Ekspromt
Kütbeyin, əzilən və ayağı sürüşkən qardan qalan təssürat...
Qara bax,
qara
Gör necə yağır
Çıxsan bayıra
Məni də çağır
Məktəbdə bizi inşa yazmağı öyrədəndə epiqrafın yerində seçilməsi barədə
xüsusi moizə oxumuşdular. Bayırda qar yağırsa, kolleqalar demiş mövzu
göydən tökülürsə, sən də isti evində oturub buna tamaşa eləyirsənsə
mənim seçdiyim şer parçası lap elə yerindədi, məncə. Bu şeri hamı biləndə
nolar. Rus kolleqalarım belə situasiyada Puşkindən, Lermontovdan sitat
gətirib intellekti ilə fors eləyərdi də. Şairlərimiz sevgidən yazandısa,
uzağı dərdi-qəmi və padşahları məth eləyirsə burda mənim nə gunahım?
Mən ki, qardan yazmağa çalışıram...
Əlqərəz, Bakıya qar yağıb! Uşaqların diliylə bir Ur-ra-a!!!!! Amma bu
qardan gözüm su içmir. Bu qar xarici qardı. Dükan-bazarda satılanlar
kimi gətirilmədi, bizimki deyil. O qədər dedilər ki, şərqdən nə bilim
nə küləyi əsəcək, qərbdən filan siklon gələcək, şimalldan buludlar bizə
tərəf irəliləyək. Budu da, hamısı gəldi! İndi biz bu xarici qarla necə
dil tapaq, bilmirəm? Eyb olmasın, üzü üzlər görüb, el aləmi gəzib sonra
bizə gəlib. Allahın Çinində dekabrın 10-da yağmışdı. Gör ha, çinlilər
qədər «vesimiz» olmadı ki?! «9 iqlim qurşağı», «Avropa və Asiyanın qovşağı»,
«suveren dövlət» və s – gör heç qarın vecinədi?
Yaxşı, gəlmisən, neynək. Görüm bizə nə gətirmisən, a qar? Uzaqbaşı fırlana-fırlana
gözümüzü qamaşdırıb başımıza dolanacaqsan. Bu da çox az çəkəcək. Sonra
elə bilirsən yerə düşməyəcəksən? Ey-hey!? Birnici qar kütbeyin, qanmaz
qar olur. Ayaqlarımıza düşür, biz də «hurrey» deyib sevinirik. Sonra
ayağımızın altını qazıyıb elə günə qoyur ki, öz ayağın da sözünə baxmır.
Bəlkə travmotoloqlarla müqaviləsi var, bu qarın?
Hələ ki, yağırsa, deməli hələ ki, dəyərindədi. Qiyməti də yuxarıdı.
Ona baxıb ibrət götürən palçıq da özünü tox tutub. Vacib görkəm alıb
və donub. Görək kim üstələyəcək, qar ya palçıq? Yağanda nədənsə dəyərdən
düşməkdən qorxmur bu qar! Hə, onu deyirdim axı, çəkisi bir-iki milliqramlıq
qar fırlanıb yerə düşəndə «qardan qiymətli nə var?» kimi düşüncələrin
əsiri olursan. Oysa buna baxmadan yenə də yağır, yağır,tələsərək, itələşərək
düşür, düşür... Qiymətlər bir ibrət alsaydı bundan...
Alimlər deyir ki, torpağa qar yatanda o ağırlaşır, yəni çəkisi artır.
Bakılılar demiş «ağır ceyil» olur. Düzdü, qar əzilənlərdəndi. Amma o
da tapdanmaq istəmir, ayaq altda şaqqıldayır, sınıb inciyir, zarıyır,
əriyəndən sonra şappıldayaraq ayaq altda donquldanır. İndi bilmirəm
bu qarda izimiz qalacaqmı, ya yox?
Qar sürüşkəndi. Çox yağdığı torpaqlarda adamların da ayağı tez-tez sürüşür.
Məsələn Rusiyada qar yerdə qalan kimi camaat xizəyə minir. Bizim addımbaaddım
tövşüyərək getdiyimiz yolu bizdən 10 dəfə tez şütüyürlər. Uuu-op, bir
də gördün ki, birincilərdənsən. Bir dənə də addım, sovet rejimindən
qurtulub sivil dövlət oldun. Bax buna deyərəm sürüşgənlik! Biz elə deyilik
axı, ayağımız sürüşməz! Eşitmişəm Sibirdə 30 santimetr diametri olan
qar dənələri yağır. Bir dənəsi başına düşdü, elə bilirsən papaqdasan.
Onun 10 santimetrliyi Moskvaya yağır. Oralarda qarın dalında şaxta dayanıb.
Heç arxasız qarın da olmasın. Bizə çatanda palçığa niyə dönürsən, a
qar. İstəmirdin bizi çağıranmı oldu, gəldin. Onlara pəncərəsində naxışlı
qar, bizəsə sulu qar? Bu təmiz haqsızlıqdı, vallah... Yakutiyaya yağdığın
təhər «almaz tozunu» bura səpsən nə olar? Arvadların gözü doyar, bəlkə?
Çiynimdə daşıdığım, çoxlu qar gördüyüm illər haqqı, bizi yenə atacaq
bu qar. Üstəlik, pis çıxmasın, bizə zə atacaq bu qar! Qara arxayın olmayın,
dəyişkəndi, vəfasızdı. Bax,Lənkəranda qardan çay dəmləyib, içib zəhərləniblər.
Bir qar ki, çaya da yaramadı, ondan nə gözləyəsən? Ola bilər quş qripini
öldürmək adıynan quşların hamısını qırdı. Kimdi qarı qınayan. Sanepidemstansiyanın
işi bir az azalar. Quşları qırmaqdan yuxuları «ujas»a dönmüşdü.
Evdə oturanda qardan yazmaq asandı. Qınamayın, amma qarın yağmasında
nəsə erotik məqam da var, bir qədər izahedilməz. Torpaq ki, qar yorğanını
üstünə çəkdi altındakılarını bəni adəm bilməz, ancaq duyar. Odur ki,
oğlanlar, bir az ürəkli olun. Qarı, buzun sürüşkənliyini bəhanə eləyib
qızların əlindən tutun. Qorxmayın, qızlar hamısı qardan qorxan olur...