qəlbi şikəstlərə sədəqə vermirlər
İmpression baxış
Nü...
Etiraf
Peyzaja sıçrayış
Siz deyən olsaydı…
Zorlanmış şəhər
Çılpaq qadın silahdan da güclüdü
Kərtənkələlər
Mənim «mən»im
Nənələr və nəvələr
Qaçan qurbağaların nağılı
Günəşi öldürənlər
Qadın qəddarlığı
Boz şəhərin boz adamları
Səninçün
Şükranlıq
Qanla yuyulan günahlar
İrəli, meymuna doğru!
Qurama üslubunda məntiqsiz köşə
Ağ və Qara
Açar dəliyindən görünənlər
Xoşbaxlığ…, xoşbaxlığ .., yenə də xoşbaxlığ…
Plaqiat, oğurluq, yoxsa abırsızlıq?